Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2024 15:25

Topumuz da Vətən müharibəsi iştirakçısıdı

Yaz fəslidi. Qışın öz hökmünü saxlamağa qüdrəti çatmayıb. Qışda da  şaxta, sazaq sevgiyə, sevginin qüdrətinə hökm etməyə qadir deyildi. Bu sevgi Vətən sevgisi olduğu üçün, bu sevgi Azərbaycan əsgərinin Vətənə sevgisi olduğu üçün. Yolların uzaqlığını duman bürüyüb, yollarda duman görünür, yolların sağında-solunda duman sürünmür. Bu il bu həndəvərlərin yazı daha gözəldi, ilin bu vaxtlarında ayam könüləyatımlı olur, könülün ayamı olur. Təbiət hərbi hissənin həndəvərlərində yaz havası hələ də 2020-ci ilin payız ovqatını xatırladır - sənə elə gəlir ki, təbiət Azərbaycan əsgərinin ruhunun nəvazişindədi, bu nəvaziş 2020-ci ilin 8 noyabr, 2023-cü ilin 20 sentyabr qüdrətinə ehtiramdı; bizim də könlümüz bu ehtiramdan barınmaqdadı...
Artilleriyaçıların növbəti təlimi olacaq...
Mayor Rauf Zeynalov İkinci Qarabağ müharibəsində artilleriyanın üstün fəaliyyətindən danışır. Bu, ayrı-ayrı mövqe döyüşlərinin timsalında xatırlama, xatırlatmadı. Xatırlatmaları həm təəssürat kimi, həm də müharibə tarixinin tarixi məqamları kimi dinləyirik.
- Düşmən işğal etdiyi ərazilərdə yaratdığı müdafiə sədlərini həm möhkəmləndirmişdi, həm də yeni  müdafiə sistemləri ilə yeniləşdirmişdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmri ilə əks-hücum əməliyyatını davam etdirdi, düşmənin müdafiə sədlərini darmadağın etdi. Döyüşən orduya artilleriya dəstəyi döyüşlərdə üstünlüyü təmin edirdi. Xatırlayıram ki, artilleriyaçılarımız Füzuli istiqamətində ciddi müqavimət göstərən düşmənin döyüşə nəzarət edən komanda məntəqələrini, döyüşə müdaxilə edən dayaq məntəqələrini dağıdırdı, döyüş texnikalarını, canlı qüvvəsini məhv edirdilər. Belə döyüş ordu hissələrimizin mövqe qələbələri qazanmasında gərəkli olurdu. Aşağı Seyidəhmədli kəndi yaxınlığında gedən döyüşdə artilleriyaçılarımızın atəş dəstəyi nəticəsində düşmənin müqaviməti qırıldı, əhəmiyyətli mövqe qələbəsi qazandıq...
Təlim başlayır. Əsgərlər komandaları ayrılıqda da, vəhdətdə də, kompleks formatda da rəvanlıqla, təlimata müvafiq yerinə yetirirlər. Top heyəti sərbəstliklə məsuliyyəti bir-birinin başlanğıcı bilir. "Paralel yelpiyin qurulması" mövzusunda təlim belə davam edir.
Öyrənirəm ki, bu top həm 2020-ci ildə - Vətən müharibəsində iştirak edib, həm də 2023-cü ildə - tarixi Zəfəri tamamlayan döyüşlərdə. Xatırlayıram ki, 2020-ci ilin dekabrın əvvəllərində Qubadlıda top heyəti ilə kəlmələşəndə bir əlim əsgərin çiyinindəydi, o biri əlim topun gövdəsində. Mənə elə gəlmişdi ki, ruhumu iki döyüşçünün mənə doğma nəfəsi isidir; ətrafında dayanıb kəlmələşdiyim topu da döyüşlərin - Vətən müharibəsinin əsgəri bilmişdim. Bu gün də həmin ovqatdayam.
Batareyanın baş zabiti leytenant Samir Əliyev mövzuya aid nəzəri bilikləri xatırladır. Bu, top heyəti üçün biliklərin təkrarıdı. Məqsəd mövzunu əhatələyən təmrinlərin təlimata müvafiq müddətdə, təlimata uyğun yerinə yetirilməsini təkmilləşdirməkdi. Belə başlanğıc təlimin uğurla tamamlanacağının təminatçısıdı. Metod təlimin səmərəliliyini artırır. Əsgərlər nə etməli olduğunu da bilirlər, necə etməli olduğunu da. Top komandiri Tural Allahverdiyev bildirir ki, bugünkü təlimin mükəmməl mənimsənilməsi - təkmilləşdirilmə şərti düşmənin şərti obyektinə artilleriya atışlarının dəqiqliyini təmin edir.
