Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Mart 2024 16:10

Heyətlər azad edilmiş ərazilərdə də döyüş hazırlıqlarını artırırlar

Azad edilmiş ərazilərdə əsgərlərin tam yerbəyer olunması yekunlaşıb. Zabit Elşən Veysəlli bildirdi ki, şəxsi heyətin sosial məişəti və xidməti üçün əlverişli şərait də yaradılıb.
Əsgərlərin müvəqqəti məskunlaşması üçün yataqxanalar, yeməkxanalar, hamam-camaşırxana onların ixtiyarına verilməlidir. Komandanlığın göstərişinə əsasən, təxirəsalınmaz işlər davam edir. Zabit E.Veysəlli onu da bildirdi ki, hazırda şəxsi heyət çöl təlimindədir. Döyüş hazırlığı planına uyğun olaraq heyətlər ərazidə praktiki təlim çalışmalarını yerinə yetirirlər. Əsgərlərin bu cür taktiki təlimləri onların gələcəkdə istənilən döyüş tapşırığını yüksək səviyyədə icra etməsinə zəmin yaradır.
Tank əleyhinə raket qurğusunun heyəti tam döyüş komplektində idi. Heyət komandiri əsgərlərə SPQ-9 qurğusu haqqında ümumi məlumatlar verdi. Raket qurğusunun taktiki-texniki xüsusiyyətlərini kifayət qədər yaxşı bilən heyət üzvləri silahın "səfər"dən "döyüş" vəziyyətinə gətirilməsini məşq edirdilər. Onlar komandanı tez və səhvsiz yerinə yetirməyə çalışırdılar.
Kiçik çavuş Alı Alızadə tabeliyində olan heyət üzvləri ilə mövzuya uyğun taktiki təlim çalışmasını yerinə yetirirdi. Ağdam rayonunun Mahrızlı kəndindən olan Alı dedi ki, hərbçi olmağa onu sövq edən vaxtilə erməni silahlılarının işğalı altında qalan doğma Ağdam şəhəri və Vətənimizin digər əraziləri olub. Hələ kiçik yaşlarından düşmənlə təmas xəttinə yaxın olan doğma kəndində güllə səslərini çox eşidib. Böyüdükcə ermənilərin Ağdamı və başqa şəhərlərimizi, kəndlərimizi işğal etdiyini dərk edib və bundan sonra onda düşməndən qisas almaq, doğma torpaqlarımızı azad etmək istəyi baş qaldırıb. Vətənə, xalqa övladlıq borcunu yerinə yetirməyin yolunu hərbçi olmaqda görüb. Beləliklə, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmağa qərar verib. Onun bu istəyinə doğmaları da xeyir-dua veriblər. Düşmənlə üz-üzə yerləşən hərbi hissədə xidmət etməyin özünəməxsus çətinlikləri olub. Buna baxmayaraq, doğma torpaqlarımızın azadlığı naminə bütün çətinliklərə mərdliklə sinə gərəcəyinə söz verib. Xidmətə başladığı ilk gündən döyüş hazırlığını artırmaq məqsədilə öz üzərində çalışıb. Tabeliyində olan əsgərlərə də tank əleyhinə silahdan istifadə qaydalarını öyrədib. Söhbətimiz zamanı Alı  27 sentyabr 2020-ci ilin onun üçün ən yaddaqalan və tarixi gün olduğunu dedi. O zaman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xalqa müraciətindən sonra ordumuza verdiyi əks-hücum əmri onları da sevindirib. Onlar da döyüşə cəlb olunublar. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə Alı da heyətlə üzərinə düşən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirib. Daha sonra hücumun Ağdam istiqamətində davam etdiyini dedi. Torpaqlarımız düşməndən azad ediləndə sevincinin həddi-hüdudu olmayıb. Səngərdən həsrətlə baxdığı ərazilərə döyüşə-döyüşə yaxınlaşıblar. Hər yanın mina, partlamamış mərmilər olduğunu deyən heyət komandiri tez-tez atəş mövqeyini dəyişdiyini, yuxarı komandanlıq tərəfindən verilən hər bir döyüş tapşırığını yüksək səviyyədə icra etməyə səylə çalışdığını bildirdi. İkinci Qarabağ müharibəsində göstərdiyi igidliyə görə kiçik çavuş Alı Alızadə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Alı azad olunmuş ərazilərimizdə hərbi xidmətini davam etdirməkdən qürur duyduğunu dedi. Onun komandiri olduğu heyəti müddətli xidmət edən hərbi qulluqçulardan ibarətdir. Onlar xidmət müddəti başa çatdıqdan sonra ordu sıralarından tərxis olunurlar. Bu səbəbdən də heyət vaxtaşırı yenilənir. Heyət komandiri kimi onun borcudur ki, gənc əsgərlərə tank əleyhinə idarə olunan qurğunun təyinatını öyrətsin.
Əsgər Şamil Şamxalov hərbi xidmətə Ağstafa rayonundan çağırılıb. Tank əleyhinə idarə olunan silahı mükəmməl öyrənib. O da əməliyyat tədbirlərində heyətlə birlikdə döyüş tapşırığını yerinə yetirib. Buna görə də Azərbaycan əsgəri olaraq doğma torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda aparılan əməliyyatlarda iştirakından məmnundur.
Heyət üzvlərindən Əli İsmayılzadə və Səbuhi Vahidov da erməni işğalından azad edilmiş torpaqlarımızda hərbi xidmətlərindən qürur duyduqlarını bildirdilər.
Əsgər Əli İsmayılzadə dedi ki, hərbi xidmətə gəldiyi ilk gündən düşməndən azad edilmiş ərazilərdə xidmət etmək arzusunda olub. Artıq düşmən də dərk edir ki, bundan sonra Azərbaycanın bir qarış belə ərazisini işğal edə bilməz. Biz ordumuzun gücünü artırmaq üçün daim təlimləri davam etdiririk. Bu cür ciddi hazırlıqlarımız döyüş hazırlığımızı artırır.
Tank əleyhinə qurğunun heyətindən ayrıldıq. Onlar təlim məşqlərinə davam edirdilər. Heyət üzvlərinin taktiki təlimə bu cür maraq göstərməsi bizi də sevindirdi. Heyətin təlim yerindən xoş ovqatla uzaqlaşırıq.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"