Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 May 2024 12:20

Qələbə tarixi nailiyyətimizdir

Vətənə, xalqa xidməti həyatının məramı, məqsədi bilənlər taleyini ordu həyatı ilə bağlayan müqəddəs peşə sahibləridir. Tarix boyu belə olub, belə də olacaq. Böyük tarixi şəxsiyyət Heydər Əliyev uzaqgörənliklə demişdi: "Gənclər, ilk növbədə, vətənpərvərlik ruhunda tərbiyə almalı, Vətənə xidmətə, onun müdafiəsinə həmişə hazır olmalıdır. Bu, həm də onların vətəndaşlıq borcu, vəzifəsidir". Vətən müharibəsi göstərdi ki, Ulu Öndərin kəlamlarını və fikirlərini özlərinə bələdçi bilən gənclər müqəddəs borclarını şərəflə yerinə yetirdilər. "N" hərbi hissəsində xidmət edən kiçik çavuş Hüseyn Həsənov da belə gənclərimizdəndir.
Hüseyn Tovuz rayonunun Xatınlı kəndindəndir. Bu kəndin mərd, mübariz oğulları Vətən torpaqlarının müdafiəsində həmişə rəşadət göstəriblər. Hüseyn Birinci Qarabağ müharibəsi şəhidi Firuddin Qasımovun adını daşıyan məktəbdə təhsil alıb. Hərbi sahəyə həmişə maraq göstərib. İbtidai hərbi hazırlıq dərslərində hərbi həyatın ilkin qaydalarına həvəslə yiyələnib. Hərbə aid kitablara, hərb tariximizə həmişə marağı olub. Vətən müharibəsinin qəhrəmanları haqqında da geniş məlumatı var. Gələcəkdə onlar kimi Vətənə xidmət edəcəyini qətiləşdirib. Əsgəri xidmətini yerinə yetirib. Komandanlıq tərəfindən ailəsinə təşəkkür məktubu ünvanlanıb. Məktubda Hüseyn nümunəvi, məsuliyyətli əsgər kimi xarakterizə olunub. Hərbi xidmətini başa vuran Hüseyn valideynlərinə xidmətini davam etdirmək istəyini bildirib. Valideynləri ona xeyir-dua veriblər. O, müvafiq sənədlərini hazırlayaraq "N" hərbi hissəsinə müraciət edib. Onu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kursa daxil ediblər. Kursu müvəffəqiyyətlə bitirərək hərbi xidmətə başlayıb. Təlimlərdə də, çöl məşğələlərində də fərqlənib. Şərti düşmənin hədəflərini dəqiqliklə məhv edib.
Hüseynin ən böyük amalı, istəyi Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak etmək idi.
2020-ci il sentyabrın 27-də düşmən ərazilərimizə hücum etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə  əks-hücum əməliyyatı başladı. Bu, Vətən müharibəsi oldu. Qısa müddət ərzində Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vurdu. Döyüşlərin ilk günündən Hüseynin xidmət etdiyi hərbi hissə Murovdağı istiqamətində döyüşlərə cəlb olundu. O, qumbaraatan silahı ilə düşmənin xeyli silah və texnikasının məhv edilməsində xüsusi fəallıq göstərdi. Onlar Füzuli, Cəbrayıl bölgəsinə göndərildilər, Qubadlının, Xocavəndin erməni işğalçılarından azad olunmasında da iştirak etdilər. Bu döyüşlərdə Hüseyn qəlpə yarası aldı. Qısa müddətdən sonra yenidən döyüşlərə qayıtdı.
Göstərdiyi igidliklərə görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Hüseyn Yaqub oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Söhbət zamanı Hüseyn qardaşı Vüsalın da Vətən müharibəsi iştirakçısı olduğunu dedi. Vüsal da taleyini ordu həyatı ilə bağlayıb. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi "N" hərbi hissəsində xidmət edir. O da Vətən müharibəsinin iştirakçısıdır,  "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.
Qardaşlar nümunəvi xidməti ilə Vətənin müqəddəsliyinin keşiyindədirlər...

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"