Vətən müharibəsində təlim keçdiyimiz bu top da döyüşlərə cəlb olunmuşdu. Bizim batareya həm də döyüşən ordu hissələrimizə bu topla atəş dəstəyi verirdi. Bu gün təlim keçdiyimiz mövzunu vaxtında yaxşı mənimsədiyimizə görə əmrləri dəqiq yerinə yetirirdik. Digər qoşun növlərinin döyüşçüləri də, bizim döyüşçülərimiz də mərdliklə vuruşduğuna görə döyüşlər 44 gündə qələbə ilə başa çatdı, - leytenant Samir Əliyev belə deyir.
Müharibədə, eləcə də əməliyyat tədbirlərində döyüşlərə cəlb edilmiş topları "döyüşçü" adlandırmağımız mayor Rauf Zeynalovun da, topun şəxsi heyətinin də  xoşuna gəlir.
- Əsgərlər hərbi xidmətdə artilleriyaçı kimi hazırlanır, qısa müddətdə artilleriya üzrə yüksək döyüş hazırlığına malik olur. Tərxis olunanları gənc əsgərlər əvəzləyirlər. Batareyanın zabitləri gənc artilleriyaçılara topun özü haqqında da məlumat verirlər. Bu məlumatlar gənc əsgərlərin döyüş yolu keçmiş topun timsalında artilleriyaya marağını artırır və sevginin  başlanğıcı olur. Ona görə biz gənc əsgərlərlə ilk dərsləri bu məzmunda təşkil edirik. Öyrədilənlər bu maraq, bu sevgi əsasında dərinləşdirilir, zənginləşdirilir. Əsgərlərə məlumat vermişik ki, bu top Vətən müharibəsində düşmənin komanda və dayaq məntəqələrinə, mövqelərinə, başqa mövqelərə göndərilən döyüş maşınlarına, ərzaq, sursat daşıyan karvanlarına və s. 1000-ə qədər mərmi atıb. Əsgərlər bu rəqəmə heyrətlənmir, bu mərmiləri atmış tanımadıqları döyüşçüləri böyük ehtiramlarla yada salırlar: "Sizin qələbə yolunuzu nümunəvi xidmətimizlə davam etdiririk".
Top komandiri Tural Allahverdiyev duyğuları da, düşüncələri də tərpədən bir məqamdan söz açır. 2020-ci ilin noyabrına kimi qəhərli xatırlamaların mahiyyəti dəyişib. İndi xatırlamalarda ovunmaz həsrət var, azalmayan-sozalmayan intizar var:
- Kəlbəcərdənəm. Ürəyim məni görmədiyim Kəlbəcərə çəkir. 17 aydı bu topu da Kəlbəcərimizi işğaldan azad edənlərin sırasında bilirəm. Hər təlimdən əvvəl onun gövdəsinə toxunanda elə bilirəm ki, Kəlbəcər dağlarının daş əllərinə toxunuram. Qürurlanıram ki, əsgərəm, qürurlanıram ki, döyüşmüş, qalib gəlmiş topun komandiriyəm. Tərxis edildikdən sonra bu haqda çağırışçı qardaşım Tunara da danışacam. Kaş o da artilleriyaçı olaydı...
- Əsgər Ramin Dadaşov da, Nicat Yüzbəyov da, Famil Həsənli də, ... mövzunu yüksək səviyyədə mənimsəyiblər. Ümumiyyətlə, şəxsi heyət yüksək döyüş hazırlığına malikdir. Hər təlim bu hazırlığı təkmilləşdirir, - leytenant Nihad Hüseynov təlimlərin döyüş hazırlığı prosesində əhəmiyyətli olduğunu bildirir...
Təlim başa çatır. Vətən müharibəsində düşmənin strateji mövqelərinə, komanda və dayaq məntəqələrinə neçə yüzlərlə mərmi atmış bu topun bugünkü  heyəti şərti düşmənin şərti mövqeyini dəqiq nişan almanı bir daha təcrübi təkrarlayıblar. Bu, təkmilləşmə deməkdi, döyüş hazırlığının yüksəldilməsi deməkdi. Azərbaycan əsgərinin yüksək döyüş hazırlığı Azərbaycanın ərazi bütövlüyünün zəmanətidi. Əsgərlərdən bu zəmanətin dönməzliyinə sədaqətlə ayrılırıq...
Hava elə gözəldir ki! Bu gözəlliyi əsgərlərin döyüş hazırlığı daha da gözəlləşdirir...

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"