Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 May 2024 12:20

O da Zəfər ovqatı ilə xidmət edir

Gizir Elşən Həsənli on beş ilə yaxındır ordu sıralarında xidmət edir. Torpaqlarımızın düşmən işğalında olması onun da peşə seçimində istiqamətləndirici amil olub. Hələ kiçik yaşlarından torpaqlarımızın işğal edildiyini dərk edəndə hərbçi olmağı qərara alıb. Bir vətəndaş kimi bu işğal onun da heysiyyətini silkələyib, o da torpaqlarımızı işğaldan azad etmək üçün xidmət etməyi qərara alıb, hərbi peşəni bütün peşələrdən ən dəyərlisi bilib, bu peşəyə sevgi bəsləyib.
Müddətli həqiqi hərbi xidmətini cəbhə bölgəsində keçirib. Döyüş növbətçiliyi aparanda səngərdən, səngərin sipərindən irəlidəki əraziləri müşahidə edəndə, erməni silahlı birləşmələrinin nəzarəti altında qalmış həmin ərazilərə getməyin həsrətini o da çəkib. Bu həsrət onun ordu sıralarından tərxis olunduqdan sonra yenidən gizir kimi xidmətə qayıdışına vəsilə olub, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedəcək döyüşlərdə iştirak etmək istəyib.
Gizir Elşən Həsənli Sabirabad rayonunun Mürsəlli kəndində anadan olub. İkinci Qarabağ müharibəsində poçt-rabitə xidməti vasitəsilə Ali Baş Komandanın, müdafiə nazirinin əmrlərini döyüş zonasında fəaliyyət göstərən hərbi məntəqələrə vaxtında çatdırmaqla döyüşlərin qələbə ilə nəticələnməsində iştirakçı olub, verilən tapşırığı həmişə vaxtında icra etməyə çalışıb, ən qaynar nöqtələrə ləngimədən gedib çıxıb.
Elşən Həsənli poçt-rabitə qovşağının fəaliyyətində operativliyin əhəmiyyətli olduğunu dedi və bildirdi ki, müharibədə olduğu kimi, müharibədən sonra da operativ fəaliyyət göstərilməlidir. İşğaldan azad olunmuş ərazilərə poçt xidmətlərini təhlükəsiz çatdırdığını deyən gizir Elşən Həsənli əlavə etdi ki, müharibə getmiş torpaqlarımızda hələ də təhlükəli ərazilər mövcuddur.
Hərbi qulluqçularımız düşmən tapdağından azad edilmiş ərazilərdə qətiyyətlə xidmət edirlər. Gizir Elşən Həsənli də hərbi xidmətə başlayanda ən böyük arzusu idi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasında iştirak etsin. O bu gün döyüşdəki xidmətlərdən və ordumuzun Zəfərindən qürur duyur.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"