Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Mart 2024 16:07

Dağ vüqarlı oğullarımız olduğu müddətcə Vətənimiz etibarlı əllərdədir

Azərbaycan əsgəri misilsiz Vətən sevgisi ilə öz irsinin layiqli davamçısı olmağı, ata-babalarının açdığı cığırda mətin addımlarla irəliləməyi bacarıb və bu gün də bu müqəddəs vəzifənin öhdəsindən ləyaqətlə gəlməyi bacarır. Vətən övladı olmaq sözdə rahat görünə bilər, lakin fikrin mahiyyətini dərk etmək üçün Vətəni relyefindən, iqlimindən, vaxt-vədəsindən asılı olmayaraq göz bəbəyi kimi qorumağın nə qədər məsuliyyətli iş olduğunu dərindən anlamaq gərəkdir. Vətən övladı olmaq bu yolda düşməni öldürmək, yeri gəlsə, ölmək deməkdir. Əbəs yerə deyil ki, üçrəngli şanlı bayrağımızın üzərindəki al qan qırmızısı qəhrəman oğullarımızın torpaqlarımızı bütünləşdirmək üçün axıtdığı qanı ifadə edir. Bu günə qədər minlərlə oğullarımız Vətənimizin var olması, bayrağımızın dalğalanması üçün canını sipər edib. Son illərdə torpaqlarımızın işğaldan azad olunması ilə, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpasıyla yanaşı, namərd gülləsinə, mənfur düşmən həmləsinə tuş gələrək şəhadətə yüksələn övladlarımızın da qisası alınıb.
Bu Vətən elə bir müqəddəs ünvandır ki, generalı ilə əsgəri eyni amal uğrunda yaşayır - Vətəni yaşatmaq, xalqın firavanlığını təmin etmək. Müqayisəolunmaz faktdır ki, Ali Baş Komandanının etimadından, xalqının sevgisindən güc alan Azərbaycan əsgəri qalib döyüşçü və Vətənin tamhüquqlu övladı olaraq, tarixdə öz silinməz qəhrəmanlıq izini qoyub. Və bu gün də Azərbaycan əsgəri Vətən müdafiəçisi vəzifəsini qürurla icra edir, müqəddəs amala ləyaqətlə xidmət edir.
"N" hərbi hissəsində dağ vüqarlı hərbi qulluqçularımızla tanış olmaq üçün minlərlə metr yüksəklikdə yerləşən bölmələrimizin mövqelərinə qalxırıq. Bölmədə gizir Mais Həcəliyev şəxsi heyəti təlimatlandırırdı. Təhlükəsizlik qaydaları, xidmətin təşkili, qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı məlumatları şəxsi heyətin diqqətinə təkrarən çatdıran təcrübəli komandirlə birlikdə döyüş növbətçiliyinin təhvil-təslimində iştirak edirik. Maislə ayaqüstü həmsöhbət oluram. Öyrənirəm ki, uzun illərdir ordu sıralarında xidmət edir. Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla yerinə yetirib. Vətən sevgisinin vacibliyindən danışan müsahibim Vətəni qorumağın ən ali vəzifə olduğunu qeyd edir. "Hər bir vətənpərvər şəxsin üzərinə düşən ali vəzifə Vətəni qorumaq, xalqa sədaqətlə xidmət etməkdir. Üzərimizdə daşıdığımız hərbi mundirin, sıralarında dayandığımız ordunun vacibliyini və müqəddəsliyini dərindən dərk edirik. Bölməmizin əsgərləri minlərlə metr yüksəklikdə Vətənə xidmət etməyin ümdəliyini, Vətəni qorumaq missiyasının aliliyini dərindən dərk edərək gecə-gündüz xidmətdədir, xalqın firavanlığını, dincliyini təmin edir. Şəxsi heyətin vətənpərvərlik hissi yüksəkdir. Bunun üçün komandirlərimizlə birlikdə əlimizdən gələni əsirgəmirik. Şəxsi heyət üçün yaradılan şərait də yüksək səviyyədədir. Əsgərlərin həm xidməti, həm də gündəlik fəaliyyətini lazımi səviyyədə təşkil etməsi üçün arzuolunan şərait yaradılıb".
Döyüş növbətçiliyini təhvil alan əsgər Şirinəli Bünyadovdan Vətən sevgisinin onun üçün nə məna daşıdığını soruşuram. İlk kəlməsindən Vətən sevgisi hiss olunan əsgərimiz bu anlayışın ifadəsində sözlərin belə aciz olduğunu deyir və fikrinə davam edir. "Vətən anlayışının mahiyyətini 44 günlük haqq savaşımız zamanı daha dərindən anlamışam. Dildə sadə görünən Vətən kəlməsinin xalqımız üçün necə böyük məna daşıdığını məhz o zaman dərk etmişəm. Bu gün ordu sıralarında xidmət edən əsgər kimi deyə bilərəm ki, Vətən anlayışını elə Vətən müdafiəsində daha dərindən qavrayırsan. Vətən sevgisini ifadə etməkdə sözlər belə aciz qalır, onu gərək qəlbən hiss edəsən. Bu yerlərin havası, suyu mənim üçün çox doğmadır. Çünki bu yerlərin hər qarışı uğrunda ata-babalarımız vuruşublar. Vuruşublar ki, gələcək nəsil, yəni, bizlər bu əmanəti özümüzdən sonrakı gənc nəslə ötürə bilək. Mən də Vətənimin keşiyində duran bir əsgər kimi qürurluyam".
