Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2024 19:53

Aprel zəfəri - Böyük Qələbəyə aparan yol

Azərbaycan Ordusunun Aprel zəfərindən artıq 8 il ötür. Aprel qələbəsi də hərb tariximizə qızıl hərflərlə yazılmış, qəhrəman oğullarımızın misilsiz şücaəti ilə qazanılmış qələbələrimizdəndir. Azərbaycan əsgəri bu döyüşlərdə böyük hünər göstərərək erməni işğalçılarına ağır zərbələr endirdi. Belə ki, 2016-cı ilin Aprel döyüşləri ilə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu Böyük Qələbəyə aparan yolun cığırını açdı. Aprel qələbəsi xalqımızın gələcək qələbələrə olan inamını daha da artırdı. Əvvəlcə həmin tarixin xronologiyasına nəzər salaq.
Separatçı qüvvələrin 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə təxribat törətmək cəhdi onların fiaskosu ilə nəticələndi. Düşmən tərəfindən cəbhə boyu bölmələrimizin mövqeləri, həmçinin yaşayış məntəqələrimiz müxtəlif çaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərimiz həlak olmuş və müxtəlif dərəcəli xəsarətlər almış, mülki və hərbi infrastrukturlara, əhalinin təsərrüfat sahələrinə ziyan dəymişdir. Təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan Ordusu tərəfindən cəbhənin müxtəlif istiqamətlərindən təxirəsalınmaz cavab tədbirləri icra olunmuşdur. Ordumuzun bölmələri düşmənin kəşfiyyat-diversiya bölmələrinin hücumlarını dəf edərək, onlara xeyli itki verməklə, geri çəkilməyə məcbur etmişdir. Belə ki, Azərbaycan əsgəri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində Ermənistan ordusunun yerləşdiyi mövqeləri darmadağın edərək irəlilədi. Azərbaycan əsgəri sərgilədiyi misilsiz Vətən sevgisi ilə əldə etdiyi qələbədən sonra düşmənin məğlubedilməzlik mifi darmadağın olundu, keçilməz sədləri qısa vaxtda yarıldı. Başqa cür ola da bilməzdi, düşmən məğlub olmalı idi, çünki o işğalçı idi və sonda ədaləti bərpa edən də məhz o torpağın həqiqi sakinləri olan qəhrəman oğullarımız idi. Separatçılar bu döyüşlərdə yüzlərlə itki verdi, düşmənin onlarla texnikası və döyüş qurğuları sıradan çıxarıldı. Düşmənin yerləşdiyi strateji yüksəkliklər bölmələrimiz tərəfindən azad olundu. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və digər işğalda olan 2000 hektardan çox ərazi düşməndən təmizləndi. Düşmənin nəzarətində olan strateji yüksəkliklərin azad olunması Goranboy, Naftalan, Füzuli, Tərtər şəhərlərinin tərkibində olan ərazi inzibati vahidlərinin hərbi və mülki infrastrukturuna yarana biləcək təhlükələri də aradan qaldırdı. Məhz Aprel döyüşlərində strateji yüksəkliklərin düşməndən təmizlənməsindən sonra  "Böyük Qayıdış" prosesinin də təməli qoyuldu. Mülki əhaliyə qarşı təhlükənin aradan qaldırılmasından sonra Cocuq Mərcanlıda əhalinin firavan həyatı üçün kompleks tədbirlər icra olundu. Soydaşlarımız uzun illər sürən həsrətdən sonra  öz doğma yurdlarına qayıtdılar və bununla da o yerlərdə həyat yenidən canlandı.
 2016-cı ildə qazanılan Aprel qələbəsi Azərbaycan Ordusunun gələcək zəfərlərinin carçısı oldu. O gündən bu günə qədər təməli öz iqtisadiyyatımıza söykənən hərb sahəmizin  inkişaf etdirilməsinə və qüdrətlənməsinə yönəlik görülən işləri də xüsusi vurğulamaq lazımdır. Belə ki, ordunun şəxsi heyəti həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda keçirilən müxtəlif miqyaslı təlim və məşqlərdə öz peşəkarlığını daha da artırdı. Bu təlimlərdə hərbi qulluqçularımız xeyli tər tökdü, döyüş hazırlıqlarını və