Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2024 18:53

Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur

Respublikamızın bugünkü inkişaf yolunun əsas  istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf, ilk növbədə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Ulu Öndər bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq, bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir.
Bu gün keçmişə nəzər salanda Ulu Öndər Heydər Əliyevin hələ respublikamız keçmiş Sovet İttifaqının tərkibində olduğu zaman Azərbaycan üçün gördüyü işləri qiymətləndirib, əvəzolunmaz şəxsiyyətin ruhu qarşısında baş əyməyə bilmirsən. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi 13 ildən artıq dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olur. Adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirir.
Dahi rəhbər Heydər Əliyev çox gözəl bilirdi ki, respublikanın inkişafı, ilk növbədə, onun iqtisadi qüdrətini artıran enerji təminatının yaxşılaşdırılmasından, sənaye potensialının yaradılmasından, elm və mədəniyyətinin, ən başlıcası, insan potensialının inkişaf etdirilməsindən asılıdır. Keçmiş ittifaq rəhbərliyinin yaratdığı maneələrə baxmayaraq, o, iradəsindən dönmür, bütün vasitələrlə bu maneələri aradan qaldırmağa çalışır və bunu bacarırdı. Hazırda Azərbaycanın inkişaf konsepsiyası ətrafında gedən müzakirələr, bu konsepsiyada müəyyən olunacaq əsas hədəflər də Heydər Əliyev ideyalarından güc alır. Ulu Öndərin dövlət başçısı İlham Əliyev tərəfindən müasir reallıqlara söykənməklə daha da zənginləşdirilən ideyaları, onun strategiyası, arzuları artıq həqiqətə çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin enerji siyasəti Heydər Əliyevin neft strategiyası əsasında qurulmuşdur və bu strategiya dünyanın müasir tələblərinə uyğunlaşdırılmış, zənginləşdirilmişdir.
Azərbaycan xalqının Ümummilli Liderinin ölməz ideyaları təkcə enerji siyasətimiz deyil, bütövlükdə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır. Vaxtilə onun cəsarət və uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın bugünkü inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi.
Dahi rəhbər Azərbaycanın 1993-cü ildən sonra əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, bu dövrdə cəmiyyətdə aparılmış islahatların məqsədini və mahiyyətini belə izah edirdi: "Bizim əsas məqsədimiz ondan ibarət olubdur ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirək və inkişaf etdirək. Biz bunu etmişik və artıq Azərbaycanda dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir".
Ulu Öndər onu da çox gözəl bilirdi ki, yeni Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, keçmiş sosializm sistemi münasibətlərinin yeni münasibətlərlə əvəz edilməsi, müasir dünyanın tələbləri ilə ayaqlaşa bilən bir dövlətin qurulması  bütün sahələrdə dərin islahatların aparılmasından, insanların şüurunu tədricən dəyişməkdən asılıdır. Odur ki, ölkənin müharibə şəraitində olmasına baxmayaraq, qətiyyətlə həmin islahatların konsepsiyasını hazırlayıb ardıcıl həyata keçirirdi. Onların müsbət nəticələri barədə isə xalq qarşısında belə hesabat verirdi: "Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda yeni bir sistem yaranıbdır. Dünya standartlarına yaxınlaşan, dünya standartlarına çatmağa çalışan hüquqi, demokratik, dünyəvi dövlət yaranıbdır. Budur, bizim nailiyyətimiz... Bu, bütün sahələrdə özünü göstərir. Bizim Konstitusiyamız, qəbul etdiyimiz qanunlar, onların icrası, cəmiyyətə bütün sahələrdə verilən azadlıq, sərbəstlik - bunlar hamısı bizim dövlətçilik anlayışımızın tərkib hissələridir".
