Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2024 09:51

Gerçəkləşən arzular

On illərlə davam edən atəşkəs, təmas xətti dövrü artıq tarixə qovuşub. O zaman da cəbhə xəttində, səngərdə xidmət edən döyüşçülərimizin yanına çox getmişdik. Onların arzu və istəklərini dinləyib təsirlənmişdik də. Hamının bir məqsədi, bir arzusu vardı: düşmən işğalında qalan torpaqlarımızı azad etmək. Vətən təəssübünü çəkən hər bir vətənpərvər oğulun qəlbində bir qubar vardı. Döyüşçülər atəşkəsdən, təmas xəttindən də yorulub təngə gəlmişdilər. Onların mənəvi-psixoloji hazırlığı daim yüksək olardı. Döyüş hazırlığına gəlincə, gecə-gündüz demədən hazırlıqlarını artırırdılar. Ali Baş Komandanın hücum əmrini gözlədiklərini deyirdilər. Nəhayət, 27 sentyabr 2020-ci il tarixi döyüşçülərimizin arzuladığı gün oldu. Səbirsizliklə qələbə xəbərini gözləyən xalqımızın gözündə ümid çırağı qələbə müjdəsi gözləyirdi, tezliklə müharibənin Zəfərlə başa çatmasını arzulayırdı...
Artıq bu gün ötən əsrin ən böyük faciəsini yaşamış Xocalı şəhərindəyik. Erməni vəhşiliyinin, erməni vandalizminin silinməz iz qoyduğu tək ünvan - Xocalı. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə sonuncu soydaşımız öz doğma yurdunu necə tərk etmişdi? Hansı müsibətlə, hansı faciə ilə üz-üzə qalmışdı? O faciədən dərhal sonra ora qayıtmaq ümidləri tamamilə üzülmüşdü. Onda ermənilərin hər yerdən güc aldığı vaxt idi.  Belə bir deyimimiz var: “Haqq nazilər, amma üzülməz”...
Mayor Sahib Hacırəhimovla erməni vəhşiliyindən azad edilmiş torpaqlarda görüşdük. Hələ də o xoş hisslərin təsirindən ayrıla bilmirəm.
- Burada indi təmas xətti yoxdur. Azad edilmiş torpaqlarda əsgərlərimzin döyüş hazırlığının artırılması ilə məşğul oluruq, - deyən zabit Sahib Hacırəhimov tabeliyində olan zenitçilərin fəaliyyətini yüksək qiymətləndirdi.
Zenitçilər həm 44 gün davam edən Vətən müharibəsində, həm də 2023-cü ildə keçirilən əməliyyatlar tədbirlərində uğurlu fəaliyyətlər göstəriblər. Əslən Ağdam rayonundan olan zenit-pulemyot manqasının komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Ruslan Qasımovun ömrünü hərbi xidmətə həsr etməkdə başlıca məqsədi doğma torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində başlayacaq döyüşlərdə iştirak etməsi olub.
44 günlük Vətən müharibəsində çavuş Ruslan Qasımovun da xidmətləri var. Döyüşlərin başladığı ilk gündən komandiri olduğu heyətlə təyin olunduğu döyüş mövqeyində öz yerini tutub. Onların başlıca tapşırığı düşmənin hava hədəflərini, paraşütlə atılan desantını, suüstü hədəflərini, döyüş texnikalarını, atəş nöqtələrini məhv etməsi olub. Zenitçilərimiz qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəliblər.
Heyət üzvlərindən əsgər Amin Həmzəzadə Cəlilabad rayonundan ordu sıralarına çağırılıb. 19-20 sentyabr tarixlərində Qarabağda ordumuzun keçirdiyi döyüş əməliyyatlarında iştirak edib. O, azad olunmuş ərazilərimizdə hərbi xidmət etməkdən məmnun olduğunu dedi.
Əsgər Sənan Bayramov isə Qazax rayonunda anadan olub. Azərbaycan Texniki Universitetini bitirib. Xocalı şəhərində hərbi xidmətini davam etdirməkdən qürur duyduğunu dedi. - Gözümü dünyaya açandan düşmənin Xocalıda günahsız dinc insanların üzərinə tanklarla, zirehli döyüş texnikaları ilə hücum çəkdiyini eşitmişəm. Günahsız, əliyalın insanlar odlu silahlarla amansızcasına qətlə yetirilib. Onlarla körpə, qadın, yaşlı insan işgəncələrlə  öldürülüb. Xocalı şəhəri bizim yaddaşımızda belə qalıb. Burada xidmət etmək həm ağırdır, həm də qürurvericidir. Ağırdır ona görə ki, Xocalı qan yaddaşımız olmuş şəhərdir. Qürurludur, ona görə ki, düşməndən qisas alınıb, artıq doğma torpaqlarımızdayıq.
Əsgərlərdən Fəxri Yasinov, Fərid Mövləquliyev də vətənpərvər döyüşçülərdəndir. Onlar bildirdilər ki, müharibə bitsə də, hər zaman döyüş hazırlığımızı artırmalıyıq.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"