Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi birgə tədbirlər planına uyğun olaraq, komitənin Tovuz rayon şöbəsinin əməkdaşları bölgədə yerləşən hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərin təbliği ilə əlaqədar görüşlərini davam etdiriblər.
Növbəti görüş "N" hərbi hissəsində keçirildi. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda döyüşlərdə şəhid olanların xatirəsi yad olundu. Sonra Şəmkir məscidinin imamı Hacı Elmar Rzayev çıxış etdi. O, hərbi xidmətin Vətən, xalq qarşısında hər bir gəncin müqəddəs borcu olduğunu bildirdi. Qədim dövrdən insanlar öz vətənlərini, torpaqlarını yadellilərdən, düşmənlərdən qoruyaraq gələcək nəsillərə çatdırıblar. İslam dinində də bu meyarlardan ətraflı bəhs olunur. Vətən, torpaq hər bir kəs üçün müqəddəs sayılır. Buna görə də Vətənimizin bu günü və gələcəyi naminə öhdəsinə düşən vəzifələri şərəflə yerinə yetirmək hər bir vətəndaşın borcudur. Bu gün xidmətdə olanlar Vətən torpağını sevərək, Hərbi Anda sadiq qalaraq müqəddəs borclarını şərəflə yerinə yetirirlər. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda Vətənə, torpağa xidmət həmişə uca tutulur. Buna görə də xalqımızın, dövlətimizin, ordumuzun və Müzəffər Ali Baş Komandanımızın sərkərdəliyi ilə Vətən torpaqları Ermənistan silahlı birləşmələrindən tamamilə təmizləndi. Ölkəmizin ərazi bütövlüyü tam təmin edildi. Vətən yolunda şəhid olanların xatirəsi də həmişə uca tutulur. Həyatımız boyu şəhidlərimizə hörmət və ehtiramımızı bildirmək hamımızın borcudur. İnanırıq ki, bu gün xidmətdə olanlar adları tariximizə qızıl hərflərlə yazılan qəhrəmanların layiqli davamçıları kimi xidmət edəcək, Vətənimizin keşiyində sayıq dayananacaqlar.
Aparıcı mütəxəssis Vüqar Əliyev çıxış edərək hərbi həyatın özünəməxsus xüsusiyyətləri, nizamnamə qaydaları, əsgər və zabitlər arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə qurulması üçün mövcud hərbi tələblərə ciddi əməl edilməsi, Vətənə, xalqa nümunəvi xidmətin əvəzsiz olması haqqında ətraflı danışdı. Vətənə, xalqa, torpağa bağlı olan hərbi qulluqçuların göstərdiyi böyük rəşadətlərin əvəzsiz olduğunu diqqətə çatdırdı. Azərbaycan Ordusunun qarşısında duran vəzifələri böyük vətənpərvərliklə yerinə yetirəcəyinə əminliyini ifadə etdi.
Sonra hərbi qulluqçuları maraqlandıran suallar cavablandırıldı. Zabit Elmar Zeynalabdinov komandanlıq adından onlara minnətdarlığını bildirdi.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"