Azərbaycan Ordusunda diqqət mərkəzində saxlanılan mühüm məsələlərdən biri də şəxsi heyətin döyüş vərdişlərinin artırılmasıdır. Müntəzəm olaraq keçirilən təlimlərin, məşğələlərin məqsədi də məhz hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi, mənəvi-psixoloji hazırlıqlarının formalaşdırılması şəxsi heyətin çətin coğrafi şəraitdə xidmətə hazırlanmasına yardımçı olmaqdır. Azərbaycan Ordusunda keçirilən hər bir təlimin, təlimdə tökülən tərin uğurlu nəticəsi Vətən müharibəsində qazanılan parlaq qələbədə öz əksini tapdı. Cəmi 44 günə hərbi qulluqçularımızın ən mürəkkəb tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməsi, onların döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikalarından istifadə etmək bacarıqlarının yüksək səviyyədə olduğunu göstərdi.
Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra orduya olan diqqət və qayğı daha da artırıldı. Döyüşlərdə qazanılan təcrübələr nəzərə alınmaqla döyüş hazırlığının daha da artırılması istiqamətində təlim məşğələlər intensivləşdi. Ordu quruculuğunda yeni islahatlar həyata keçirilməyə başlandı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun qardaş Türkiyənin ordu modelinə uyğunlaşdırılması istiqamətində mühüm işlər görülür. Orduda həyata keçirilən islahatlardan biri də peşəkarlığın artırılması, digər bölmələrlə qarşılıqlı tapşırıqların daha effektiv yerinə yetirilməsi üçün yeni komando hərbi hissələrinin yaradılması oldu. Müzəffər Ali Baş Komandanın belə hərbi hissələrdən birinin açılışı zamanı qeyd etdiyi "Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir" fikri bu gün öz təsdiqini tapıb. Xüsusi kurslardan keçən, çətin relyefli ərazilərdə - dağlarda, meşələrdə döyüşmə, eləcə də şəhərdə yaşayış məntəqələrində terrorçu qruplaşmalara qarşı döyüş bacarıqlarına yiyələnən komandolar artıq ordumuzun ayrılmaz hissəsidir.
Komandoların hansı təlimlərdən keçdiyinin şahidi olmaq üçün bu dəfə yolumuz komando hərbi hissələrinin birinə oldu. Burada şəxsi heyətin taktiki təlimində bizə bələdçilik edəcək mayor İlkin Ağazadə ilə təlim meydançasına gəldik. Öyrəndim ki, mayor İlkin Ağazadə Vətən müharibəsi zamanı şücaəti ilə fərqlənən zabitlərimizdəndir. Müharibə zamanı iki dəfə yaralanıb, buna baxmayaraq müalicə aldıqdan sonra yenidən döyüş meydanına qayıdıb. O da xüsusi kurs keçən komandolardandır. Hazırda təlim mərkəzində komando olmaq arzusunda olan gənc hərbçilərə komando olmağın incəliklərini öyrədir.
"Komando olmaq xüsusi dözüm, iradə, fiziki güc və bilik tələb edir", - deyən zabit söhbətə başladı: "Komandoların əsas fəaliyyət istiqaməti çətin relyef şəraitində döyüş tapşırıqlarını icra etməkdir. Buna görə də komando olmaq istəyən hər bir hərbçi bütün çətinliklərə hazır olmalıdır. Azərbaycan Ordusunda komando bölmələrinin təşkili xüsusi təyinatlı qüvvələrlə birgə icra olunacaq əməliyyatlarda olduqca önəmlidir. Məhz Vətən müharibəsində xüsusi təyinatlıların fəaliyyəti onu göstərdi ki, bu qoşun növləri təlim və bacarıqlar hesabına sürətli əməliyyatlar üçün ən ideal bölmədir. Xüsusi təyinatlıların çevikliyinə, onların sürətli manevr imkanlarına adekvat olaraq birgə fəaliyyətin təmin edilməsi məqsədilə komandolar da xüsusi təyinatlı qüvvələr kimi çətin təlimlərdən keçirlər. Hərbi hissəmizdə komandolar əlbəyaxa döyüş növlərinə yiyələnməklə yanaşı, paraşütlə atlamaq, dağ xizəkçilik, snayper və müxtəlif fiziki hazırlıq kurslarından da keçirlər. Bundan başqa partlayıcı qurğuların hazırlanması və onların zərərsizləşdirilməsi, eləcə də müxtəlif atıcı silahlardan istifadə etmə bacarığına yiyələnirlər. Burada başlıca məqsədimiz hərbçilərimizi qarşıya qoyulan normativlərə uyğun hazırlamaq və onlara döyüş vərdişlərini aşılamaqdır", - deyə zabit bildirdi.
