Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2024 09:48

Vətənin müdafiəsində mətin dayanan igidlər

Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ulu Öndər müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişdirilməsini dəfələrlə qürur hissi ilə vurğulayaraq demişdir: "Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var".
Belə ki, gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, vətəndaşlıq hisslərinin aşılanması hər zaman diqqət mərkəzindədir. Bütün bunlar isə vətənpərvərlik hisslərini daha da gücləndirir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri olan gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçımız da öz çıxışlarında gənclərimizin vətənpərvərlik tərbiyəsinin vacibliyini vurğulayaraq deyib: "Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu, bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır". Məhz bu vətənpərvər gənclər sayəsində 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində rəşadətli ordumuz zəfər qazandı. İgid oğullarımızın şücaəti sayəsində şəhidlərimizin qisası alındı. Cəsur döyüşçülərimiz qarşısında tab gətirə bilməyən erməni əsgəri isə döyüş meydanından qaçmaqdan başqa çıxış yolu tapa bilmədi. Bununla da tarixi torpaqlarımız gerçək sahibinə qovuşdu, bütün dünya dövlətimizin və ordumuzun qüdrətini, gənclərimizin qorxmazlığını, vətənpərvərliyini və Vətən üçün hər an candan keçməyə hazır olduqlarını gördülər.
Bu gün torpaqlarımızın müdafiəsini təmin edən məhz belə vətənpərvər gənclərimizdir. Onlar ərazilərimizi göz bəbəyi kimi qoruyur və istənilən hücumun qarşısını ləyaqətlə almağa hazır və qadirdirlər. "N" hərbi hissəsində bunun canlı şahidi olduq. Hərbi hissənin zabiti Teymur Qurbanəliyev söhbətimiz zamanı bildirdi ki, təsdiq olunmuş günün nizam qaydalarına uyğun olaraq keçirilən dərs və məşğələlər sayəsində məğrur hərbi qulluqçularımız hərtərəfli hazırlıqlıdırlar. Keçirilən məşğələlərin nəticəsidir ki, əsgərlərimiz irimiqyaslı təlimlərdə heç bir çətinlik çəkmədən döyüş tapşırıqlarını yerinə yetirərək, müvəffəqiyyətlər əldə edirlər. Əminliklə deyə bilərəm ki, onlar qarşıya qoyulan istənilən döyüş tapşırıqlarının öhdəsindən asanlıqla gələ biləcək gücə malikdirlər".
Daha sonra səngərdə torpaqlarımızın keşiyini çəkən oğullarımızın görüşünə yollandıq. Burada leytenant Ülvi Sadıqovla tanış olduq. Zabit Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə başlayan Vətən müharibəsindən, torpaqlarımızın düşmən əsarətindən azad edilməsindən, daha sonra isə əsgərlərin ruh yüksəkliyi ilə xidmət etmələrindən, torpaqlarımızın müdafiəsinin əmin əllərdə olmasından, regionun ən güclüsü olan ordumuzun güc və qüdrətindən danışdı.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəriman Balayev bildirdi ki, nəzarət tam bizim əlimizdədir. "Əsgərlərimiz xidmətə məsuliyyətlə yanaşır, növbə zamanı gözlərini belə qırpmadan keşik çəkirlər. Hər biri qorxmaz, cəsur əsgərlərdir. Şəxsi heyət istənilən təxribatın qarşısını layiqincə almaq gücünə qadirdir", - dedi.
Nəriman onu da bildirdi ki, əsgərlər üçün silahdan istifadə, təhlükəsizlik qaydalarına ciddi əməl etmə, müşahidə zamanı diqqətli olmaq kimi vacib vərdişlər önəmli əhəmiyyət daşıyır. Söhbətimiz zamanı öyrəndim ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəriman Balayev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Döyüşlərin başladığı ilk gündən düşmənə göz açmağa imkan verməyən oğullarımızdan olub. Onun peşəkarlığı və təcrübəsi sayəsində düşmən xeyli sayda itki verib. Füzuli rayonunun azadlığı uğrunda gedən ağır döyüşlərdə Nəriman hərbi texnika ilə irəlilədiyi zaman düşmənin endirdiyi artilleriya zərbəsi ilə vurulub. Nəticədə kəllə-beyin travması alıb. Bir neçə gün modul tipli hospitalda müalicə aldıqdan sonra yenidən silahdaşlarının yanına qayıdıb. Çünki o, illərdir bu arzu ilə yaşayıb. Xain düşməndən qisas almağı həyatının amalı bilib.
