Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2024 15:27

Şəhid Milli Qəhrəmanın anım mərasimi keçirildi

Vətən uğrunda şəhid olanların xatirəsi həmişə ehtiramla yad edilir. Azərbaycanın Milli Qəhrəmanı İlham Müzəffər oğlu Əliyev də həm tarixdə yaşayır, həm də yaddaşlarda.
Qəhrəmanın adını daşıyan Gədəbəy şəhər 1 saylı tam orta məktəbdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə qəhrəmanın anım mərasimi keçirildi. Tədbirdə məktəbin müəllimləri, şagirdləri, ictimaiyyətin nümayəndələri iştirak etdilər. Öncə böyük tarixi şəxsiyyət Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət Himni səsləndirildi.
Mərkəzin əməkdaşı Şəhla Abdullayeva Milli Qəhrəmanın həyatı və döyüş yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Bildirildi ki, İlham Müzəffər oğlu Əliyev 1961-ci il mayın 5-də Gədəbəy rayonunda anadan olub. Orta məktəbi 1978-ci ildə bitirib. Keçmiş sovet ordusu sıralarında xidmət etdikdən sonra Gədəbəy və İsmayıllı rayonlarında müxtəlif sahələrdə çalışıb. 1983-cü ildə o, polis orqanlarına işə qəbul edilib. İsmayıllı və Gədəbəy rayonunda bir müddət polis orqanlarında xidmət edib. 1985-ci ildə Rusiyanın Bryansk xüsusi orta milis məktəbində təhsil alıb. Gəncə və Gədəbəy şəhərlərində Daxili İşlər orqanlarında xidmətini davam etdirib. Nümunəvi xidmətinə görə "Əlaçı polis" döş nişanı ilə təltif olunub.
Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başlayanda Qazax rayonunun sərhəd kəndləri də atəşə tutulurdu. Kəndlərin evləri yandırılır, soydaşlarımıza qarşı insanlığa sığmayan cinayətlər törədilirdi. Həmin vaxtlar kəndlərimizi və sərhədləri əhali və polis əməkdaşları müdafiə edirdilər. Polis əməkdaşları tez-tez Qazaxın sərhəd kəndlərinə ezam olunurdular. İlham və silahdaşları Qazaxın Aşağı Əskipara kəndinin müdafiəsindəydilər, ermənilərin sərhəd kəndlərimizə hücumlarını dəf edirdilər. Gərgin vəziyyət yaranmışdı. Kənd məktəbində mövqe tutaraq onlara cavab verməyə çalışırdılar. Cəsur polis zabiti silahdaşlarını xilas etsə də, özü düşmən gülləsinə tuş gəldi, ağır yaralandı. 19 avqust 1990-cı ildə polis leytenantı İlham Əliyev şəhid oldu. Doğulduğu Gədəbəy rayonunda dəfn edildi. Vətən qarşısında əvəzsiz xidmətləri unudulmadı. İlham Müzəffər oğlu Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Gədəbəy şəhərindəki məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. Məktəb kollektivi qəhrəmanın xatirəsini hər gün yad edirlər.
Məktəbin direktoru Eldəniz Hüseynov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı quruculuq işlərindən bəhs edərək bildirdi ki, ölkəmizin müdafiə qüdrəti gündən-günə artır. Ölkəmizin iqtisadi-siyasi, hərbi sahədə qazandığı nailiyyətlər daha da genişləndirilir. Vətən torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olanların adları əbədiləşdirilir. Onların  ailələrinə hərtərəfli maddi və mənəvi dəstək göstərilir. Xatirələri xalqımız və dövlətimiz tərəfindən daim böyük ehtiramla yad olunur. Onların həyatı bugünkü və gələcək nəsillərə əsil örnəkdir. Qəhrəman oğulların xidmətləri heç vaxt unudulmayacaq.
Sonra milli qəhrəmanın həyatından bəhs edən videoçarx nümayiş etdirildi. Məktəblilər "Əsgərə məktub" layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə Vətən keşiyində dayanan əsgərlərə qürur hissi ilə məktub ünvanladılar. Şagirdlərə Heydər Əliyev adına Hərbi İnstitut və hərbi kolleclər haqqında hazırlanmış bukletlər təqdim olundu. Sonra mərasim iştirakçıları məktəbin həyətində qəhrəmanın büstü önünə gül dəstələri qoydular.

Mübariz MUSAYEV

"Azərbaycan Ordusu"