Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2024 15:28

Gözlərdə parlayan Zəfər sevinci

Zabit Rauf Zeynalov Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Hələ orta məktəbdə oxuduğu illərdə onun qəlbindən hərbçi olmaq, xalqına, Vətəninə xidmət etmək arzusu keçib. Arzusunu reallaşdırmaq üçün Rauf dərslərini oxumağa məsuliyyətlə yanaşıb, kitablarla dostluq edib. Həmişə yüksək qiymətlər alıb. Hazırlığı ilə həm müəllimlərinin, həm də sinif yoldaşlarının rəğbət və hörmətini qazanıb. Rauf təkcə dərslərdə deyil, məktəblilər arasında keçirilən "Cəsurlar", "Şahin" hərbi-idman və turizm yarışlarında da fəal iştirak edib. Həmişə təmsil etdiyi komandaya  zəfər qazandırıb.
2004-cü il Rauf Zeynalov üçün çox yaddaqalan bir il olub. Çünki həmin il arzularına qovuşub, istəklərinə çatıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. İmtahanda gözlədiyindən də yüksək bal toplayıb. İllərin arzusuna çatdığına görə sevinci aşıb-daşırdı. Onun təhsildə qazandığı uğurlar valideynləri ilə bərabər müəllimlərini də sevindirirdi.
Artıq Raufun hərbi sahəyə gedən yolların qapıları üzünə geniş açılmışdı. Qüdrətli ordumuzun gələcək cəsur zabiti bu yollardan uğurla keçəcək, hərbi sirləri dərindən öyrənəcəkdi. Kursant Rauf Zeynalov dörd il ali hərbi məktəbdə oxudu. Təlim-məşqlərdə fəal iştirak etdi.  Fəallığı, çalışqanlığı müsbət nəticələr verdi. Gələcəyin zabiti artilleriya qurğularının sirlərini dərindən mənimsədi. Ali hərbi təhsilini başa vurandan sonra - 2008-2009-cu illərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində biliklərini daha da təkmilləşdirdi. Zabit ixtisasartırma kursunu uğurla başa vurdu. Kursu yüksək göstəricilərlə bitirəndən sonra gənc zabit Rauf Zeynalov taqım komandiri kimi "N" hərbi hissəsində xidmətə başladı.
Harada xidmət etməsindən asılı olmayaraq oxumaq, daim hərbi təhsilini artırmaq arzusu bir an olsun belə Raufun ürəyini tərk etmirdi. 2020-2021-ci illərdə bu arzu, bu istək onu Silahlı Qüvvələrin Hərbi Akademiyasına (indiki Milli Müdafiə Universitetinə) gətirdi. Zabit Rauf Zeynalov ali təhsil ocağında hərbi biliklərini daha da təkmilləşdirməyə başladı. Bir müddətdən sonra isə hərbi təhsilini artırmaq üçün Türkiyəyə göndərildi. Zabit R.Zeynalov qardaş ölkənin Milli Müdafiə Universitetində oxudu.
Təcrübəli zabit İkinci Qarabağ müharibəsində iştirak edib. Erməni qəsbkarlarının döyüş texnikalarının, atəş mövqelərinin artilleriya qurğuları ilə vurulmasında yüksək bacarıq göstərib. Döyüş yolu Füzulidən, Xocavənddən, Zəngilandan, Qubadlıdan, Cəbrayıldan keçib. Harada, hansı istiqamətdə olubsa, düşmən hədəflərinin vurulmasında yüksək peşəkarlıq nümayiş etdirib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə zabit Rauf Zeynalov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qarabağ" ordeninə, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medallarına layıq görülüb.  
İştirakçısı olduğu döyüşlərdən söz açan zabit Rauf Zeynalov dedi:
- Uzun illərdən bəri torpaqlarımızın erməni qəsbkarlarının işğalı altında qalması bir zabit kimi məni çox narahat edirdi. Danışıqlar prosesi uzandıqca ermənilərin sülh yolu ilə torpaqlarımızı qaytarmağına inamımız azalırdı. Onlar torpaqlarımızı  sülh yolu ilə qaytarmaq əvəzinə, yeni ərazilərimizi işğal edəcəklərini bəyan edirdilər. Deməli, müharibə qaçılmaz idi. Hər gün, hər an erməni təxribatı gözlənilən idi. 27 sentyabr 2020-ci il hələ heç günəş üfüqdən boylanmamış erməni işğalçıları yeni ərazilərimizi ələ keçirmək məqsədilə bütün istiqamətlərdə mövqelərimiz üzərinə hücuma keçdilər. Düşmən təxribatının qarşısını almaq üçün yurdumuzun müdafiəsinə atıldıq. Qısa müddət ərzində işğalçıların qarşısı alındı, əks-hücum əməliyyatı başladı. Uzun illər susan silahlar işə düşdü. Torpaqlarımızın azadlığı uğrunda İkinci Qarabağ müharibəsi alovlandı. Döyüşlərdə artilleriyaçılar da böyük igidlik və şücaət göstərdilər. Düşmənin zirehli texnikaları, atəş nöqtələri, silah-sursat bazaları dəqiq atəş zərbələri ilə vuruldu. Hərbçilərimiz 44 günlük Vətən müharibəsində üzərlərinə düşən tapşırıqları, müqəddəs borcu yüksək bacarıqla yerinə yetirdilər. Düşmən üzərində böyük Zəfər qazandılar. Uğurlu döyüşləri ilə Ermənistan ordusunu darmadağın edib, 30 ilə yaxın işğalda saxladıqları torpaqlarımızdan qovdular. Hərbçilərimiz qələbələri ilə xalqımızı sevindirdilər. Bu gün işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri aparılır. Uzun illərdən bəri qaçqınlıq həyatı yaşayan insanlar doğma ocaqlarına qayıdırlar. Bu qürurverici səhnələri gördükcə ürəyimiz dağa dönür, gözlərimizdə Zəfər sevinci parlayır.  
İnanırıq ki, xalqımız uzun illər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıq hissi ilə bu sevinci yaşayacaq. Gözlərdə parlayan Zəfər sevinci insanların ürəyinə rahatlıq gətirəcək.

Vahid MƏHƏRRƏMOV

Bakı şəhəri