Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2024 09:58

“Xalq-dövlət-ordu birliyi qələbəmizin təminatçısı oldu”

Vətənimiz Azərbaycanı sevən, ona varlığı ilə bağlı olanlar dəyərli ömür yaşayırlar. Doğrudan da, "Torpaq, uğrunda ölən varsa, Vətəndir". Bu gün Azərbaycanımızın öyünməyə haqqı var - onu qoruyan, yaşadan, tarixlər yazan, dastanlar yaradan igid oğulları var. Əsrlər boyu oddan, alovdan keçən Vətənimiz çox keşməkeşlər görüb, çətinliklərlə üzləşib, amma büdrəməyib, düşmənə baş əyməyib, sınaqlardan mərdliklə çıxıb. Güclü ordusunu yaradıb, düşmənə layiqli cavabını verib. Bax, budur, xalqın birliyi, yenilməzliyi. Xalq dövlətinin, ordusunun ətrafında sıx birləşərək düşmənə qalib gəlib. Eşq olsun, bu birliyi, sarsılmazlığı qoruyub saxlayan, nəsildən-nəslə ötürən müdrik xalqımıza!
XX əsrin sonları - XXI əsrin əvvəllərində Vətənimizə göz dikən erməni işğalçıları tarixdə görünməmiş vəhşiliklər, qətliamlar törətdilər. Vandalizmin, barbarlığın sonu yox idi. Məkrli düşmən kifayət qədər silaha və hərbi texnikaya malik idi. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanda hakimiyyət boşluğuna görə, səriştəsizliyə görə, iddialara görə formalaşmaqda olan ordu ilə xalq arasında bir uçurum yaranmışdı. Minlərlə soydaşımız Vətənin müdafiəsinə qalxsa da, fəaliyyətdə olan orduya vahid mərkəzdən rəhbərlik yox idi.
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizdə siyasi mühiti, xalqın dövlətə, dövlətçiliyə inamını büsbütün dəyişdi. İqtisadiyyatımız yeni inkişaf mərhələsinə qədəm qoydu. Ordu quruculuğu istiqamətində böyük işlər həyata keçirildi. Ölkəyə ən müasir standartlara cavab verən hərbi texnika və texnologiyalar gətirildi. Hərbi təhsil daha müasir formada yenidən quruldu, hərbi vətənpərvərlik tərbiyəsi yeni müstəvidə inkişaf etdirildi. Xalqın özünə inamı artdı.
Ulu Öndərin layiqli davamçısı, müdrik və uzaqgörən lider Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycanın inkişafında yeni mərhələ yaratdı. Hakimiyyətdə olduğu 20 il ərzində xalqın birliyinin, Azərbaycan Ordusunun qüdrətinin artırılması kimi mühüm vəzifələrin yerinə yetirilməsinə nail oldu. Ali Baş Komandan kimi ordumuzun döyüş qabiliyyətinin artırılması, onun ən müasir silah və sursatlarla təchiz edilməsi daima diqqət mərkəzindədir. Məhz bunların nəticəsidir ki, Azərbaycan dünya hərb tarixində bir ilkə imza atdı. Havadarlarına güvənən Ermənistan 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə məğlub edildi, təslim aktını imzaladı. Ötən il 19-20 sentyabrda  Ermənistan silahlı birləşmələrinə və separatçılara qarşı ordumuzun keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Bu qələbələrdə hərbi qulluqçularımız misilsiz igidliklər göstərdilər. Böyük Zəfərin təməlində xalq, dövlət və ordunun birliyi dayanırdı. Xalqımız 30 ildən artıq düşmən işğalında qalmış ərazilərini azad edərək yeni bir dövrə qədəm qoydu. Xalq-dövlət-ordu birliyi qələbəmizin təminatçısı oldu.
Mən bu tarixi proseslərin canlı şahidiyəm. Birinci Qarabağ müharibəsində 1993-cü ilin aprelində Murovdağ istiqamətində Ömər aşırımı uğrunda gedən ağır döyüşlərdə yaralanmışam. I qrup Qarabağ müharibəsi əliliyəm. Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmişəm. Qarabağ Müharibəsi, Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədriyəm. Ailədə 6 qardaş, bir bacı olmuşuq. Vətənpərvər, ordusevər  bir ailədə böyümüşük. Ata babam Əlidadaş Rəhimov 416-cı Azərbaycan Milli Diviziyasının topçu əsgəri olub. II qrup Böyük Vətən müharibəsi əlili idi. Biz də babamızın şərəfli döyüş yolunu davam etdirdik. Qardaşım Coşqun Rəhimov 1991-ci ildə sənədlərini Bakı Dövlət Universitetinin tarix fakültəsinə vermişdi, müsabiqədən keçə bilmədi. Həmin ilin oktyabrında könüllü olaraq Ağdam cəbhəsinə yola düşdü. İki ay Ağdam özünümüdafiə batalyonunun tərkibində döyüşüb. Sonra Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 1993-cü il avqustun 23-də də Füzuli rayonu uğrunda gedən ağır döyüşlərdə yaralı halda itkin düşüb. Ordumuzun "N" hərbi hissəsində taqım komandiri idi. Digər qardaşım Çinar Rəhimov Vətən müharibəsində Qubadlı rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Qubadlının azad olunmasına görə" medalına layiq görülüb.
Bu gün doğma Azərbaycanımız qürur dolu tarixini yaşayır. İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri sürətlə aparılır. Soydaşlarımız öz ata-baba yurdlarına geri dönürlər. Böyük Qayıdış başlayıb. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan inkişaf edən, yüksələn bir ölkəyə çevrilir. Əminəm ki, ölkəmizin daha böyük inkişafı, yüksəlişi hələ qabaqdadır. Eşq olsun, rəşadətli Azərbaycan Ordusuna, Böyük Zəfəri bizə bəxş edən Müzəffər Ali Baş Komandanımıza! Yaşasın, Azərbaycan!

Nahid RƏHİMOV

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri, Qarabağ müharibəsi əlili