Təlimdə iştirak edən Beyləqan rayonunda anadan olan kiçik leytenant Elçin Möhübbətli altı ildən artıqdır ki, hərbi xidmətdədir. Vətən müharibəsi zamanı gizir hərbi rütbəsində olan Elçin taqım komandirinin müavini kimi döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalına layiq görülüb. Müharibədən sonra müvafiq kursda iştirak edərək “kiçik leytenant” hərbi rütbəsinə layiq görülüb. Öyrəndim ki, kiçik leytenant Elçin Möhübbətli komando olmaq üçün xüsusi kursdan keçib.
Zabit təlim barədə geniş məlumat verdi. "Bildiyiniz kimi, istənilən bölmə döyüşə girəndə ərazidə mövcud olan maneələrə rast gəlir. Burada komandolara həm maneələrdən istifadə etməklə müdafiə olunmaq, həm də hücum zamanı həmin təbii maneələri necə aşmaq lazım olduğu öyrədilir. Döyüş meydanında qarşıya çıxan istənilən hədəfləri məhv edib, verilən tapşırıqları uğurla yerinə yetirərək düşmənə qalib gəlmək üçün bu bacarıqlar mühüm rol oynayır. Maneələr zolağında əsasən, ərazidə olan aşması bir qədər çətin maneələr quraşdırılıb. İlk maneə iki metr hündürlükdə olan taxta hasardır. Bu hasarı tam döyüş dəsti ilə təchiz olunmuş komandolar aşaraq növbəti maneələrə doğru irəliləyirlər. Dəlikli kərpic divarlarda, standart hasarlarda, yarım dağılmış binalarda, daş hasarlarda, örtülü əlaqə yollarında və başqa maneələrdə döyüşçü özünü qarşıdakı düşməndən müdafiə etməklə eyni anda digər döyüşçü yoldaşının da irəliləməsinə şərait yaratmalıdır", - deyə zabit bildirdi.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Orxan Ələsgərov Şəmkir rayonunun Təzəkənd kəndindən hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı ordumuzun qazandığı parlaq qələbədən sonra hərbçi olmaq qərarına gələn Orxan məhz komando olmaq üçün müraciət edib. Fiziki hazırlığı yüksək olan O.Ələsgərov komando kursunda müvəffəqiyyətlə iştirak edib. Gənc komando xidmət etdiyi bölmənin onun əsl döyüşçü kimi formalaşmasında böyük rolu olduğunu xüsusi vurğuladı. "Komandirlərimiz tərəfindən peşəkar döyüşçü kimi formalaşmağımız üçün təşkil olunan atəş, taktiki, fiziki və psixoloji hazırlıq məşğələləri hər birimizi məğlubedilməz, güclü döyüşçüyə çevirib. Burada həm sinif, həm də çöl dərslərində, idman fəaliyyətlərində qarşımıza qoyulan məqbulları qazanmaq üçün əlimizdən gələni əsirgəmir, komando adını layiqincə daşımaq üçün səylə çalışırıq".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəhruz Eynili də Vətən müharibəsi iştirakçısıdır. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medallarına layiq görülüb. Əsgəri hərbi xidmətini bitirdikdən üç ay sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq ordu sıralarına geri qayıdıb. Qardaşı da hərbi qulluqçu olan Şəhruz bu şərəfli peşəni seçdiyinə görə qürurlandığını bildirdi.
- Komando olmaq qürurvericidir. Daim fiziki hazırlığımızı artırmaq üçün müasir standartlara uyğun olan idman şəhərciyindən, atəş və taktiki hazırlığımızı təmin etmək üçün təlim meydançasından istifadə edirik. Təlim meydançasında iyirmidən artıq maneələrin olduğu kəşfiyyat cığırından normativlərə uyğun olaraq təsdiq olunan vaxtda keçməyi bacarırıq. Bütün təlimlərimiz real döyüş şəraitinə uyğun keçirilir. Bu da bizi istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə qadir olan komandolar kimi hazırlayır, - deyə Şəhruz qeyd etdi.
Digər gənc komandolar da əzmlə Vətənə xidmət etdiklərini, xalqımızın onlara olan etimadını doğrultmaq üçün daim öz üzərlərində çalışdıqlarını bildirdilər. Söhbət əsnasında hərbi qulluqçularımızın dedikləri fikirlər, məşğələ zamanı göstərdikləri peşəkarlıq bizi bir daha əmin etdi ki, komandolarımız bu gün ordumuzun gücünə güc qatırlar. Onların hər biri xidmət müddətində öz peşəkarlığını artıraraq, hərb sənətini müasir dövrün tələblərinə uyğun qurmağa qadirdilər. Məhz təcrübəli komandolarımız sayəsində Vətən müharibəsindən sonra azad edilən torpaqlarımızda qeyri-qanuni silahlı dəstələrin və onların yuvalarının darmadağın edilməsi mümkün oldu. Əməliyyat tədbirləri zamanı ərazilərimiz Ermənistan silahlı birləşmələrinin qalıqlarından, terrorçu dəstələrdən təmizləndi, ərazi bütövlüyümüz tam təmin olundu. Əminik ki, bundan sonra da komandolar üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər.
Oruc MUSTAFAYEV
fotolar Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"