Əsgər Eşqin Əhmədovla söhbət əsnasında öyrənirəm ki, o, əslən Ağdam rayonundandır. Eşqin bizimlə söhbətində bildirir ki, tərxis olduqdan sonra ən böyük arzusu işğaldan azad olunmuş doğma yurd yerini gedib görməkdir. "İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə üçrəngli şanlı bayrağımız dalğalanır. Şanlı bayrağımızın daim dalğalanması üçün Vətəni öz evimiz kimi qorumalıyıq. Ən ümdə vəzifəmiz Vətəni qorumaq, onunla bağlı hər şeyi və hər kəsi qorumaqdır. Bu günün Vətən müdafiəçisi olan bizlər həm vətəndaşlıq, həm də övladlıq borcumuzu ödəyirik. Uğurlu xidmətimizlə yaxınlarımıza, komandirlərimizə başucalığı gətirmək üçün çalışır, Vətənə layiqli övlad olmaq üçün əlimizdən gələni əsirgəmirik".
Əsgər Kənan Məmmədov da zirvələrdə Vətənin müdafiəsində duran məğrur oğullarımızdandır. Əsgərimizin məğrurluğu onun duruşundan, baxışından, danışığından hiss olunur. "Hər bir Vətən övladı bu torpaqda gözünü açır, onun havasını udur, suyunu içir. Bunun üçün də hər birimiz Ana Vətənimizi qorumalı, onun varlığı üçün xidmətimizi komandirlərimizin təlimatına uyğun olaraq təşkil etməliyik. Vətəni qorumaq - onun mənafeyini hər şeydən uca tutmaq, bayrağını yüksəkdə dalğalandırmaqdır. Ən böyük arzum üzərimdə olan qalib ordunun mundirini layiqincə daşımaqdır. Bu gün əsl döyüşçü kimi üzərimizə düşən tapşırıqları yüksək səviyyədə icra etməyimizdə təcrübəli komandirlərimizin rolu danılmazdır. Onların diqqəti və qayğısı ilə bölməmizdə əsl ailə mühiti yaranıb. Təcrübəli komandirlərimizin təcrübələrindən yararlanır, onların bilik və bacarıqlarını mənimsəyərək xidmətimizi təşkil edirik".
Əsgər Əmrah Quliyev də hərbi peşəyə olan marağının yaranmasında təcrübəli komandirlərinin böyük rolu olduğunu qeyd edir. "Xidmətimin başladığı andan bu günə qədər komandirlərimin tövsiyələrini diqqətlə dinləyir, hərbi peşənin incəliklərini öyrənirəm. Hərbi xidmət mənə dözümlülük, qorxmazlıq kimi keyfiyyətlərini aşılamaqla yanaşı, Vətən sevgisinin də mahiyyətini dərk etdirdi. Qürurluyam ki, xidmətim belə müqəddəs torpaqlarda keçir. Xidmətimin bundan sonrakı hissəsində də təcrübəli komandirlərimizin bilik və bacarıqlarından maksimum faydalanacaq, əsl döyüşçü kimi formalaşmağım üçün böyük səylə çalışacağam. Bundan sonra da Müzəffər Ali Baş Komandanımızın və qalib xalqımızın inamını, etimadını layiqincə doğrultmaq üçün üzərimizə düşən tapşırıqların öhdəsindən layiqincə gələcəyik".
Cəsur əsgərlərimizin vətənpərvərliyindən, məğrurluğundan aldığım müsbət təəssüratlarla onlardan ayrılıram. Yüksək zirvələrdən enərkən xatirimdəki düşüncələr getdiyimiz məntəqəyə körpü saldı. Bu düşüncələr ordu sıralarında xidmət edən, yüksək zirvələrin fatehi olan hərbi qulluqçularımızın üzərinə düşən məsuliyyəti hiss etmələrindən qaynaqlanan fəxarət hissinin bizlərə, o cümlədən xalqımıza bəxş etdiyi sonsuz etimadın təsdiqidir. Bir daha əmin oluram ki, Vətən torpağı etibarlı müdafiə olunur. Vətənimizi müdafiə edən cəsur və vətənpərvər oğullardır. Və bu oğullar var olduğu müddətdə Azərbaycan xalqının əzmini heç bir qüvvə sarsıda bilməz. Çünki Azərbaycan xalqının çiyini dağ vüqarlı oğullarımıza söykənib. Dağ vüqarlı oğullarımız varsa, deməli, Vətən etibarlı əllərdədir.


Fuad CƏFƏROV,

fotolar

Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"