Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 May 2024 12:20

Milli Qəhrəman Rafael Həbibovun xatirəsinə həsr olunan tədbir keçirildi

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şəhidlərin, Milli Qəhrəmanların xatirəsinə həsr olunan tədbirlərin və anım mərasimlərinin keçirilməsi ənənə halını alıb.
Şirvan şəhər İcra Hakimiyyətinin, şəhər təhsil sektorunun birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Rafael Şərafət oğlu Həbibovun xatirəsinə həsr olunan tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, Vətən müharibəsi iştirakçıları, məktəblilər, Milli Qəhrəmanın döyüş yoldaşları və yaxınları iştirak etdilər.
Ulu Öndər Heydər Əliyevin və Vətənimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Rafael Həbibovun həyatı və döyüş yolu haqqında ətraflı məlumat verildi. Bildirildi ki, o, 20 aprel 1964-cü ildə Şirvan şəhərində anadan olub. 14 saylı tam orta məktəbi bitirdikdən sonra sabiq sovet ordusu sıralarında hərbi xidmətdə olub. Sonra gizirlər məktəbində təhsil alıb və hərbi xidmətini davam etdirib. 1986-cı ildə Əfqanıstanda xidmət etdiyi müddətdə bir sıra medallara və fəxri fərmanlara layiq görülüb. 1988-ci ildə Vətənə qayıdıb. O vaxtlarda Qarabağda və ətraf ərazilərdə düşmən təxribatlar törədirdi, Qarabağı Ermənistanla birləşdirmək istəyirdi.
1992-ci ildə Azərbaycan Ordusu yarananda Rafael Həbibov ordunun ilk zabitlərindən oldu. 1992-ci il mayın 23-də "leytenant" rütbəsində döyüş bölgəsinə göndərildi. O, Təzəkənd, Zod, Alaqaya, Ağdaban, Çərəktar kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak etdi. Şəxsi heyəti ilə birlikdə düşmənin bir döyüş maşınını o məhv etmişdi. Yaralansa da, döyüşdən çıxmamışdı. Növbəti döyüşdə qəhrəmancasına şəhid oldu. Onun xidməti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. 1994-cü ildə Rafael Şərafət oğlu Həbibova "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verildi. Təhsil aldığı məktəb onun adını daşıyır.
Məktəbin direktoru Arzu İbrahimov bildirdi ki, XX yüzilliyin sonlarında ölkəmiz yenidən - bir əsrdə ikinci dəfə azadlığına, müstəqilliyinə qovuşdu. Ancaq ölkəmizdə yaranmış böhranlı vəziyyət müstəqilliyimizin itirilməsi təhlükəsini yaratmışdı. Ölkəmizə qarşı Ermənistan elan etmədən müharibəyə başlamışdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn böyük tarixi şəxsiyyət Heydər Əliyev dövlətimizi fəlakətdən xilas etdi.
Xalqın böyük dəstəyi ilə Prezident seçilən İlham Əliyev Ulu Öndərin böyük quruculuq yolunu uğurla davam etdirdi, Azərbaycan daha böyük uğurlar qazandı. Vətən müharibəsi xalqımızın, ordumuzun qüdrəti və Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Zəfərlə başa çatdı.
Şəhidlərin, Milli qəhrəmanların xatirəsini xalqımız heç vaxt unutmayacaq. Bu gün ölkəmiz iqtisadi-siyasi-hərbi cəhətdən qüdrətini daha da artırır. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir.
Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşı Elvin Babayev ölkəmizdə həyata keçirilən və vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən fəaliyyətdən danışaraq bildirdi ki, şəhid ailələri dövlətin yüksək qayğısı ilə əhatə olunub. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub,  bu gün Müzəffər Ali Baş Komandan tərəfindən geniş miqyasda davam etdirilir.
Məktəbin müəllimi Aslan Səfərov, Milli Qəhrəmanın qardaşı Vaqif Həbibov və başqaları çıxış edərək Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlandığını qürur hissi ilə bildirdilər. Onlar ölkəmizdə həyata keçirilən quruculuq işlərinin daha geniş vüsət aldığını və soydaşlarımızın doğma yurdlarına qayıtmaları üçün quruculuq işlərindən söz açdılar. Şəhidlərmizin xalqımızın qəlbində daim yaşayacağını, xidmətlərinin unudulmayacağını bildirdilər.
"Əsgərə məktub" layihəsi çərçivəsində işğaldan azad edilən ərazilərdə xidmət edən əsgərlərə məktəb kollektivi tərəfindən məktublar ünvanlandı. Vətən qarşısında müqəddəs borclarını fədakarlıqla yerinə yetirən əsgərlərin "Xidmətdə bir gün"ü haqqında videoçarx nümayiş etdirildi. Xidmətdə olan əsgərlərin ictimaiyyət nümayəndələrinə yazdıqları "Əsgər məktub"ları səsləndirildi. Məktəblilərə hərbi təhsil haqqında maarifləndirici bukletlər təqdim olundu.
Sonra şagirdlər qəhrəmana həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Tədbirin sonunda Milli Qəhrəmanın şəhər qəbiristanlığındakı məzarı, şəhərin mərkəzində ucaldılmış abidəsi ziyarət olundu və məzarı üstünə gül dəstələri düzüldü.

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"