Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Mart 2024 16:23

“Hər zaman diqqət və qayğı ilə əhatə olunmuşuq”

Azərbaycan Ordusunda xidmət edən hər bir əsgərin rahatlığı üçün lazımi şərait yaradılıb. Əsgərlərimizə göstərilən diqqət və qayğı, yaradılan yüksək məişət şəraiti onların hərbi xidmətlərini uğurla keçmələrində əhəmiyyətli olur. Dövlət rəhbərliyinin diqqət mərkəzində saxladığı əsas məqamlardan biri də ordunun inkişafı və xidmət edən hər bir hərbi qulluqçunun sosial-məişət şəraitinin müntəzəm yüksəldilməsidir. Vətən müharibəsində qazanılan tarixi Zəfərdən dərhal sonra işğaldan azad edilən ərazilərə dislokasiya edilən hərbi hissələrdə rahatlığın təmin edilməsi, xidmət şəraitinin yüksəldilməsi məqsədilə müasir tələblərə cavab verən yeni tikililər - qərargahlar, əsgər yataqxanaları, təlim meydançaları və s. göstərilən diqqət və qayğının bariz nümunəsidir.
"N" hərbi hissəsində gənc əsgərlərin gündəlik fəaliyyəti, keçirilən məşğələlər və məişət şəraitləri ilə yaxından tanış olduq. Baş gizir Tural Həsənov ilə əsgər yataqxanasına daxil olduqda dəhlizin təmizliyindən, səliqə-sahmanın nə dərəcədə olduğunu təxmin etmək çətin olmadı. Divarlardakı ordu quruculuğunu əhatə edən foto-stendlər, divar mətbuatı burada mənəvi-psixoloji hazırlığın təşkilinin göstəricisidir. Yataq otaqları təmiz, səliqəli, əşyalar nizamlı şəkildə düzülmüşdü. İkimərtəbəli çarpayılar, təmiz mələfələr, əl-üz dəsmalları əsgərlərin yüksək sosial-məişət şəraitindən xəbər verirdi.  Bunların hamısı ordu quruculuğunda aparılan islahatların, şəxsi heyətin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü işlərin bariz nümunəsidir.
Baş gizir Tural Həsənov yataqxana barədə məlumat verdi: "Gördüyünüz yataq dəstləri hər həftəsonu təmizləri ilə əvəz olunur. Həftənin şənbə günləri köhnə camaşırlar yığılaraq camaşırxanaya təhvil verilir, yuyulub ütüləndikdən sonra bölmələrə qaytarılır. Həmçinin mövsümi respirator xəstəliklərlə mübarizə aparmaq üçün mütəmadi olaraq yataqxanada hərbi hissənin tibb işçiləri tərəfindən dezinfeksiya işləri də aparılır. Tabeçiliyimizdə olan hər bir əsgər bizim qardaşımız, döyüş yoldaşımızdır. Onlara diqqət göstərmək, qayğıları ilə yaxından maraqlanmaq bizim vəzifə borclarımızdandır. Gördüyünüz kimi, əsgərlərimiz müasir ortopedik matraslı yataqlardan istifadə edirlər. Digər bütün təminatları da təlimata uyğundur. Ən əsası əsgərlərimizin hər biri yüksək əhval-ruhiyyə ilə xidmət edir".
Yataqxananın səliqə-sahmanı ilə məşğul olan əsgərlərlə də həmsöhbət oldum. Yataq yerlərini nizamlayan əsgər Anar Allahverdiyev Yevlax rayonundandır. "Xidmətə başladığım ilk gündən şərait məni heyrətləndirdi. Bizim üçün çox gözəl şərait qurulub. Təkcə yataqxanada deyil, dərs otaqlarında, yeməkxanada, hamam-camaşırxana və digər otaqlarda yüksək məişət şəraiti yaradılıb", - deyə Anar Allahverdiyev bildirdi.
Ordu sıralarına Qəbələ rayonundan çağırılan əsgər Rəvan Həsənov hərbi xidmətə başladığı ilk gündən doğma münasibət gördüyünü bildirdi: "Vətən qarşısında övladlıq borcumun öhdəsindən uğurla gəlmək üçün çalışıram. Xidmətimin məsuliyyətini anlayıram. Burada hərbin sirlərini peşəkar komandirlərimiz tərəfindən öyrənirik. Hərbi hissəyə gəldiyimiz ilk gündən diqqət və qayğı ilə əhatə olunmuşuq. Bizdən tələb olunan isə sadəcə intizamlı əsgər kimi şanlı ordumuzun adına layiqli hərbçi olmaqdır".
Digər əsgərlər - Əlisahib Ağayev və Eltun Həziyev də hərbi hissədə yaradılan şəraitdən razılığını bildirdi. Şahidi olduğum yüksək məişət şəraiti bir daha sübut edir ki, dövlət rəhbərliyi tərəfindən hər bir hərbi qulluqçuya yüksək diqqət və qayğı göstərilir. Şəxsi heyətin sosial şəraitinin ən yüksək səviyyəyə çatdırılması istiqamətində daim işlər aparılır. Bu da öz növbəsində orduda döyüş ruhunu, mənəvi-psixoloji durumunu yüksəldir. Vətən müharibəsi zamanı məhz şəxsi heyətin sağlam mənəvi-psixoloji durumu və döyüş ruhunun yüksək olması qələbəni təmin edən başlıca amillərdən idi.

Oruc MUSTAFAYEV

"Azərbaycan Ordusu"