Beləliklə, qarşıya qoyulan bütün döyüş tapşırıqlarını dəqiq yerinə yetirərək, şücaət və igidlik nümayiş etdirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bakı şəhərindən ordu sıralarına çağırılan əsgər Raul Rəhimov xidmətə başladığı ilk gündən etibarən təcrübəli komandir heyətinin köməkliyi ilə hərbin sirlərinə dərindən yiyələnib. Döyüş, atəş və fiziki hazırlıqlarını olduqca yüksək səviyyəyə çatdırıb. Qarşıya qoyulan istənilən tapşırıqların öhdəsindən asanlıqla gəlib. Həmçinin xidmətə yeni başlayan silahdaşlarına hər zaman dəstək olub. Çətin anlarında yanlarında olub və köməyini əsirgəməyib. Bütün bu amillərə görə Raul bütün şəxsi heyətin hörmət və rəğbətini qazanıb. Məhz buna görə o buranı öz evi, silahdaşlarını isə ailəsi bilir.
Belə vətənpərvər oğulla tanış olmaq bizi qürurlandırdı. Əsgər xidmətindən, dostlarından, komandirlərindən, burada keçirdiyi xoş günlərindən uzun-uzadı söhbət etdi. Yuxarı komandanlıq tərəfindən onlar üçün yaradılan sosial-məişət şəraitindən də söz açdı. "Yuxarı komandanlığın bizə göstərdiyi diqqət və qayğı göz önündədir. Düşmənlə yaxın məsafədə xidmət etməyimizdən asılı olmayaraq sosial-məişət şəraitimiz yüksək səviyyədədir. Komandirlərimiz mütəmadi olaraq ailəmizlə əlaqə saxlamağa şərait yaradırlar. Bütün problemlərimizlə maraqlanaraq anında həll edirlər. Həmçinin günün nizam qaydalarına uyğun olaraq, asudə vaxtlarımızı səmərəli keçiririk. Müxtəlif kitab və jurnallar oxuyuruq. Televiziya kanallarında yayımlanan hərbi verilişləri də izləyirik. Beləliklə, bu cür diqqət və qayğının qarşılığında üzərimizə düşən vəzifə - xidmətimizi düzgün təşkil edib, torpaqlarımızın müdafiəsində mətin dayanmaqdır. İnanıram ki, bizlərə tapşırılan bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəyik".
- Döyüş növbətçiliyini bitirən əsgər Elşən Murtuzəliyev hərbi xidmətə Şəki rayonundan çağırılıb. Elşən də digər əsgər yoldaşları kimi burada həm komandir, həm də silahdaşları arasında nümunəvi xidməti ilə seçilir. Əsgər söhbətimiz zamanı bildirdi ki, düşmən 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirtmək məqsədilə artilleriyadan istifadə etməklə qəflətən hücuma keçməyə cəhd göstərdi. "Lakin ordumuzun həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində hücumlarının qarşısı alındı və onlar geri çəkilməyə məcbur oldular. Bu döyüşlər zamanı Azərbaycanın Milli qəhrəmanları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər cəsur oğullarımız qəhrəmanlıq nümayiş etdirərək, şəhidlik zirvəsinə yüksəldilər. Bu gün isə generalımızın şəhid olduğu mövqedə xidmət etmək hər birimizə qürur verir. Əminliklə deyə bilərəm ki, onun kimi bir komandirin, zabitin döyüş yolunu özümüzə örnək bilib, xidmətimizi düzgün təşkil edəcəyik. Heç bir zaman da imkan vermərik ki, kimsə torpaqlarımıza əl uzatsın".
Əsgər Zakir Alıyev dedi ki, hər bir Azərbaycan gənci hərbi xidmət dövrünü keçməlidir. Bu yol nə qədər çətin olsa da, o qədər də şərəflidir. Burada yaşanan hər bir günümüz yaddaşımıza ömürlük həkk olunur. Əsgər yoldaşlarımızla keçirdiyimiz günlər, asudə vaxtlarımızda etdiyimiz söhbətlər, təlim və həyəcan vaxtları və s. bunlarla yanaşı, burada özünə ömürlük dost qazanırsan. O dost ki, hər bir zaman sənin yanında olur. O dost ki, sənin ən çətin anlarında belə səni tərk etmir.
Əsgərlər Vüqar Ədilzadə, Tural Mamedov və digərləri düşmənlə qarşı-qarşıya dayanıb, onları daim nəzarətdə saxlamaq nə qədər çətin olsa da, bir o qədər də qürurverici və şərəfli olduğunu, komandirlərinin onlara aşıladığı hərbi biliklər sayəsində üzərlərinə düşən vəzifənin öhdəsindən asanlıqla gəlib, torpaqlarımızın müdafiəsində qətiyyətlə dayandıqlarını dedilər.
Orxan HÜSEYNLİ,

fotolar

Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"