Ordumuzda keçirilən idman yarışları hərbi qulluqçulara zəruri keyfiyyətlər aşılayır. Belə yarışlardan biri də hərbiləşdirilmiş kros yarışıdır. Artıq neçə ildir ki, bu idman yarışı ordumuzda maraqla icra olunur. Hərbiləşdirilmiş kros idmançılardan cəldlik, dözümlülük, silahlardan məharətlə istifadə etmək bacarığını və sərrastlıq tələb edir. Ona görə də bu idman növü hərbçilərin peşəkarlıq səviyyəsinin artırılmasında mühüm rola malikdir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, aprelin 23-ü və 24-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbiləşdirilmiş kros üzrə ordu birinciliyi keçirildi.
Birinciliyə ordu üzrə 9 komanda olmaqla, ümumilikdə 27 hərbi qulluqçu qatılmışdı. Yarışın qaydalarına uyğun olaraq, hər komandadan təyin edilmiş idmançılar üç kilometr məsafəni qət etməli, atəş yerində hədəfə üç dəfə atəş açmalı idi. Bu mərhələni keçən idmançı növbəti mərhələdə üç qumbaranı hədəfə atmalı və qaçışı davam etdirərək finişə çatmalı idi.
İdmançı silahdan atəş açarkən hədəfi vurmadığı və ya qumbaranı 40 metrdən az məsafəyə atdığı halda, komandanın ümumi nəticəsindən cərimə balları çıxılırdı. Onların nəticələri həm fərdi hesabda, həm də komanda hesabında birinciliyi idarə edən hakimlər tərəfindən nəzərə alınırdı. Yarışda komanda hesabında ən yaxşı nəticə göstərmiş iki idmançının göstəricisi qeyd edilir və bu göstəricilərə uyğun olaraq komandaların xalları hesablanırdı.
Yarışın bağlanış mərasimində çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Teymur Nəzərov birinciliyin nəticələrini təhlil edərək yarışların ədalətli keçdiyini, ən bacarıqlıların qalib gəldiyini bildirdi: "Bütün idman yarışlarında olduğu kimi, budəfəki yarışda da hərbi qulluqçularımız həm fiziki hazırlıq, həm sərrastlıq, həm də əzmkarlıq baxımından nəyə qadir olduqlarını bir daha nümayiş etdirdilər. Birincilikdə iştirak edən hər bir hərbi qulluqçu mübarizədə öz gücünü sınayaraq, nəyə qadir olduğunu göstərmək üçün hərbçiyə xas əzmkarlıqla mübarizə apararaq medallar uğrunda bütün imkanlarını ortaya qoydu. Hesab edirəm ki, ən güclülər bu birincilikdə medallara layiq yerləri tutdular. Hansı komandalar ki, hərbiləşdirilmiş kros yarışına daha yaxşı hazırlaşmışdı, onlar da qalib gəldilər".
Zabitin çıxışından sonra yerlər üzrə qaliblər elan olundu. Yarışın nəticələrinə uyğun olaraq, komanda hesabında 1-ci yeri "Quru Qoşunları", 2-ci yeri "Hərbi Hava Qüvvələri", 3-cü yeri isə "Xüsusi Təyinatlılar" tutdular. Bundan başqa, fərdi hesabda birinci yerə "Quru Qoşunları" komandasının hərbi qulluqçusu əsgər Mirsadiq Məmmədov, ikinci yerə "Quru Qoşunları" komandasının hərbi qulluqçusu gizir Tural Məmmədov, üçüncü yerə "Xüsusi Təyinatlılar" komandasının yarışcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əziz Hüseynov layiq görüldülər.
Yarışın yekununda qaliblər kubok, diplom və medallarla mükafatlandırıldılar.
Sonda idmançılar xatirə şəkli çəkdirdilər.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"