Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2024 15:53

Rabitəçi peşəsi də məsuliyyət tələb edir

Hərbi qulluqçu iradəli, intizamlı olmalı, verilən əmr və göstərişləri vaxtında, dəqiq icra etməli, idman hazırlığı da yerində olmalıdır. Hərbçi olmaq istəyən hər kəs özünü bu peşəyə əvvəlcədən hazır etməlidir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Zamin Kazımov hələ orta məktəbdə oxuduğu illərdə hərbçi olmaq qərarına gəlib. Müddətli həqiqi hərbi xidmətini də o zaman düşmənlə üzbəüz olan səngərlərdə keçib. Xidməti başa çatandan sonra tərxis olunub. Qısa vaxtdan sonra yenidən ordu sıralarına qayıtmaq qərarına gəlib. Bu yolda ona valideynləri də xeyir-dua verib, gələcək xidmətində uğurlar diləyiblər. Baş çavuş Zamin Kazımov rabitəçi ixtisasını seçib. Müvafiq kursu bitirdikdən sonra yenidən xidmətə başlayıb. Zamin dedi ki, onun tabeliyində bacarıqlı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları da var. Onlardan biri də əsgər Ümid Beqiyevdir.
Rabitə növbətçisi olan əsgər Ümid Beqiyev Şabran rayonundan hərbi xidmətə çağırılıb. İlk gündən rabitə bölməsində hərbi xidmətə başlayıb. Təcrübəli komandirlərindən rabitənin sirlərini öyrənib. Əsgər Ü.Beqiyev deyir ki, rabitəçi olmaq hərbi qulluqçudan operativlik, dəqiqlik tələb edir. Rabitəçi yuxarı komandanlıqdan gələn məlumatları vaxtında və dəqiq müvafiq bölmələrə ötürür. Məlumatları qəbul edib ötürməkdə onun heç bir çətinliyi olmadığını, əksinə, bu istiqamətdə yetərincə bilik və bacarıqlara yiyələndiyini bildirdi. Xətli və xətsiz rabitə vasitələrindən istifadə etməklə ona verilən tapşırığı uğurla icra edib.
Baş leytenant Hüseyn Ağaverdiyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) rabitəçi ixtisası üzrə bitirmiş peşəkar zabitlərdəndir. Zabit əsgər Ümid Beqiyevin hərbi xidmətə gəldiyi ilk gündən onun tabeliyində olduğunu vurğuladı. Bacarıqlı, intizamlı bir əsgər kimi komandirlər həmişə ondan razılıq ediblər. O, rabitə növbəsində xidmət aparan zaman hər hansı bir nöqsana yol verdiyini xatırlamır. Əsgər Ümid Beqiyev həmişə olduğu kimi, yenə rabitə növbəsindədir. Xidməti vəzifələrini layiqincə yerinə yetirir. Əməliyyat tədbirlərinə də cəlb olunan Ümid üzərinə düşən tapşırıqları uğurla yerinə yetirib. O, gənc əsgər yoldaşlarına da rabitənin incəliklərini öyrətdiyini və silahdaşlarının da öz növbəsində bu peşəyə daha çox maraq göstərdiklərini dedi. Ümid deyir ki, rabitəçi peşəsi hər bir əsgərdən yüksək məsuliyyət tələb edir.


Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"