Heydər Əliyev fenomeninin əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o, başladığı işlərin nəticəsini əvvəlcədən görür və hesablaya bilirdi. Buna görə də cəsarətlə elan edirdi ki, Azərbaycan müstəqilliyini elan edəndən sonra bəyan etdiyi demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat, dünya birliyinə, dünya iqtisadiyyatına inteqrasiya prinsiplərini həyata keçirməyə başlamış, həm də böyük nailiyyətlər əldə etmişdir və elə yola çıxmışdır ki, artıq bundan sonra daha da sürətlə irəliləyəcəkdir.
Ulu Öndər iqtisadi məsələlərin mahiyyətini çox gözəl bilirdi, bu sahədə dünya təcrübəsinin Azərbaycanda tətbiqinə böyük əhəmiyyət verirdi. Məhz onun səyləri və rəhbərliyi altında hazırlanmış dövlət əmlakının birinci və ikinci özəlləşdirmə proqramları əsasında respublikada yeni iqtisadi münasibətlərin əsası qoyulur, özəl sektor yaradılır. Ölkəmizə böyük xarici sərmayələr cəlb edilir, sahibkarlıq üçün geniş imkanlar açılır, sovet dövründən fəaliyyət göstərmiş fabrik və zavodlar yenidən qurulur, təyinatı dəyişdirilir, dünya bazarına çıxarıla biləcək məhsulların istehsalına yönəldilmək üçün yerli və xarici sahibkarlara verilirdi. Bununla yeni sənaye sahələri yaradılmaqla bərabər, yeni iş yerlərinin açılmasına da başlanılır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev inanır və bəyan edirdi ki, Azərbaycan bu sahədə düzgün yoldadır: "Azərbaycan iqtisadi islahatların keçirilməsi sahəsində doğru yoldadır. Çox böyük nailiyyətlər əldə edibdir. Biz bu yolu bəyənmişik, bu yolla gedirik və gedəcəyik".
Uzaqgörən siyasətçi kimi özünü hələ sovet dövründə təsdiq etmiş Ulu Öndər Heydər Əliyev yeni dövrün, yeni tarixi şəraitin xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycanın inkişaf yolundan danışarkən deyirdi: "Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır: bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə, inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var".
Dahi rəhbər Heydər Əliyev Azərbaycan  cəmiyyətini saflaşdırmış, gələcək nəsillər üçün dünyəvi dəyərlərə əsaslanan milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoyub. Vaxtilə gənclərlə keçirdiyi görüşlərdə dəfələrlə qeyd edirdi: "Bizim gələcəyimiz gənclərdir... Biz bugünkü gənclərə çox yüksək amallara, mənəvi keyfiyyətlərə, yüksək iqtisadi potensiala malik olan dövlət, ölkə əmanət edəcəyik".
Əbədiyaşar Liderimiz bilirdi ki, Azərbaycanın bir dövlət kimi daim var olması, müstəqilliyini qoruyub saxlaması, regionda mövcud olan gərgin siyasi şəraitdə ona dünyanın böyük gücləri tərəfindən göstərilən təzyiqlərə davam gətirməsi, ölkənin zəngin təbii sərvətlərinin qorunması və bu sərvətlərdən Azərbaycan xalqının rifahı naminə istifadə edilməsi üçün güclü və demokratik dövlət, bu dövlətin möhkəm hüquqi bazası, dinamik inkişafına təkan verən iqtisadi sistemi və balanslaşdırılmış beynəlxalq siyasəti olmalıdır. Buna görə də öz çıxışlarında dönə-dönə qeyd edirdi: "...bu gün Azərbaycana güclü dövlətçilik lazımdır. Əgər Azərbaycanda güclü dövlətçilik olmasa, ölkəmizin həm içindən, həm də kənarından Azərbaycanı dağıdacaqlar. Bunu bilməlisiniz".
