Hərbi hissələrdə Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin layihəsi əsasında Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə "Hər anımız Vətən deyir" şüarı ilə silsilə tədbirlər keçirildi.
Hərbi hissələrin şəxsi heyətinin iştirakı ilə keçirilən tədbirlərdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Vətənimiz qarşısında misilsiz xidmətləri ilə seçilən, dünyada mövcud olan mürəkkəb tarixi-siyasi vəziyyətdə Azərbaycanı bütün sınaqlardan uğurla çıxaran dahi şəxsiyyət Heydər Əliyevin ömür yolundan söz açdı. Əbədiyaşar Komandanla bağlı unudulmaz xatirələrini gənc əsgərlərlə bölüşərək, yadda qalan məqamlardan danışdı.
Polkovnik Abdulla Qurbani onu da vurğuladı ki, bu cür tədbirlərin keçirilməsi hərbi qulluqçularımızın döyüş ruhunun və mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində mühüm rol oynayır.
Gənc əsgərlərə xidmətlərində uğurlar arzulandı, hərbi qulluqçuların hüquq və vəzifələri izah edildi. Dünyada və ölkəmizdə baş verən hadisələr haqda siyasi məlumatlandırılma aparıldı. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasında əldə edilən razılığın nəticələrindən şəxsi heyət qürur hissi keçirdi, Qazaxın işğalda olan kəndlərinin azadlığa qovuşmasına ürəkdən sevindilər. Polkovnik A.Qurbani bu barədə "Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin növbəti diplomatik qələbəsi" şüarını səsləndirdi.
Daha sonra tədbir iştirakçılarına Vətənimiz Azərbaycana, Müzəffər Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığına həsr olunmuş hərbi marşlar, vətənpərvərlik mahnıları, xoreoqrafik kompozisiyalar da təqdim edildi.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təqdimatında "Böyük Zəfər marşı" (sözləri A.Qurbaninin, musiqisi İ.Novruzovundur) tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Qeyd edildi ki, "Zəfər marşı" kompozisiyası ilk dəfə Xankəndi şəhərində ifa olunub.
Tədbir yekunlaşdıqdan sonra şəxsi heyətlə həmsöhbət olduq. Hərbi xidmətə Ağdam rayonundan çağırılan əsgər Fuad Hüseynov hərbi qulluqçulara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq etdi. "Bu gün hər bir gənc ordu sıralarına qatılmağı ilə fəxr edir. Mən də Azərbaycan əsgəri olduğum üçün qürurlanıram. Xidmətə gəldiyimizdə hər birimiz xalqımıza, dövlətimizə sədaqətlə xidmət edəcəyimizə, əcdadlarımızın hərbi ənənələrini şərəflə davam etdirəcəyimizə təntənəli surətdə and içmişik. Hərbi Andımıza sadiq qalacağıq, Vətənimizə, xalqımıza xidmət edəcəyik, - deyə əsgər bildirdi.
Əsgərlər Nicat Vəliyev, Amin Rəhimov, Tuncay Tağıyev, Anar Aşurlu və digərləri Fuadın sözlərinə qoşularaq, Azərbaycan əsgəri adını qürurla daşıdıqlarını vurğuladılar. Bildirdilər ki, qalib ordunun hərbi qulluqçuları olaraq qarşılarına qoyulan vəzifələrin həyata keçirilməsi üçün səylərini heç vaxt əsirgəməyəcəklər, rəhbərliyin və xalqın böyük etimadını bundan sonra da şərəfli xidmətləri ilə doğruldacaqlar.
İbrahim MƏMMƏDBƏYOV
"Azərbaycan Ordusu"