Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 2024 15:26

Milli Qəhrəmanın xatirəsi yad edildi

Ölkəmizin hər yerində olduğu kimi, Tovuz rayonunda da şəhidlərimizin xatirəsi həmişə əziz tutulur. Onların həyat və döyüş yolu hər kəsə örnəkdir. Belə qəhrəmanlardan biri də Qasım Qara oğlu Rzayevdir.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Qasım Rzayevin adını daşıyan Hacallı kənd tam orta məktəbində anım mərasimi keçirildi. Tədbirdə ictimaiyyətin nümayəndələri, müəllimlər və məktəblilər iştirak etdilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi böyük ehtiramla yad olundu. Dövlət Himni səsləndirildi.
Milli Qəhrəmanın Vətən qarşısında xidmətləri, döyüş yolu haqqında Şəhla Abduləliyeva danışdı. Bildirdi ki, Tovuzun igid, mərd oğulları Ermənistan tərəfindən elan olunmamış müharibə başlayandan düşmənə qarşı mətinliklə mübarizə aparıblar.
Azərbaycanın Milli Qəhrəmanı Qasım Rzayev 1970-ci il mayın 5-də Əlibəyli kəndində anadan olub. Yeniyetməlik çağlarından düşmənin törətdiyi təxribatları, hücumları görmüşdü. 1987-ci ildə orta məktəbi bitirərək peşə məktəbində təhsil alıb. Sonra keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra tərəddüd etmədən özünümüdafiə dəstəsinə yazılıb. Ordumuz yarananda isə Azərbaycan Ordusunun ilk əsgərlərindən olub. Sərhəd bölgəsində yerləşən Koxa-Nəbi, Muncuqlu, Ağdam, Əlibəyli, Hacallı kəndlərinin müdafiəsində iştirak edib. İdarə etdiyi maşınına minaatan qurğusu quraşdıraraq düşmən mövqelərinə dəfələrlə sarsıdıcı zərbələr vurub.
1992-ci ilin əvvəllərində erməni silahlı birləşmələri yenidən sərhəd kəndlərinə hücumlar edir, təxribatlar törədirdilər. Dinc əhali aramsız olaraq atəşə tutulurdu. Bu hücumlara Qasım və silahdaşları qətiyyətlə cavab verirdilər. Düşməni dəfələrlə itki verərərək geri çəkilməyə məcbur etmişdilər. 1993-cü il fevralın 11-də ermənilərin "Qan çanağı" adlanan əraziyə aramsız hücumları oldu. Hücumların qarşısı qətiyyətlə alındı. Düşmənin bir döyüş maşını, xeyli canlı qüvvəsi məhv edildi.
Mayın 14-də döyüşlər zamanı Qasım düşmən tərəfindən atılan mərmi qəlpəsinə tuş gələrək şəhid oldu. Onun xidmətləri 1993-cü ildə dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verildi.
Məktəbin direktoru Mehriban Rüstəmova çıxış edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin həyatında yeni dövrün başlandığını diqqətə çatdırdı: "Ulu Öndər xalqımız və Vətənimiz qarşısında xilaskarlıq missiyasını fədakarlıqla həyata keçirdi, ölkəmiz yeni quruculuq dövrünə qədəm qoydu. Dövlətçilik müasir dövrün tələbləri səviyyəsində möhkəmləndirilməyə başladı, ordumuz yaradıldı, formalaşdırıldı. XX əsrdə xalqımızın, dövlətimizin qazandığı tarixi qələbələrin təməli də Ulu Öndər tərəfindən qoyulmuşdu. Onun dövlətçilik yolu xalqımızın böyük dəstəyi ilə Müzəffər Ali Baş Komandan tərəfindən uğurla davam etdirilir. Şəhidlərin, eləcə də Milli qəhrəmanların ailələrinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komadanı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük diqqət və qayğı göstərilir", - deyə məktəbin direktoru bildirdi.
Milli Qəhrəmanın qardaşı Valeh Rzayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban  xanım Əliyevaya şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirdi.
Tədbirdə "Qalib Azərbaycan Ordusunun gənc əsgərinin bir günü" videoçarxı nümayiş etdirildi.  Şagirdlərin ifasında şeirlər və musiqi kompozisiyası səsləndirildi. Milli Qəhrəmana həsr olunmuş "Yurdu yaşatmaq üçün" filmi nümayiş etdirildi.
"Əsgərə məktub" layihəsi əsasında məktəblilər işğaldan azad olunmuş ərazilərdə xidmət edən əsgərlərə qürur dolu məktublar ünvanladılar. Sonra tədbir iştirakçıları qəhrəmanın məzarı üstünə gül dəstələri düzərək ona sonsuz ehtiramlarını bildirdilər.

 Mübariz MUSAYEV "Azərbaycan Ordusu"