Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2024 19:53

Əsgərlərimizin fiziki hazırlığı yüksək səviyyədədir

"N" hərbi hissəsində müasir standartlara cavab verən idman şəhərciyində fiziki hazırlıqlarını artıran şəxsi heyət diqqətimizi cəlb etdi. Onlar məşğələ rəhbəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Ehtiram Əmirovun nəzarəti altında idman qurğularında müxtəlif hərəkətlər edərək, güclərinə güc qatırdılar. Cəsur Vətən müdafiəçilərinin verilən bütün tapşırıqları çətinlik çəkmədən və qısa vaxt ərzində icra etməsi onların güclü və çevik olmalarından xəbər verirdi. Məşğələnin gedişatına mane olmamaq üçün gözlədik.
Fiziki hazırlığa ayrılmış vaxt yekunlaşdıqdan sonra çavuş E.Əmirovun fikirlərini qələmə aldım. Onun sözlərinə görə bütün hərbi qulluqçuların döyüş, atəş və mənəvi-psixoloji hazırlıqları ilə yanaşı, fiziki hazırlığı da daim yüksək səviyyədə olmalıdır. "Çünki döyüşdə zəfərin əldə olunmasında fiziki gücün əhəmiyyəti böyükdür. Tam döyüş təchizatı ilə qısa müddət ərzində müəyyən məsafəni dəf etmək və qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün bu amil mütləqdir. Məhz bu səbəbdən də rəşadətli Azərbaycan Ordusunda fiziki hazırlığa xüsusi önəm verilir. Hərbi hissələrdə müasir standartlara cavab verən idman şəhərcikləri və idman qurğuları ilə təchiz olunmuş idman otaqları yaradılıb. Bunların nəticəsidir ki, hərbçilərimizin fiziki gücləri yüksək səviyyədədir. Şanlı qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsi və ordumuzun həyata keçirdiyi digər döyüş əməliyyatları bunun bariz nümunəsidir. Haqq savaşımızda döyüşçülərimiz yorulmaq bilmədən uzun məsafələri qət edib, düşmən ordusunu darmadağın etdilər. Şəhidlərimizin qisasını alan oğullarımız doğma Qarabağımızı gerçək sahibinə geri qaytardılar. Bununla da bütün dünya rəşadətli Azərbaycan Ordusunun gücünü bir daha gördü".
Masallı rayonundan hərbi xidmətə çağırılan əsgər Elmar Əmirov günün nizam qaydalarına uyğun olaraq gündə iki dəfə fiziki hazırlıqla məşğul olduqlarını dedi. "Peşəkar komandirlərimizin nəzarəti altında keçirilən məşğələ çox səmərəli təşkil olunur. Ayrılan vaxt ərzində müxtəlif alətlərdə idman hərəkətlərini edir, gücümüzü artırırıq. Xidmətin ilkin ərəfəsində gördüyünüz hərəkətləri etməkdə çətinlik çəkirdim. Çox vaxt keçmədən həm əsgər yoldaşlarımın, həm də komandirlərimin köməyi ilə bir çox hərəkətləri edir, istənilən tapşırıqların öhdəsindən asanlıqla gələ bilirəm".
Əsgər Sahil Eyvazlı mülki həyatda da idmanla məşğul olub. Xidmətə başlamazdan əvvəl onu düşündürən məsələlərdən biri də məhz idmanı necə davam etdirəcəyi idi. Lakin hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraiti görəndə sevinmişdi. Çünki o, idmana böyük sevgi bəsləyirdi. Keçirilən fiziki hazırlıq məşğələsi zamanı fəallıq nümayiş etdirir və verilən bütün komandaları sərrast icra edirdi. Məşğələlər zamanı təcrübəli komandirlərindən bir çox yeni idman hərəkətlərini öyrəndi. Həmçinin keçirilən dərs və məşğələlər sayəsində peşəkar əsgər kimi formalaşıb, hərbin bütün sirlərinə dərindən yiyələndi. "Bu gün verilən bütün tapşırıqların öhdəsindən asanlıqla gələ bilirəmsə, bunu məhz komandirlərimə borcluyam. Çünki onlar hər zaman yanımızda olub, bütün qayğı və problemlərimizlə yaxından maraqlanırlar. Hər hansısa sualımız yarandıqda çəkinmədən onlara yaxınlaşırıq. Bizlərə göstərilən bu cür diqqət və qayğıya görə əziyyəti olan komandirlərimizə dərin minnətdarlığımı bildirirəm. Əminliklə söyləyirəm ki, xidmətimin sonunadək Azərbaycan əsgəri adını şərəflə daşıyacaq və lazım gələrsə, torpaqlarımızın müdafiəsi uğrunda istənilən an canımdan keçməyə hazıram".
Hərbi xidmətə Cəlilabad rayonundan çağırılan əsgər Anar Mirzəcanov da düşüncələrini bizimlə bölüşdü. "Bu gün regionun ən güclüsü və qalib ordunun sıralarında xidmət edən əsgər kimi deyə bilərəm ki, hər birimiz bir amal uğrunda xidmət edirik - torpaqlarımızın müdafiəsində mətin dayanmaq. Bunun üçün hər an canımızdan belə keçməyə hazırıq. Üzərimizə düşən bu müqəddəs vəzifəni layiqincə yerinə yetirə bilmək üçün peşəkar komandirlərimizin rəhbərliyi ilə keçirilən bütün dərs və məşğələlərdə fəal iştirak edir, hərbin sirlərinə dərindən yiyələnərək qarşıya qoyulan istənilən tapşırıqları asanlıqla icra edirik. Əlbəttə, istənilən tapşırığı icra edə bilmək üçün ilk öncə fiziki cəhətdən güclü olmaq lazımdır. Məhz bu səbəbdən də günün nizam qaydalarına uyğun olaraq keçirilən fiziki hazırlıq məşğələlərində fəal iştirak edir, hər gün daha da güclənirik".

Orxan HÜSEYNLİ

"Azərbaycan Ordusu"