Dünyada və regionda mövcud olan geosiyasi vəziyyəti dərindən təhlil edən Ulu Öndər Azərbaycanın bütün dövlətlərlə, o cümlədən yaxın qonşuları ilə sıx əlaqələrini yarada bilir, onun iqtisadi və siyasi maraqlarını qoruyaraq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə nail olur, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına, enerji daşıyıcılarının alternativ ixrac istiqamətlərinin əldə olunmasına yol açır. Hələ 2000-ci ildə bu kəmərin tikintisinə şübhə ilə yanaşanlar olsa da, Azərbaycanın iqtisadi inkişafında yeni bir mərhələnin başlanğıcına təkan verir və çox böyük siyasi maneələr dəf edilməklə, eyni zamanda, böyük zəhmətlə başa gəlmiş bu kəmər haqqında fəxrlə deyirdi: "Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri var, olacaq və yaşayacaqdır. Bu, elə bir neft kəməridir ki, yüz il, bəlkə də ondan da çox yaşayacaqdır". Doğrudan da, 2006-cı ildə bu kəmər işə başladı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsində müstəsna rol oynayır. Bunlar hamısı son nəticədə ölkənin iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, onun tərəqqisinə, inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə şərait yaratmışdır. Heydər Əliyev bu layihələrin həyata keçirilməsində böyük səbir və təmkinlə, eyni zamanda, heyrətamiz iradə və qətiyyətlə hərəkət edirdi.
Böyük iqtisadi layihələrin gerçəkləşdirilməsi Azərbaycan üçün taleyüklü sahə olan ordu quruculuğunda da əsaslı keyfiyyət dəyişikliklərinə gətirib çıxardı. Ölkəmizdə ordu quruculuğu prosesinin başlanması məhz Ulu Öndərin adı ilə bağlıdır. Hələ sovet dövründə Azərbaycanın rəhbəri uzaqgörənliklə ölkəmizdə gənclərin hərbi təhsilə və xidmətə yönləndirilməsi üçün qətiyyətli addımlar atmışdı.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyi haqlı olaraq Heydər Əliyev məktəbi adlandırırlar. Bu ibtidai hərbi təhsil ocağının yaradılması da Ulu Öndərin adı ilə bağlıdır. Sovetlər dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev azərbaycanlı gənclərin hərbi xidmətə marağının artırılması və onların ordu sıralarında ölkəmizi layiqincə təmsil etməsi üçün böyük cəsarət və zəhmət bahasına 1971-ci ildə bu məktəbin paytaxtımızda yaradılmasına nail oldu. İndi Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti məhz bu məktəbin yetirmələridir. Hərbi liseyi bitirmiş məzunlar arasında bu gün neçə-neçə general, yüksək rütbəli zabit var və onlar dövlətimizin müdafiə qüdrətinə öz layiqli töhfələrini verirlər.
Ölkəmizin ərazi bütövlüyünün təminatçısı olan Azərbaycan Ordusunun silahlanmasına ən müasir silah  və texnika daxil edilib, edilməkdədir. Ordumuz yüksək intizama və döyüş hazırlığına nail olmuş qüdrətli güc strukturudur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu beynəlxalq reytinq təşkilatları tərəfindən ən güclü ordular sırasına aid edilir.
Azərbaycan Ordusu hazırda silah-sursatla təchizatı və döyüş qabiliyyəti baxımından Cənubi Qafqazın ən güclü ordusudur.
Ulu Öndərin formalaşdırdığı və möhkəm zəmin üzərində yaratdığı Azərbaycan Ordusu nəyə qadir olduğunu işğalçı Ermənistanın silahlı birləşmələrinə qarşı döyüşlərdə nümayiş etdirdi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni ağır məğlubiyyətə uğradaraq, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bütün işğal altında olmuş ərazilərimiz Ermənistanın hərbi birləşmələrindən təmizləndi.
30 ilə yaxın müddətdə danışıqlar yolu ilə həlli tapılmayan Qarabağın işğaldan azad olunması məsələsi hərbi yolla həll edildikdən sonra Azərbaycan bu gün inkişaf və tərəqqi yolunda inamla addımlayır. Bu inkişaf və tərəqqi yolu Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə yenidən qayıdışından sonra başlayır və dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.
Keçdiyimiz tarixi dövr sübut edir ki, Ulu Öndər Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir. Vaxtilə dünyaşöhrətli əvəzolunmaz lider Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"