Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2024 10:01

“Fiziki hazırlıq məşğələlərində dözümlülüyümüzü, çevikliyimizi, cəldliyimizi inkişaf etdirmişik”

"N" hərbi hissəsində günün nizam qaydalarına uyğun olaraq fiziki hazırlıq məşğələsinin keçirilməsinin şahidi oldum. Əsgərlər məşğələ rəhbərinin göstərdiyi çalışmanı normativlərə uyğun olaraq yerinə yetirirdilər. Turnikdə dartınma, raralel qollarda icra olunan fiziki güc tələb edən çalışmaları heç bir çətinlik çəkmədən hər bir əsgər eyni anda yerinə yetirirdi. Onları izlədikcə fiziki hazırlıq dərsinə maraqlı olmaları, idman elementlərini həvəslə icra etmələrini gördüm.
Fiziki hazırlıq məşğələsindən sonra hərbi qulluqçularımızla həmsöhbət oldum. Əsgərlərə həvəslə idman elementlərini izah edən məşğələ rəhbəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavid Səfərov söhbətə başladı:
"Hərbi hissəmizdə hərbi qulluqçuların fiziki hazırlığının artırılması üçün bütün şərait yaradılıb. Həm açıq, həm də qaralı idman şəhərciyimiz var. Şəxsi heyət fiziki hazırlıq məşğələlərindən səmərəli istifadə edir. Hər biri anlayır ki, hərbçi hər an döyüş tarşırığını icra etməyə hazır olmalıdır. Verilən tarşırığı uğurla yerinə yetirmək üçün döyüş hazırlığı ilə yanaşı, fiziki güclü olmaq da vacib amillərdəndir. Buna görə də əsgərlərimiz idman dərslərinə böyük maraq göstərirlər".
Hərbi xidmətə Quba rayonundan çağırılan əsgər İbrahim Hacıyev xidmətə gəlmədən öncə də idmanla məşğul olduğunu bildirdi: "Rayonumuzda idman mərkəzləri, idman meydançaları çoxdur. Hərbi xidmətdən öncə həvəskar şəkildə idmanla məşğul olmuşam. Deyirlər idman sağlamlıqdır. Düşünürəm ki, bu, həqiqətən də, belədir. Mütəmadi olaraq idmanla məşğul olub, onu həyat tərzinə çevirdikdə insanlar dözümlü, qərarlı və intizamlı olurlar. Məhz buna görə dostlarımla asudə vaxtımızı idmana sərf etmişik. Bu gün də hərbi xidmətdə günün nizam qaydalarına uyğun olaraq gündə iki dəfə - səhər və axşam saatlarında idmanla məşğul oluruq".
Hərbi xidmətə Cəlilabad rayonundan çağırılan əsgər Rauf Abdullayev bir çox idman hərəkətlərini xidmət zamanı öyrəndiyini etiraf etdi: "Hərbi xidmətə gəlməmişdən əvvəl fiziki cəhətdən zəif idim. Burada mütəmadi olaraq fiziki hazırlıq dərsləri keçirildiyi üçün artıq özümdə müsbət dəyişikliklər hiss edirəm. Komandirlərimizin köməyi ilə fiziki hazırlıq məşğələlərində dözümlülüyümüzü, çevikliyimizi, cəldliyimizi inkişaf etdirmişik. Artıq rahatlıqla turnikdə dartınma, raralel qollarda enib-qalxma, irə çıxma hərəkətlərini icra edə bilirəm".
Lənkəran rayonundan ordu sıralarına çağırılan əsgər Əli Hüseynli əvvəllər idmanın güləş növü ilə məşğul olub. "Hərbi xidmətə başladığım andan komandirlərimizin diqqət və qayğısı ilə əhatə olunmuşuq", - deyə əsgər Ə.Hüseynli bildirdi. "Hərbi xidmətdə hər bir saatımız səmərəli və maraqlı keçir. Fiziki hazırlıq məşğələləri ilə yanaşı, hərbi hissəmizdə müxtəlif növ idman yarışları təşkil olunur. Üarışlar zamanı şəxsi heyət arasında dostcasına rəqabət olsa da, yarışdan sonra yoldaşlarımızın qələbəsinə sevinirik. Bu cür yarışlar bizi daha da yaxınlaşdırır, bir yumruq kimi birləşdirir. Döyüş meydanında bu vacib amillərdən biridir. Bölməmizdə əsgər yoldaşlarımla dostluq, qardaşlıq münasibətləri yüksək səviyyədədir".
Digər əsgərlər Aqşin Ağasiyev, Vüqar Həşimzadə, Emil Üusifli, Rəvan Həsənov və digərləri də hərbi hissədə yaradılan şəraitdən məmnun olduqlarını bildirdilər. Komandirlərin nəzarəti altında müasir idman vasitələrindən, trenajorlardan, maneə zolaqlarından və digər vasitələrdən istifadə edən əsgərlərimizin hər birinin fiziki və mənəvi cəhətdən sağlam, Vətəninə və millətinə bağlı əsgər kimi formalaşdıqlarını görmək bizi qürurlandırdı.

Oruc MUSTAFAYEV

"Azərbaycan Ordusu"