Əsgər Səbuhi Məsimov Ağdaş rayonunun Mürsəl kəndində dünyaya göz açıb. Müəllimləri Mürsəl kənd tam orta məktəbində oxuduğu zaman ermənilərin xalqımızın başına açdığı əzab-əziyyətlərdən, düşmənin qəddarlığından, torpaqlarımızın işğal olunmasından, minlərcə soydaşımızın doğma yurdlarından didərgin düşməsindən söhbətlər edərdilər. Hər dəfə dinlədikcə Səbuhinin düşmənə olan qəzəbi və nifrəti hədsiz dərəcədə çoxalırdı. Məhz bu səbəbdən də hərbi mundiri geyinmək və işğalçılardan qisas alanlardan olmaq istəyirdi.
2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinin həyata keçirdiyi genişmiqyaslı təxribatlarının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına başladığını eşidən andan daim xəbərləri izləyir, ordumuzun uğurlarına sevinirdi. Hər bir azərbaycanlı kimi, o da məğrur döyüşçülərimizin gücünə inanır və Böyük Qələbə gününün yaxında olduğunu hiss edirdi. Belə də oldu. 44 gün ərzində ordumuz düşmənə göz dağı verərək, əbədi və əzəli olan doğma Qarabağımızı düşməndən azad etdi, şəhidlərimizin qisasını aldı.
"N" hərbi hissəsində komandirləri Səbuhinin intizamlı, vətənpərvər və mərd əsgər olduğunu bildirdilər. Kapitan Yusif Nəcəfov dedi ki, o da digər əsgər yoldaşları kimi intizamlı və vətənpərvərdir. "Xidmətə başladığı ilk gündən etibarən verilən bütün əmr və tapşırıqları sözsüz yerinə yetirən Səbuhi qısa müddət ərzində nümunəvi əsgər kimi formalaşıb. Sıra, fiziki, döyüş və atış hazırlıqları ilə yanaşı, mənəvi-psixoloji vəziyyəti də olduqca yüksək səviyyədədir. Bunun nəticəsidir ki, o, təcrübəli əsgər kimi formalaşaraq, keçirilən təlim və çöl çıxışlarında qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən asanlıqla gəlir. Bununla kifayətlənməyərək, silahdaşlarına da hər zaman köməklik edir. Məhz bu səbəblərdən Səbuhi qısa müddətdə komandir və əsgər yoldaşlarının hörmət və rəğbətini qazanıb".
- Hər bir azərbaycanlı kimi, mən də torpaqlarımızın işğalda olmasından kədərlənirdim. Tarix boyu doğma Qarabağımızda yaşayan soydaşlarımız bir anda öz evlərindən, obalarından və yurdlarından didərgin düşdülər. Təpədən-dırnağadək silahlanan Ermənistan silahlı birləşmələri dinc əhaliyə divan tutdular. Qoca, qadın, körpə demədən hər kəsi amansızlıqla qətlə yetirirdilər. Balaları atalarının gözü önündə işgəncələrlə qətlə yetirirdilər. Çarəsiz vəziyyətdə qalan soydaşlarımız əliyalın şəkildə isti ocaqlarını tərk etmək məcburiyyəti ilə üzləşirdilər. Təəssüflər olsun ki, bu qanlı savaşda Vətənimiz 20 faiz torpaqlarını itirdi. Buna baxmayaraq hər kəs o torpaqların gerçək sahibinə qayıdacağına inanırdı. Nəhayət, 2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq məqsədilə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başladı. İlk gündən etibarən doğma torpaqlarımız işğaldan azad edilməyə başladı. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində düşmən darmadağın edildi, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. Döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün düşmən böyük şəhər və rayonlarımızdakı yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçərək, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutdu. Bununla da düşünürdülər ki, xalqımız arasında təşviş yaranacaq və ordumuz əməliyyatları dayandıracaq. Lakin bunun belə olmadığını və xalqımızın sonunadək ordumuzun yanında olduğunu nəinki düşmən, bütün dünya gördü. Belə ki, 44 gün davam edən Vətən müharibəsi ilə regionun ən güclüsü olan rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı mənfur işğalçılardan azad edərək, Böyük Qələbə gününün sevincini bizlərə yaşatdı. Bu gün hər bir gənc kimi, mən də qalib ordu sıralarında xidmət etdiyim üçün qürurlanıram. Silahdaşlarımızın döyüş yolunu özümə örnək bilərək, xidmətimi hər zaman düzgün təşkil etmişəm. Bundan sonra da xidmətimi şərəf və ləyaqətlə yerinə yetirəcəyəm, ailəmin yanına başıuca qayıdacağam, - deyə əsgər Səbuhi Məsimov bildirdi.
Orxan HÜSEYNLİ
"Azərbaycan Ordusu"