Vətən müharibəsi bizə doğma Qarabağı qaytarmaqla yanaşı, həm də görünməyən qəhrəmanlarımızı tanıtdı. Tanıdıq, qürur duyduq. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılarının, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarının, ölkəmizin bölgələrində xidmət edən zabitlərimizin də zəfərin qazanılmasında payı vardır. Bu gün qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu gənc nəslə təbliğ edilir, şəhidlik məqamına ucalan oğullarımızın xatirəsi uca tutulur. Sinəsində medallarla qayıdan yaralılarla görüşlər təşkil edilir, xatirələri qələmə alınır, vətənpərvərlik duyğuları nəzmə çəkilir. Şəhid və döyüşdə yaralananların ailələrinə diqqət və qayğı göstərilir, onlar mənzil, minik avtomobilləri ilə təmin edilir, müalicələri təşkil olunur. Dövlət qurumlarında şəhid və döyüşdə yaralananların ailələri ilə bağlı məsələlərlə məşğul olan şöbələr yaradılıb və çevik prosedur qaydaları müəyyən edilib. Aprel ayından Naxçıvan şəhərində fəaliyyətə başlayan "Naxçıvan qaziləri" ictimai birliyini də bu baxımdan görülən işlərin davamı kimi qiymətləndirmək olar. Məqsəd döyüşdə yaralananlara, şəhid ailələrinə, müharibə veteranlarına qanunla şamil olunan güzəşt və imtiyazlardan istifadədə kömək etməkdən ibarətdir. Qısa zaman ərzində ətrafına döyüşdə yaralananları və şəhid ailələrini toplayan birlik gənc nəsil arasında vətənpərvərliyin təbliğinə, şəhidlərimizin döyüş yolunun tanıdılmasına da töhfəsini verir. Bu ay bir yaşı olan birlik ötən ilin sonlarında istifadəyə verilən ofisdə fəaliyyətini daha da gücləndirməyə müvəffəq olub.
Birliyin sədri, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan Ceyhun Bayramov bizi ofisdə yaradılan muzey tipli otaqla tanış etdi. Otaqda Naxçıvandan olan şəhidlərin foto şəkilləri, xatirə əşyaları, zəfəri əks etdirən rəsm əsərləri, kitablar sərgilənib. Guşə davamlı olaraq yeni ədəbiyyat, çap metarialları, foto və rəsmlərlə zənginləşdirilib.
Ceyhun Bayramov bildirdi ki, hazırda birliyin 130 nəfər üzvü var. Qısa müddət ərzində fəaliyyətə başlamasına baxmayaraq, birlik ətrafına könüllü gənclər də toplaya bilib. Keçirilən bütün tədbirlərdə gənclər fəal istirak edirlər. Birliyin təşkilatçılığı ilə "Şəhid əmanəti" adlı rəsm sərgisi, "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimatı keçirilib. "Yaşa, Azərbaycan" adlı xeyriyyə konserti olub. Müsahibimiz qeyd etdi ki, şəhid ailələri, tələbə gənclərlə görüşlər, vətənpərvərlik ruhunda tədbirlərin daha da genişləndirilməsi istiqamətində səylərini bundan sonra da əsirgəməyəcəklər.
Birliyin sədri Ceyhun Bayramov Suqovuşan və Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. İndi sinəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalları, "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medallarını qürurla daşıyır. Bədəninin müxtəlif nahiyələrindən qəlpə yarası alıb. Çəlik vasitəsilə hərəkətini bərpa edir. Buna baxmayaraq, bütün gücünü birliyin fəaliyyətinin artmasına və gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə sərf edir. Bu yolda ona yoldaşları da kömək edir.
Məqsədləri alidir, niyyətləri ülvidir. Vətən oğulları, hər birinizə uğurlar arzu edirik. Birliyiniz, birliyimiz daimi olsun! Əminik ki, birlik öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, dövlət qurumları ilə şəhid və döyüşdə yaralananların ailələri arasında körpü rolunu oynayacaq, qəhrəmanlıq tariximizin təbliğində mühüm rola sahib olacaqdır.
Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasının
baş redaktoru