vərdişlərini təkmilləşdirdilər. Döyüşdə qələbəni də şərtləndirən amil məhz döyüş ruhu və döyüş vərdişidir ki, Azərbaycan əsgəri son illər ərzində qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla və ləyaqətlə gəlməyi bacardı. Qalib ordumuz gündən-günə güclənirdi. Və bu qüdrət dosta dayaq, düşmənə gözdağı idi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, döyüş hazırlığının artırılması, maddi-texniki təminatımızın müasir standartlar çərçivəsində qurulması və hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılmasına yönəlik görülən işlər sayəsində sonda uzun illər bərpa olunmayan ədalətin məhz öz gücümüzə, hərb gücünə bərqərar olması ilə nəticələndi. 2016-cı ilin aprelində əldə olunan şanlı qələbə dövlətimizin, xalqımızın, ordumuzun bütövlüyünün və vəhdətinin növbəti simvolu, gələcək uğurlara açılan qapının açarı oldu. Məlumdur ki, düşmən bu uğursuzluqlardan nəticə çıxarsaydı, gələcəkdə daha böyük iflaslar yaşamayacaqdı. Çünki Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağını və ərazi bütövlüyünü nə vəchlə olursa-olsun, təmin edəcəyini dövlət başçımız dəfələrlə vurğulamışdı ki, düşmən bu fikirdən dərs çıxartmalı idi.
Dördgünlük müharibə təkcə ərazilərimizin işğaldan azad olunmasının mübarizəsi deyildi, Azərbaycan əsgəri tərəfindən şəhidlərimizin qisasının alınması, xalqımızın inamının bərpası və Ali Baş Komandanımızın etimadının doğruldulmasının mübarizəsi idi. Aprel döyüşləri Azərbaycan xalqının dövlət, dövlətçilik hissinin sarsılmazlığının, əsgərimizin gücünün qüdrətinin təsdiqi oldu. Qazanılan qələbə Azərbaycan Ordusunun gələcək zəfərlərinin carçısı idi. Düşmənin illərdir "möhkəmləndirdiyi" sədlərin qısa vaxt ərzində yarılması Azərbaycan əsgərinin Vətən sevgisinin, döyüş ruhunun möhkəmliyinin təcəssümü idi. Bu qələbə ilə tarixi ədalət bərpa olundu, rəşadətli ordumuzla düşmənin "ordusu" arasındakı güc, təminat, şəxsi heyətin vətənpərvərlik hissində olan müqayisəolunmaz fərq aşkar hiss edildi. Sarsılan düşmənin gələcək məğlubiyyətləri labüd idi. Və öz məkrli niyyətindən dönməyəcəyi təqdirdə, məğlubiyyətə düçar olacağı günü daha da yaxınlaşdırırdı. Düşmən Aprel döyüşlərində elə sarsıldı ki, qalib ordumuz 2018-ci ilin mayında Günnüt zəfəri, 2020-ci ildə 44 günlük Vətən müharibəsi xalqımıza Böyük Zəfər bəxş etdi. Bununla da separatizmin kökü kəsildi, tarixi ərazilərimizdə dalğalanan üçrəngli bayrağımız bir daha təsdiq etdi ki, bu yerlərin həqiqi sakini Azərbaycan xalqıdır və başqa cür ola da bilməz. Bu gün Azərbaycan xalqı nəinki regionda, dünyada da qalib xalqdır. Çünki yaxın tarixə nəzər salsaq görərik ki, biz hər zaman humanizm dəyərlərinə hörmətlə, ədalət prinsipləri gözlənilməklə analoqu olmayan müharibə aparmağı bacaran dövlət olaraq tarixə düşmüşük. Lakin qarşı tərəf atəşkəs dövründə də, müharibə dövründə də öz məkrli niyyətlərindən heç zaman əl çəkməyib və bunun nəticəsində xeyli mülki həmvətənimiz əziyyət çəkib.  Bərpa olunan ərazi bütövlüyümüz, təmin edilən suverenliyimiz bütün şəhidlərimizin qisası, öz doğma yurdlarından didərgin düşən soydaşlarımızın böyük qayıdışı Zəfərimizin tacı oldu. Bu gün təkzibolunmaz faktdır ki, xalq-ordu-dövlət birliyimiz sarsılmaz və əbədidir. İşğaldan azad olunan ərazilərimizdə dalğalanan bayrağımız da daimidir. Artıq bütün dünya bu reallığı qəbul edir - Qarabağ Azərbaycandır!

Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"