Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Aprel 2024 14:28

“Hərbi qulluqçuların fiziki cəhətdən hazırlıqlı olması vacib şərtlərdəndir”

"N" hərbi hissəsində fiziki hazırlıq məşğələsinin gedişatı diqqətimi çəkdi. Komandirlərin rəhbərliyi altında kompleks şəkildə keçirilən məşğələdə hərbi qulluqçularımız bütün idman hərəkətlərin bacarıqla icra edirdilər. Dərs prosesi bitdikdən sonra qrup rəhbəri leytenant Hüseyn Bəşirzadəylə həmsöhbət oldum. Təsdiq olunmuş günün nizam qaydalarına uyğun olaraq, fiziki hazırlıq məşğələsinin gün ərzində iki dəfə -  səhər və axşam keçirildiyini deyən zabit əlavə etdi ki, Müdafiə Nazirliyi rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində burada müasir standartlara uyğun formalaşdırılan idman şəhərciyi hərbi qulluqçularımızın idmanın müxtəlif növləri ilə məşğul olmasına geniş şərait yaradır.
- Torpaqlarımızın keşiyində duran məğrur hərbi qulluqçularımızın fiziki cəhətdən hazırlıqlı olması vacib şərtlərdəndir. Məhz bu baxımdan əsgərlərin hərtərəfli hazırlığına xüsusi diqqət yetirilir. Müasir döyüş əməliyyatlarını yüksək səviyyədə yerinə yetirmək üçün hər birimiz fiziki cəhətdən güclü olmalıyıq. Keçirilən məşğələlərin sayəsində əsgərlərimizin özünəinam və liderlik hissi artırılır. Bu səbəbdən də əsgərlərin fiziki hazırlığının artırılması hər zaman diqqət mərkəzində saxlanılır. İdman məşğələlərinin səmərəli keçirilməsi üçün bütün imkan və vasitələrdən istifadə edirik.
Kompleks çalışmalar barədə danışan qrup rəhbəri dedi ki, bu cür çalışmalar dözümlülüyü, cəldliyi, çevikliyi inkişaf etdirir. “Kompleks məşqlər əsasən iki variant üzrə keçirilir: birinci variantda sürətin inkişaf etdirilməsi üçün maksimum tempdə kiçik ərazi sahəsi dəf edilir. İkinci variantda hərbi qulluqçular sıçrama marşı və ya çətin keçilən ərazidə taktiki üsulları yerinə yetirməklə kros həyata keçirir, dözümlülüyün inkişaf etdirilməsi üçün təbii və ya süni maneələri dəf edirlər. Cəldliyin, həmçinin sürətli, ümumi və xüsusi dözümlülüyün inkişaf etdirilməsi üçün kompleks məşqlərin effektliliyini yüksəltmək məqsədilə qarşılıqlı və  dairəvi estafetlər tətbiq olunur. Məşğələnin yekun hissəsində asta qaçış, yeriş, əzələlərin dərindən nəfəs almaqla boşaldılma çalışmaları yerinə yetirilir. Gərginliyin ötürülməsi, nəzarət üçün nəbzin tezliyi ölçülür. Əgər zədə almış hərbi qulluqçu varsa, ona yardım göstərilir, sonra nəticələr yekunlaşdırılır və növbəti məşğələyə hazırlıq üçün göstərişlər verilir".
Əsgər İsmayıl Şükürlü bildirdi ki, təcrübəli komandirlərimizin rəhbərliyi altında keçirilən fiziki hazırlıq məşğələləri döyüş hazırlığımıza müsbət təsir edir. Çünki fiziki hazırlıq hər birimizin iradəsini, dözümlüyünü, gücünü artırır. Həmçinin digər dərs və məşğələlərdə fəal iştirak edir, hərbi biliyimizi daha da zənginləşdiririk. Bütün bunların nəticəsidir ki, qarşıya qoyulan istənilən tapşırıqların öhdəsindən asanlıqla gəlməyə qadirik.
Astara rayonundan ordu sıralarına çağırılan əsgər Yalçın Fətullayev uzun zaman idmanın güləş növü ilə məşğul olub və dəfələrlə keçirilən çempionatların qalibi olub. Xidmətə başlamazdan öncə onun həyatda məqsədi  - Azərbaycanın üçrəngli bayrağını digər dövlətlərin bayraqları arasında daim birinciliyə qaldırmaq olub. İnanırıq ki, o, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra məqsədinə nail olacaq, bayrağımızı daim yüksəklərdə dalğalandıracaq. Xidmətdən öncə Yalçının düşündüyü məsələlərdən biri də xidmət zamanı idmanla necə məşğul olacağı olub. Hərbi hissədə yuxarı komandanlıq tərəfindən şəxsi heyət üçün yaradılan şəraiti gördüyü zaman çox sevinib. İdman fəaliyyətini burada da davam etdirib.
Əsgərlər Xalid Cəlilzadə, Anar Nüsrətov, Mirəyyub Kərimli və Fariz Aslanlının da fiziki cəhətdən hazırlıqlı olduğunu müşahidə etdim. Bir daha əmin oldum ki, səmərəli keçirilən döyüş, atəş və fiziki dərslərin nəticəsidir ki, şəxsi heyət təlimlər zamanı verilən əmr və tapşırıqların öhdəsindən layiqincə gəlirlər.

Orxan HÜSEYNLİ

foto Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"