"N" hərbi hissəsində polkovnik-leytenant Ceyhun Məmmədov baş leytenant Elnur Ağayevi nümunəvi zabit kimi xarakterizə edərək bildirdi ki, o, Vətənə xidməti ömrünün mənası bilən zabitlərdəndir. Onun zabiti olduğu bölmə döyüş və mənəvi-psixoloji hazırlığına görə fərqlənir.
Baş leytenant Elnur Ağayev Salyan rayonunun Sarvan kəndindəndir. Şəhid Yavər Qafarovun adını daşıyan məktəbdə təhsil alıb. Müəllimlərindən öyrəndikləri və tarix boyu baş verən müsibətlər, ermənilər tərəfindən həyata keçirilən kütləvi qırğın və faciələr onun həyat yolunu müəyyənləşdirib. Yeniyetməlik çağlarında Bakı şəhərində olanda dayısı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan kursantları göstərərək, "Sən də onlar kimi ola bilərsənmi?" - deyib. Elnur qətiyyətlə razılığını bildirib.
Elnur 2011-ci ildə müvəffəqiyyətlə imtahan verərək kursant adını qazanıb. 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub. Zabitlərdən, müəllimlərdən hərb sənətinin sirlərini öyrənib. İntizamlı kursant kimi tanınıb. 2018-ci ildə “leytenant” hərbi rütbəsinin qürurunu çiyinlərində daşıyaraq xidmətə başlayıb. Həmin gün onlara Vətənin müdafiəsi kimi şərəfli, müqəddəs vəzifə etibar olunub.
"N" hərbi hissəsində gənc zabit Elnur Ağayev komandanlığın rəğbətini qazanıb. Tapşırıqları məsuliyyətlə yerinə yetirib. Bilik və bacarığını tabeliyindəki şəxsi heyətə öyrətməyə çalışıb. "N" hərbi hissəsində xidmətini uğurla davam etdirən zabit düşmən təxribatlarının qarşısının alınmasında həmişə böyük fədakarlıq nümayiş etdirib.
2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatında iştirak edib. Goranboy-Ağdərə istiqamətində gedən döyüşlərdə düşmən qüvvələrinin məhv edilməsində yüksək fədakarlıq və rəşadət göstərənlərin sırasında olub. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərib.
Baş leytenant Elnur Ağayev hazırda "N" hərbi hissəsində xidmətini davam etdirir. Gənc zabit Vətən müharibəsindən sonra keçirilən əməliyyat tədbirlərində də fəal iştirak edib. Göstərilən etimadı layiqincə doğruldub.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"