Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2024 09:56

“Vətən bizə - Azərbaycan əsgərinə güvənir”

Hərbi xidmətin ilk günlərindən çətinliklərin öhdəsindən əzmlə gələn möhkəm iradəyə malik Azərbaycan əsgəri bu gün işğaldan azad olunmuş ərazilərimizdə mövqelərimizi daha da gücləndirərək, Vətən torpaqlarının gecə-gündüz keşiyindədir. Onlar Vətənə şərəfli xidmətləri ilə bərpa-quruculuq işlərinə, Böyük Qayıdışa böyük töhfələr bəxş edirlər. Belə nümunəvi xidmətləri ilə fərqlənən əsgərlərlə görüşüb təəssüratlarını qələmə aldım.
Əsgər Nurel Vəliyev:
- Vətənə, xalqa sədaqət andı içdiyimiz gündən bizi müəyyən zaman məsafəsi ayırır. İndi əsgər yoldaşlarımla birlikdə o müqəddəs günü xoş təəssüratlarla xatırlayırıq. Biz ata-babalarımızın, şəhidlərimizin şərəfli döyüş yolunu özümüzə örnək bilirik. Xidmət günləri arxada qaldıqca, addımlarımız daha da möhkəmlənir, oddan, alovdan keçərək mətinləşirik. Balakən rayonunun Qazma kəndində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olundum. Ali təhsilimi başa vurub Azərbaycan Ordusu sıralarında Vətənə övladlıq borcumu layiqincə yerinə yetirirəm. Döyüş və mənəvi-psixoloji hazırlıqlarımı artırıram.
Hərbi xidmət biz əsgərlərə gələcək həyatımızda qarşımıza çıxan çətinliklərin öhdəsindən bacarıqla gəlməyin yollarını öyrədir. Komandir və rəislərimizin tapşırıqlarını vaxtında və yüksək bacarıqla yerinə yetiririk. Verilən əmr və tapşırıqlara ciddi və məsuliyyətlə yanaşırıq. Hərbi xidməti mənə sevdirən və vətənpərvərlik ruhunu aşılayan dostlarım çoxdur. Onlardan bəziləri 44 günlük Vətən müharibəsində Füzuli, Xocavənd və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunublar. Biz Qalib Azərbaycan əsgəri adını daşımaqla qürur duyuruq.
Əsgər Rəşad Mejimov:
- Hərbi xidmətə başladığım vaxtdan 7 ay keçir. Artıq hərbi xidmətin çətin keçən ilk günləri arxada qalıb. Deyirlər, hərbi xidmət dövrü qazanılan dostluq möhkəm olur. Mən də burada çoxlu dostlar qazanmışam. Əsgərlik dövrünün gələcək həyatımızda rolu böyükdür. Vətənə, xalqa, dövlətə sədaqətin həm nəzəri, həm də təcrübi baxımdan elmini öyrənirsən. Hər bir gənc ordu həyatının çətinliklərini keçməlidir. Bu çətinliklər bizi möhkəmləndirir, daha əzmli, iradəli edir. Vətən bizə - Azərbaycan əsgərinə güvənir. Bunu layiqincə qiymətləndirib, üzərimizə düşən məsuliyyəti dərindən dərk edirik. Bu qürur və iftixar dolu məsuliyyəti şərəflə daşımağa hazırıq. Keçirilən təlimlərdə daima döyüş hazırlığımızı artıraraq, işğaldan azad olunmuş ərazilərimizdən minaların və döyüş sursatlarının təmizlənməsini nəzəriyyədə və praktikada həvəslə öyrənirik. Hərbi davranış qaydalarını artıq mənimsəmişik. Sevinirik ki, torpaqlarımızın dirçəldilməsində, quruculuq işlərində biz istehkamçı əsgərlərin də payı olacaq.
Əsgər Bayram Qafarov:
- 14 aydır ki, Vətənə sədaqət andı içib, şərəfli əsgər adını daşıyıram. İlk günlər hərbi vərdişlərə yiyələnməkdə çətinliklərim olsa da, komandirlərimin sayəsində qısa müddətdə bunlar aradan qaldırıldı. Ordu həyatına bağlandım. Təlimlər, döyüş hazırlıqları, dərslər məni güclü, əzmli olmağı öyrətdi. İctimai-siyasi hazırlıq dərslərini peşəkar zabitlərin keçməsi mövzulara marağımı çox artırdı. Biz dahi şair, dövlət xadimi Xətainin, böyük sərkərdə Babəkin, qəhrəman Həzinin varisləri, igid Mübarizin davamçılarıyıq. Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olan qalib Azərbaycan əsgəriyik. Dünya görüşümün formalaşmasında ailəmin və oxuduğum orta məktəbin, doğulub boya-başa çatdığım elin, obanın rolu böyükdür. Vətənimizi, xalqımızı sevmək anlayışı bizə ailədə, məktəbdə, yaşadığımız mühitdə aşılanır. Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimov və Mübariz İbrahimov cəsarətləri ilə sanki sonrakı nəsillər üçün fədakarlıq məktəbi yaratdılar. İkinci Qarabağ savaşında iştirak edən Vətən oğulları bu məktəbin yetirmələri idi. 44 günlük Vətən müharibəsində, əməliyyat tədbirlərində neçə-neçə igid oğullar şəhidlik zirvəsinə ucaldılar. Biz belə qəhrəmanların şanlı döyüş yolunu öyrənir, adlarını qəlbimizdə daim yaşadırıq. İnanırıq ki, gələcək nəsillər də bu ənənəni davam etdirəcəklər.
Əsgər Qurban Süleymanov:
- 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, fədakarlıq nümunələrindən hələ çox danışılacaq. Biz də o qəhrəmanlıq dastanlarını oxuyub öyrənirik. Hər bir əsgər Vətən, torpaq uğrunda canından keçən şəhidlərimizin həyat və döyüş yolu haqqında vacib bilgiyə malik olmalıdır. Onlar Xocalı, Qaradağlı, ruhu narahat olan Birinci Qarabağ şəhidlərimizin qisasını aldılar. Xalqımızın, gələcək nəsillərin xoşbəxt, firavan, sülh şəraitində yaşaması üçün canlarını qurban verdilər. Tariximizə adlarını qızıl hərflərlə yazan şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı döyüşçülərimizin qarşısında baş əyirəm.
Vətənimizin müdafiəsində əzmlə dayanan əsgərlərin ürək sözlərini dinlədikcə bir daha əmin oluram ki, xalqımız öz igid oğullarını orduya, hərbiyə böyük sevgi hissi ilə yetişdirib. Ona görə xalqımız Vətənimizi Azərbaycan əsgərinə, öz qəhrəman övladına əmanət edir. Vətən sənə əmanətdir, Azərbaycan əsgəri!
Lalə HÜSEYNOVA,

fotolar

Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"