Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 2024 15:24

Şəhidlərin xatirəsinə həsr olunan anım tədbirləri keçirildi

Adını daşıdığı və vaxtilə təhsil aldığı Suraxanı rayonu Əmircan qəsəbəsindəki 154 nömrəli tam orta məktəbdə ordumuzun ilk tank komandirlərindən biri, Azərbaycanın Milli Qəhrəmanı yəhudi əsilli  Albert Aqarunovun anadan olmasının 55 illiyinə həsr olunmuş anım tədbiri keçirildi.
Anım tədbirində Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyinin rəisi istefada olan polkovnik Əzizağa Qənizadə, Suraxanı rayon Yeni Azərbaycan Partiyasının sədri Vüqar Seyidov, Diasporla İş üzrə Dövlət Komitəsinin Amerika ölkələri, Britaniya və İsrail şöbəsinin müdiri Səlhət Abbasova, Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov, Milli Qəhrəmanın döyüş yoldaşları, qardaşı Rantik Aqarunov, şəhid ailələri, 154 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, respublikamızın bir qrup tanınmış incəsənət və mədəniyyət nümayəndəsi iştirak etdilər.
Tədbirlərdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Məktəbin direktoru Mahru Rəcəbova tədbiri açıq elan edərək, hər il aprelin 24-də Birinci Qarabağ müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününü qeyd etdiklərini dedi: "Məktəbimizin məzunu olmuş Albertin xatirəsinə guşə yaratmışıq. Onun fotoşəkillərindən, əşyalarından ibarət ekspozisiyanı   məktəblilər, gələn qonaqlar daim ziyarət edir, ziyarətçilərə erməni faşistlərinə qarşı göstərdiyi qəhrəmanlıqlarından məlumatlar çatdırılır. Şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Biz Albert kimi qəhrəman oğullarla fəxr edirik. Onlar canlarını Vətən, torpaq üçün qurban verdilər. Şəhidlərin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq".
Sonra Suraxanı rayon Yeni Azərbaycan Partiyasının sədri Vüqar Seyidov  çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəman, mərd oğullarımız düşmən işğalında qalmış tarixi torpaqlarımızı azad edib, şəhidlərimizin qisasını aldılar. Onların arzularını gerçəkləşdirib Vətənimizin ərazi bütövlüyünü təmin etdilər.
Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində böyük işlərin həyata keçirildiyini deyən partiya sədri  şəhid ailələrinə və müharibədə yaralananlara dövlət başçımızın yüksək diqqət və qayğısından danışdı. "Bu gün Azərbaycan xalqı dünyada qalib xalq olaraq tanınır. Çünki 30 ilə yaxın müddətdə erməni hərbi birləşmələrinin işğalında qalmış torpaqlarını qəhrəman oğullarının sayəsində azad etdi. İstər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində ölkəmizdə yaşayan digər xalqların nümayəndələri də mərdliklə döyüşdülər. Azərbaycan tolerant ölkədir. Xalqımız multikultural dəyərlərini hər zaman qoruyub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adı hər zaman şərəflə çəkilir, xatirəsi ehtiramla yad edilir".
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Səlhət Abbasovanın çıxışı ilə davam etdi. O, çıxışında gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasından bəhs etdi: "Azərbaycan gəncləri hər zaman vətənpərvərlikləri ilə seçiliblər. Könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanan və Şuşa uğrunda gedən ağır döyüşlərdə şəhid olan Albert Aqarunov da Vətəni Azərbaycanı çox sevirdi.  Azərbaycan torpağına bağlılığı onu bu döyüşlərə aparmışdı. Albert hətta müharibənin sonuna kimi döyüşəcəyini demişdi. Qəhrəmanlar unudulmur. Onlar xalqımızın qızıl fondudurlar".
Sinif yoldaşı Əziz Qarayusifli Albertlə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov ailəsi adından göstərilən diqqət və qayğıya, qardaşının adının daima uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və bütün Azərbaycan xalqına minnətdarlığını ifadə etdi.  
Tədbirdə respublikamızın tanınmış mədəniyyət və incəsənət nümayəndələri  Zəfər ruhlu, Qələbəyə həsr olunmuş mahnılar ifa etdilər. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər, musiqilər səsləndirdilər, ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.
Veteran Tankçılar İctimai Birliyi və Dağ Yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə Şəhidlər xiyabanında da əfsanəvi tankçı Albert Aqarunovun anadan olmasının 55 illiyinə həsr olunmuş anım mərasimi keçirildi. Mərasimdə Milli Qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri, Müdafiə Nazirliyi Hərb Tarixi Muzeyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etdilər. Şəhidlər xiyabanında cəsur tankçının məzarı ziyarət olundu, üzərinə tər qərənfillər düzüldü, ruhuna dualar oxundu. Sonra mərasim iştirakçıları Milli Qəhrəmanın abidəsini də  ziyarət etdilər.
Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, qəhrəmanın komandiri olmuş Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov canını Vətən torpağı uğrunda qurban verən Albertin yəhudi və Azərbaycan xalqlarının əsrlərdir ki, mehriban qonşuluq, dostluq və multikultural dəyərlərinin rəmzi olduğunu vurğuladılar.
Qəhrəmanın döyüş yoldaşları onunla bağlı xatirələrindən danışdılar.
* * *
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət  Mərkəzinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsində şəhadətə ucalmış cəsur kəşfiyyatçı, "Azərbaycan Bayrağı" ordenli baş çavuş Mehbalı Zeynalabdiyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.
Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və başqa qonaqlar iştirak etdilər.
Mərasimi açıq elan edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin zabiti baş leytenant Elçin Salmanov çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində  Azərbaycan Ordusu Böyük Zəfərin qazanılmasına nail oldu. "Məhz ordumuzun şəxsi heyətinin vətənpərvərliyi, yüksək döyüş hazırlığı və bacarığı sayəsində 30 ilə yaxın müddətdə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş tarixi torpaqlarımız azad olundu. Vətənimizin ərazi bütövlüyü, respublikamızın suverenliyi tam bərpa olundu. Bu gün işğaldan azad edilmiş tarixi yurd yerlərimizdə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Torpaqlarımız uğrunda canından keçmiş bütün şəhidlərimizin qisası alındı. Doğma yurd həsrətinə son qoyuldu. Artıq qədim yurd yerlərindən qaçqın düşmüş həmvətənlərimiz doğma torpaqlarına geri dönürlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların yarımçıq qalmış arzularını qəhrəman, igid Vətən oğulları gerçəkləşdirdi. Qədirbilən xalqımız şəhidlərimizin əziz xatirəsini daim yad edir, adlarını uca tutur".
Sonra "Azərbaycan Bayrağı" ordenli şəhid Mehbalı Zeynalabdiyevin şərəfli döyüş yolundan bəhs edən sənədli filmin nümayişi oldu. Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı o, Ağdam istiqamətində gedən ağır döyüşlərin cəsur, qəhrəman kəşfiyyatçılarından biri olmuşdur.
Döyüş yoldaşları şəhid Mehbalı Zeynalabdiyevin igidliyindən, vətənpərvərliyindən danışaraq, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.
Anım mərasimində çıxış edən şəhidin doğmaları - anası Zəhra Zeynalabdiyeva, qardaşı Əli Zeynalabdiyev onlara göstərilən yüksək diqqət və qayğıya, şəhidlərin adının daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri qəhrəmanlıq və vətənpərvərlik mövzusunda musiqilər, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş mahnılar ifa etdilər.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"