Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması Azərbaycan Ordusunun rəhbərliyi qarşısında duran vacib amillərdən biridir. Bu səbəbdən də hərbi hissələrdə müəyyən olunmuş vaxtlarda maraqlı söhbətlər aparılır, viktorinalar və sual-cavab axşamları keçirilir, həmçinin fərdi olaraq fiziki hazırlıq ilə məşğul olmaq istəyənlər idman meydançasına gedərək, güclərinə güc qatırlar. Bu cür tədbirlər həm də əsgərlər arasında güclü dostluq-yoldaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, şəxsi heyətdə birlik hissinin aşılanmasına yönəlir. "N" hərbi hissəsinin ideoloji otağında şəxsi heyətin asudə vaxtının maraqlı və səmərəli təşkil edildiyinin şahidi olduq. Bu hərbi hissədə ideoloji otaq şurasının üzvlərinin fəaliyyət göstərdiyini gördük. Bir qrup əsgər bədii kitab, hərbi jurnal və qəzet oxuyur, dünya görüşünü artırır, digərləri isə intellektual səviyyələrinin yüksəlməsinə yönələn dama oyunu oynayırdılar. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ruslan Həsənovun nəzarəti altında əsgərlər kitab və jurnalda maraqlı bilgilərə rast gəldikdə yoldaşları ilə bölüşür, bir-biri ilə maraqlı söhbətlər edirdilər. Bəzən mütaliədən ayrılaraq kiçik çavuş Ruslan Həsənova Vətən müharibəsi haqqında suallar verir, aldıqları cavablardan sevinc və fərəh hissi keçirirdilər. Bu prosesi kənardan izləyərkən bir daha əmin oldum ki, Azərbaycan gəncləri 44 günlük haqq savaşımızın tarixi əhəmiyyətini tamlığı ilə dərk edir, igid və qəhrəmanlarımızı özlərinə örnək bilir, şanlı Zəfərin səhifələrini daha dərin öyrənmək istəyirlər. Şübhəsiz ki, bu da şəxsi heyətin asudə vaxtının düzgün və səmərəli təşkilinə, onların hərbi intizamlarına və vətənpərvərlik ruhunda tərbiyə olunmasına müsbət təsir edir.
Kiçik çavuş Ruslan Həsənova yaxınlaşıb asudə vaxtın təsirindən, təşkil olunma qaydasından söhbət açmalı idim.
- Azərbaycan əsgəri hər zaman öz üzərində işləyir, istər döyüş hazırlığı, istər fiziki, istərsə də sıra hazırlığının yüksəldilməsi üçün çalışır. Komandirlərimizin nəzarəti altında keçirilən bütün məşğələlərdə şəxsi heyət bütün gücünü səfərbər edir, qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən yüksək bacarıqla gəlir. Bunun üçün intensiv məşğələlərdən sonra asudə vaxtı səmərəli təşkil etməyə çalışırıq. Bu zaman onların hərtərəfli inkişafına diqqət edirik. Rəhbərlik onların fiziki, mədəni və mənəvi göstəricilərini yüksəltmək və idmanla məşğul olmaları üçün əlverişli şərait yaradır, sinif və ideoloji otaqlarını düzəldir. Əsgərlərin yaradılan şəraitdən faydalanmasına xüsusi diqqət yetirərək, mənəvi cəhətdən kamilləşməsini, psixoloji vəziyyətlərinin yaxşılaşdırılmasını nəzarətdə saxlayırıq, - R.Həsənov dedi.
Kiçik çavuş ilə söhbətimizi yekunlaşdırdıqdan sonra əsgərlərlə həmsöhbət olduq.
Sumqayıt şəhərindən ordu sıralarına çağırılan və dama oyununda qalib gələn əsgər Damət Bayramovu təbrik etdik. Təbrikimizin cavabında isə o dostluğun qalib gəldiyini bildirdi. Daha sonra hərbi xidməti və xidmətin ona qazandırdığı müsbət keyfiyyətlərdən danışdı. "Mənim atam Vüqar Bayramov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, könüllü olaraq Ağdam istiqamətində gedən döyüşlərə qatılmış, Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşmüşdür. Uşaqlığım boyu mənə haqq savaşımız haqqında danışırdı. "Oğlum, Ali Baş Komandanın sərkərdəliyi altında biz torpaqlarımızı azad edəcəyik, Qarabağ əzəli sahibinə qayıdacaq!" - deyirdi. Mən hər zaman onun danışdığı söhbətləri böyük maraqla dinləyir, tarixi Qələbənin yaxında olduğunu əminliklə bilirdim. Nəhayət, o gün gəlib çatdı. Ordumuz əks-hücum əməliyyatlarına başladı. Hal-hazırda mən də hərbi xidmətdəyəm. İndi komandirlərimizin 44 günlük haqq savaşımız haqqında xatirələrini böyük maraqla dinləyir, hər bir hərbi qulluqçumuzla fəxr edirəm. Arzu edirəm ki, azad olunan torpaqlarda xidmətimi davam etdirim", - deyə əsgər Damət Bayramov bildirdi.
"Hərbi xidmət bizi mərd və qorxmaz döyüşçü kimi yetişdirir", - deyərək əsgər Aqşin Məmmədov yoldaşının sözlərinə qoşuldu. - Yuxarı komandanlığın bizə göstərdiyi diqqət və qayğı nəticəsində sosial-məişət şəraitimiz yüksək səviyyədədir. Bizim üçün yaradılan şəraitdən çox razıyam. Biz də öz növbəmizdə xidmətimizi düzgün təşkil edir, verilən əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetiririk. Əgər hər hansı bir qüvvə müqəddəs torpaqlarımıza göz dikərsə, suverenliyimizə əl uzatmağa qalxarsa, hər birimiz döyüşə atılmağa, Ana Vətənin qarşısında borcumuzu ödəməyə hazırıq.
Əsgərlər Sadiq Mikayılov, Kamil Abbasov, İlham Abbasov və Fərəməz Əsgərov da silahdaşlarının sözlərinə qoşuldular. "Asudə vaxtdan səmərəli istifadə edərək, hərbi sirlərə dərindən yiyələnirik. Yaradılan şərait üçün rəhbərliyə və komandirlərimizə dərin təşəkkürümüzü bildiririk", - dedilər.
İbrahim MƏMMƏDBƏYOV
"Azərbaycan Ordusu"