Hər bir hərbi qulluqçunun döyüş, atış, fiziki hazırlıqları ilə yanaşı, mənəvi-psixoloji vəziyyəti də yüksək səviyyədə olmalıdır. Şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində isə ictimai-siyasi dərslərin əhəmiyyəti danılmazdır. Məlum olduğu kimi, şəxsi heyətin mənəvi tərbiyəsi məhz ictimai-siyasi hazırlıqdan keçir. Keçirilən dərslərdə əsgərlər hərb tariximizin hər bir səhifəsini daha dərindən öyrənərək, qəhrəmanlarımızın döyüş yollarını özlərinə örnək bilirlər.
"N" hərbi hissəsində leytenant Hüseyn Bəşirzadənin rəhbərliyi altında keçirilən ictimai-siyasi hazırlıq dərsinin gedişatı ilə yaxından tanış olduq. Dərs prosesi bitdikdən sonra zabitlə dərslərin əhəmiyyəti barədə söhbət etdik. O, ictimai-siyasi hazırlıq dərslərinin vaxtlı-vaxtında keçirildiyini və bu dərslərin şəxsi heyətin döyüş ruhunun artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini dedi. "Şəxsi heyətin yüksək döyüş hazırlığı, milli-mənəvi dəyərlərə sədaqət, möhkəm intizam, qorxmazlıq, düşmənə nifrət, komandirlərinə inam kimi müsbət keyfiyyətlərə sahib əsgərlər kimi tərbiyələnməsində ictimai-siyasi hazırlıq dərslərinin önəmi böyükdür.
Hər dəfə çalışırıq ki, keçirilən dərslərdə tarixi qəhrəmanlarımızdan, torpaqlarımızın müdafiəsi zamanı rəşadət göstərən hərbi qulluqçularımızdan, Milli Qəhrəmanlarımızdan, dövlət və dövlətçiliyimizin qorunması yolunda misilsiz xidmət göstərmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdən misallar gətirək, onların şərəfli ömür və döyüş yollarından danışırıq, tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində məğrur döyüşçülərimizin göstərdiyi igidlik, cəsurluq və qorxmazlıqdan söhbətlər edirik. Belə ki, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi bütün döyüş əməliyyatları sübut etdi ki, qəhrəmanlarımızın döyüş yolunu şərəflə davam etdirən minlərlə hərbi qulluqçumuz var. İndi isə onların qarşısında bir məqsəd dayanır - əcdadlarımıza layiq şəkildə torpaqlarımızın müdafiəsini təşkil etmək”.
Azərbaycan Texnologiya Universitetinin məzunu olan əsgər İsmayıl Edilxanov ordu sıralarına Bərdə rayonundan çağırılıb. O, keçirilən dərslərin əhəmiyyətindən danışdı. “Orta və ali təhsil aldığım zaman tariximiz haqqında öyrəndiklərimə baxmayaraq, hər zaman yeni nəsə öyrənirəm. Aprel döyüşləri, Vətən müharibəsi və ordumuzun həyata keçirdiyi digər döyüş əməliyyatlarında qəhrəman silahdaşlarımızın keçdiyi şərəfli döyüş yolunu daha yaxından öyrənirik. Onların qəhrəmanlıqlarını dinlədikcə hər birimizdə stimul yaranır. Əminliklə deyə bilərik ki, biz də üzərimizə düşən vəzifəni ləyaqətlə yerinə yetirəcək, torpaqlarımıza əl uzatmaq istəyənlərin əllərini kəsəcəyik”.
- İctimai-siyasi hazırlıq dərsinin mənəvi-psixoloji hazırlığımızın yüksəldilməsində böyük rolu vardır. Keçirilən dərslər sayəsində mənfur erməni əsgərinin xalqımızın başına açdığı əzab-əziyyətləri daha yaxından öyrənir, təpədən-dırnağadək silahlanmış düşmən əsgərinə qarşı son damla qanınadək döyüşən qəhrəman şəhidlərimizi tanıyırıq. Həmçinin qisasımızı yerdə qoymayan igid oğullarımızın döyüş yollarını da daha yaxından öyrənirik. Məhz onların qəhrəmanlığı və şücaəti nəticəsində tarixi torpaqlarımız işğalçılardan azad edilərək, gerçək sahibinə qovuşdu. Biz də onların yolunu ləyaqətlə davam etdirməyi özümüzə borc bilirik, - bu sözləri hərbi xidmətə Sumqayıt şəhərindən çağırılan əsgər Sübhan Zamanlı dedi.
Azərbaycan əsgəri adını qürurla daşıyan digər həmsöhbətim Sadiq Əzizadə ordu sıralarına Ağdaş rayonundan çağırılıb. "Hər zaman əsgər olmağı və Vətənimin müdafiəsində durmağı arzulamışam. Şükürlər olsun ki, buna nail ola bilmişəm. Təcrübəli komandirlərimizin rəhbərliyi altında keçirilən dərs və məşğələlər sayəsində hərbin sirlərinə dərindən yiyələnib, peşəkar əsgər və döyüşçü kimi formalaşmışıq. Buradan xalqımıza demək istəyirəm ki, rahatlıqla evlərində, isti ocaqlarında otura bilərlər. Çünki Vətənimizin torpaqlarını regionun ən güclü və qalib Azərbaycan Ordusu qoruyur. Ordumuzun güc və qüvvəti isə Vətən müharibəsi zamanı bütün dünyaya bəlli oldu. Heç bir kəs bu cür güclü dövlətin ordusu ilə döyüş meydanında qarşı-qarşıya gəlmək istəməz”.
Əsgərlər Murad Məmmədzadə, Səfər Əliyev, Nurlan Qəhrəmanov və digərləri keçirilən ictimai-siyasi hazırlıq dərsinin əhəmiyyətindən, ordu sıralarında keçirdikləri günlərdən, qazandığı dostluqlardan, komandanlıq tərəfindən yaradılan yüksək səviyyəli sosial-məişət şəraitlərindən uzun-uzadı söhbət etdilər. Keçirilən dərsin gedişatından və hərbi qulluqçuların söhbətlərindən gördük ki, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçularımızın döyüş, atış və fiziki hazırlıqları ilə yanaşı, mənəvi-psixoloji vəziyyətləri də yüksək səviyyədədir.
Orxan HÜSEYNLİ,
foto
Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"