Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu baxımdan respublikamızda müxtəlif təyinatlı, müxtəlif miqyaslı tədbirlər həyata keçirilir. Ağacəkmə aksiyası da belə tədbirlərdəndir.
Yaxın vaxtlarda yaradılmış Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivi də belə tədbirlərdə fəal iştirak edir. Təşkilat Ulu Öndər Heydər Əliyevin xatirəsinə ağacəkmə aksiyasında da öncüllər sırasında oldu.
Aksiyadan əvvəl arxivin rəisi mayor Ruhin Tağıyev əməkdaşlara böyük tarixi şəxsiyyət haqqında gərəkli məlumatlar verdi, onun Azərbaycan naminə gördüyü böyük işləri fədakarlıq adlandırdı, azərbaycançılığa istinadən yaşadılan ideoloji xətt Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin bəşəri əsaslarla formalaşmasında əhəmiyyətli oldu. Böyük tarixi şəxsiyyətin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - kəlamı Azərbaycan gənclərinin milli-mənəvi dəyərlər əsasında formalaşmasında ideoloji, mənəvi stimul oldu. Bugünkü aksiya da Ulu Öndərin ruhuna ehtiramın təzahürüdür...
Mayor Ruhin Tağıyev onu da qeyd etdi ki, Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifələrini icra edən polkovnik Vüqar Mürsəlovun təşəbbüsü ilə gerçəkləşən bu tədbir sağlamlıq ocağının təbiətin bir hissəsi kimi qorunmasında əhəmiyyətli olacaq. Bu ehtiram dövlətə, dövlətçiliyə ehtiramdır. Ulu Öndər insanları, insanlığı sevirdi, bu sevgi öz təsirini təbiətə sevgidə də göstərirdi. Memarı Ulu Öndər olan müasir Azərbaycanın dövlətçiliyi məhz bu sevgi əsasında möhkəmləndirilir...
Məlum oldu ki, aksiya üçün Cənub bölgəsindən 40 ədəd şam şitili gətirilib. Məxsusi ayrılmış ərazidə basdırılacaq şitillər yaxın gələcəkdə gözəl bir yaşıllıq zolağına çevriləcək.
Tədbirdə iştirak edənlər bu ağaclara gələcəkdə məxsusi qulluq edəcəklərini bildirdilər, bu gün basdırdıqları ağaclara torpaqda möhkəmlənənə kimi bağbanla birlikdə qayğı göstərəcəklərini dedilər. "Onları quraqdan da qoruyacağıq, küləkdən də. Hərə öz əkdiyi ağaca daha həssaslıqla qulluq edəcək. İşə gələndə, iş saatlarından sonra bu ağaclara təması mənəvi borclarımızdan biri biləcəyik", - arxivin əməkdaşları belə dedilər. Ağacəkmə aksiyasında coşqu ilə iştirakı, iştirakdan sonra bu kəlmələri böyük tarixi şəxsiyyət Heydər Əliyevin xatirəsinə də, "Yaşıl dünya naminə əməkdaşlıq ili"nə də ehtiram, Vətənə sevgi bilirik...
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"