Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə inkişafın yeni mərhələsinə qədəm qoyan rəşadətli Azərbaycan Ordusu regionun ən güclüsünə və xalqın güvənc yerinə çevrilib. Dövlət başçısının ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi ordumuzun gücünü gündən-günə artırır. Vətən müharibəsi və ordumuzun həyata keçirdiyi digər döyüş əməliyyatları bunun bariz nümunəsidir.
Əlbəttə, bu qələbəni bizlərə yaşadan məğrur əsgərlərimizdir. Məhz onların şücaəti və qəhrəmanlığı sayəsində torpaqlarımız azad edildi, şəhidlərimizin qisası alındı. Bununla bərabər dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi hissələrdə müasir standartlara cavab verən idman şəhərciyi, yataqxanalar, tibb məntəqələri, yeməkxanalar, ideoloji və məişət otaqları əsgərlərin istifadəsinə verilib.
"N" hərbi hissəsinin yeməkxanasında da bunun canlı şahidi olduq. Yeməkxana növbətçisi gizir Amid Hüseynov hazırlanan yeməklər barəsində qısaca məlumat verdi. Standartlara cavab verən əsgər yeməkxanası ilə ilk tanışlıqdan əmin olduq ki, burada qulluq edən aşpazlarımızın sayəsində səliqə-sahman, əsgərlərin gündəlik qidalanması lazımi səviyyədədir. Xüsusi forma geyinmiş xanım aşpazlardan biri ilə həmsöhbət olduq.
"Bu gün Azərbaycan Ordusunun sıralarında xidmət edən, qəlbi Vətən sevgisi ilə döyünən, düşmənə qarşı qisas və intiqam hissi ilə alışıb-yanan oğullarımıza qayğı göstərmək borcumuzdur", - deyə aşpaz Şücaət Dadaşova söhbətə başladı. - Əsgərlərimizə hazırladığımız bütün yemək çeşidlərinin hamısı milli mətbəximizdəndir. Səhər, nahar və şam yeməkləri ayrı-ayrı menyulara uyğun olaraq hazırlanır. Qida rasionuna süd, bal, yağ, cem, ət, kartof, düyü, qarabaşaq, balıq, şirniyyat növləri, təbii meyvə şirələri və s. daxildir. Biz öz növbəmizdə hazırladığımız yeməklərə sevgi qatırıq ki, onlar əsgər balalarımızın analarının bişirdiyi yeməklərdən fərqlənməsin.
Aşpaz Şəhla Dəmirova da həmkarının fikirlərini təsdiqlədi. "Burada işlədiyim müddətdə çalışmışam ki, hər zaman bişirdiyimiz yeməklər igid əsgərlərimizin ürəyincə olsun və onlar doğma evlərində bişirilən yeməklərin dadını hiss edə bilsinlər. İnanıram ki, ona da nail ola bilirik. Ancaq onlardan ana kimi bir istəyimiz, bir gözləntimiz var. Vətən torpağının keşiyində hər zaman mərdliklə dayansınlar və igidlik, qəhrəmanlıq göstərmiş oğullarımızdan nümunə götürsünlər", - deyə bildirdi.
Öyrəndik ki, Şəhla anamızın oğlu 44 günlük Vətən müharibəsində döyüşüb. Oğlu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Vüsal Dəmirov Vətən müharibəsində Suqovuşan istiqamətində döyüşərkən yaralanıb. "Oğlum yaralanmasına baxmayaraq döyüşə əsl Azərbaycan igidi kimi atılmağa hazır idi. Mən bir ana kimi onunla fəxr edirəm. Hər gün dua edirdim ki, şəhidlərimizin qısası alınsın, torpaqlarımız azad olsun. Bu qələbəni bizə yaşadanlara və Ali Baş Komandanımız İlham Əliyevə hər bir ananın adından təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycan xalqı!".
Elvin VƏTƏNDUST
"Azərbaycan Ordusu"