İnsan həyatında bir sıra amilin keçici olduğu aydın məsələdir. Zaman keçər, nələrsə yaxşıya doğru, nələrsə əksinə dəyişə bilər. Əbədi olan ancaq insanlar arasında sıx bağlardır, əlaqələrdir. Bunlardan biri də həyatın ən gözəl anlamı olan dostluqdur. Dostluq həm də güvən, sülh, xoşbəxtlikdir. Bir-birini anlamaq, paylaşmaqdır, ən çətin zamanlarda belə bir-birinə dəstək olmaqdır. Xoş məqamlarını da, pis məqamlarını da birlikdə yaşamaqdır. Bunlara əsaslanaraq demək olar ki, "dost" sözü çəkinmədən etibar edə biləcəyiniz, birlikdə səmərəli vaxt keçirə biləcəyiniz, qeyd-şərtsiz sevə biləcəyiniz çox xüsusi bir insandır.
Müharibə igidliyi, ehtiyac dostluğu sınağa çəkər. Bu deyimin hər iki hissəsi bizə tanışdır. Azərbaycan Ordusunun şəxsi heyəti bu iki məfhumu yaxşı bilir. Aprel və Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsi və "Qisas" əməliyyatı, ordumuzun 2023-cü ilin sentyabrında keçirdiyi antiterror tədbirlərində igidlərimiz yüksək vətənpərvərlik, peşəkarlıq və əzmkarlıq nümayiş etdirdilər. Hərbi qulluqçularımızın hansı gücə malik olduğunu bütün dünyaya göstərdilər. Qazanılan Zəfərin səbəbləri çox olsa da, bunlardan biri də hərbçilərimizin dostluq, yoldaşlıq, birlik hisslərini yüksək səviyyədə yaşatmasıdır. Çiyin-çiyinə vuruşan mərd oğullarımız bir-birini qorumağa, silah yoldaşı üçün gözünü qırpmadan canından keçməyə, lazım olduqda döyüş meydanından yaralıları təxliyə etməyə və ilkin tibbi yardım göstərməyə hazır idilər. Məhz bu hisslərdir əsl hərbçi dostluğu! Əsgər dostluğu həyatın boyu qazandığın digər dostluqlardan çox seçilir. Daha möhkəm, daha uzunömürlü olur. Son nəfəsəcən yaşadılan dostluq mənəviyyatın bütövlüyüdür. Daha doğrusu, əsgər dostluğu, son damcı qanadək əbədi olur.
"N" hərbi hissəsində baş leytenant Rəhim Rəhimov digər əsgərlərə nümunə göstərdiyi iki əsgər haqqında danışdı. Onunla dostluqdan, yoldaşlıqdan söhbətləşərək, insan həyatında dost amilinin əhəmiyyətini müzakirə etdik.
- "Sözsüz ki, dostluq qura bildiyimiz insan, ilk növbədə, bütün xüsusiyyətləri ilə bizə uyğun olmalıdır. Əgər iki insan dostdursa, demək ki, aralarında sıx güvən və etibarlılıq mövcuddur. Bunun üçün bir-birini yaxından tanımaq şərtdir. Hərbi xidmət zamanı şəxsi heyət daha sıx əlaqədə olur, hər gün bir-biri ilə sırada durur, yemək yeyir, asudə vaxtlarını səmərəli keçirir. Bu səbəbdən də onların dost tapması nəinki daha tez, həm də yoldaşlığı daha möhkəm olur. Hər kəs bilir ki, məhz əsgər dostluğu ən möhkəm dost əlaqələrindən biridir. Tərxis olunan əsgərlər bir-birini yaddan çıxarmır, dostunun həyatı ilə maraqlanır, vaxtaşırı görüşür və hərbi xidmətlərini yada salırlar. Bunun üçün hərbi xidmətdə belə bir deyim var: "Əsgər dostluğu əbədidir!".
Gənc zabit dost seçiminin çox vacib olduğunu bildirərək, əsil dostluğun əyani sübutu olaraq həmin əsgərlərlə tanış etdi.
Hərbi xidmətə Xızı rayonundan çağırılan əsgər Xudayar Ağarzayevə və Bakı şəhərindən çağırılan əsgər Rəsul Əmrah ilə tanış olduq. Onların arasında mehribanlıq və səmimiyyət ilk baxışdan hiss olunurdu. Kənardan onların münasibətlərini seyr etmək insana xoş hisslər aşılayır. Xudayar özü də bu barədə fikirlərini bizimlə bölüşdü: "İnsanın yanında gerçək dostu olduqda gördüyü iş də, yaşadığı həyat da ona daha rahat gəlir. Hərbi xidmətə gəldikdə hər kəs uyğunlaşma dövrü keçir. Bu, bəzi insanlara çətin gələ bilər. Ancaq mən bu mərhələni sanki hiss etmədən keçdim. Buna həm komandirlərimizin bizə göstərdiyi nəzakət, aşıladığı hərbi biliklər, həm də ilk günlərdən yaxşı dosta sahiblənməyim oldu. Rəsul ilə çoxlu ortaq maraqlarımız var. Hər ikimizin idman zövqü eynidir. Hər ikimiz "Qarabağ" futbol klubunun azarkeşiyik. Komandirlərimizdən eşidirik ki, "əsgər dostluğu" deyilən anlayış var və bu möhkəm, pozulmaz və əbədi dostluq anlamına gəlir. Bəli, mən də, Rəsul da bu fikirlə razıyıq", - deyə Xudayar bildirdi.
- Bir-birinə hər zaman köməklik etmək dostluğun əsas prinsiplərindəndir. Mən də hərbi xidmətə gəldiyim ilk gündən daha təcrübəli əsgər yoldaşlarımdan köməklik almışam və indi çalışıram ki, digər yoldaşlarımıza yardımçı olum. Bir işi yaxşı bilmək bəs eləmir, bacarmayanın da əlindən tutmalısan. Bu, şərtdir, xüsusən də, dost dediyin adamlara. Hərbi xidmətdə biz hamımız dostuq, qardaşıq. Ən yaxın dostum Xudayardır. Əlbəttə ki, burada qazandığımız dostluq əbədi olacaqdır, mülki həyatda da davam edəcəkdir. Çox sevincliyəm ki, Xudayar kimi dost qazandım. Onu da qeyd etmək istəyirəm ki, biz qalib Azərbaycan Ordusunun əsgərləriyik. Bizim əsas amalımız Vətəni qorumaq, torpaqlarımızın keşiyində dayanmaqdır, - Rəsul dedi.
Ordu sıralarında belə dostlarla tanış olduğumuz üçün sevincliyik. İnanırıq ki, əsgərlərimizin dostluğu bütün həyatları boyu davam edəcəkdir.
İbrahim MƏMMƏDBƏYOV
"Azərbaycan Ordusu"