Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2024 14:15

Vətən müharibəsi - qürur mənbəyimiz, şərəfli döyüş yolumuzdur

Müharibə dedikdə hər kəsin gözü önünə orduların üz-üzə gəlməsi, kəndlərin, şəhərlərin viran qalması və döyüş meydanında hərbçilərin vuruşması gəlir. Müharibə yalnız bununla kifayətlənmir. Müharibə həm də insan itkisi, kədər, qəm-qüssə deməkdir. Məhz bu səbəbdən də Azərbaycan xalqı hər zaman sülhün tərəfdarı olmuşdur. Təəssüflər olsun ki, ötən əsrin sonlarında öz məkrli niyyətini həyata keçirməyə məqam axtaran ermənilər dinc əhali üzərinə hücum çəkdilər. Təpədən-dırnağadək silahlanmış mənfurlar qoca, qadın və körpə demədən qarşılarına çıxan hər kəsi qətlə yetirdilər. Dədə-baba yurdlarımızı viran qoydular. Bu zaman Azərbaycanın qeyrətli oğulları silahlanıb, düşmənin qarşısına çıxdılar. Qorxu bilməyən mərd oğullarımız öz yurdlarını qorudular. Lakin nizami orduya malik olmadığımız üçün doğma Qarabağımız uğrunda gedən qanlı döyüşlər zamanı tarixi torpaqlarımız Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra ordumuzun qüdrətlənməsi üçün mühüm işlər görüldü. Bütün sahələrlə yanaşı, intizamlı ordu quruculuğunun əsası qoyuldu. Həmin vaxtdan etibarən ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı və ordumuz siyasi təsirlərdən xilas olundu. Əbədiyaşar Komandanın  uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq 1994-cü il mayın 12-də atəşkəsə nail olundu. Atəşkəs elan olunduqdan sonra orduda aparılan islahatlar, hərbi təhsil sisteminin yaradılması və inkişafı qısa zamanda böyük nəticələr verdi.

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə güclənən rəşadətli Azərbaycan Ordusu regionun ən güclüsünə çevrilib. Torpaqlarımızı işğal etdikdən sonra düşmən yeni təxribatlara əl atırdı. Təxribatlar nəticəsində neçə mülki əhalimiz canından oldu, neçə hərbi qulluqçumuz şəhidlik zirvəsinə yüksəldi. Lakin Azərbaycan sülhsevər dövlət olduğu üçün məsələni hər zaman sülh yolu ilə həll etmək istəyirdi. Çünki insan amilini hər şeydən öndə tuturdu.  Məğrur Vətən müdafiəçilərimiz isə onların həyata keçirdikləri təxribatlarının qarşısını asanlıqla alırdılar. Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz hadisələri bunun bariz nümunəsidir. 

2020-ci ildə düşmən növbəti təxribata əl atdı. Bu, artıq səbrimizin son damlası oldu. İşğalçılar sentyabrın 27-də bütün cəbhə boyu ərazilərimizi iriçaplı silahlardan, pulemyotlardan və artilleriya qurğularından intensiv atəşə tutmağa başladılar. Bunun qarşısını almaq və mülki əhalimizin təhlükəsizliyini təmin etmək məqsədilə Müzəffər Ali Baş Komandanın döyüş əmri ilə rəşadətli ordumuz əks-hücum əməliyyatlarına başladı. Döyüşlərin ilk günündən etibarən məğrur hərbçilərimiz düşmənə göz açmağa imkan vermədilər. Onların peşəkarlığı sayəsində tarixi torpaqlarımız ard-arda azad edilirdi. Endirilən dəqiq atəşlərlə ermənilərin döyüş mövqeləri, bölmələri, hərbi təyinatlı texnikaları və şəxsi heyəti darma-dağın edilirdi. Gücümüz qarşısında aciz qalan işğalçılar ağ bayraq qaldırmaqdan başqa çıxış yolu tapmadılar. Respublikamızın müstəqilliyi və suverenliyi uğrunda, eləcə də 44 gün ərzində xain düşmən gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə yüksələn soydaşlarımızın qisası alındı. Hərbi qulluqçularımızın hünəri nəticəsində illərin işğalına son qoyuldu. Dövlətimiz bununla bütün dünyaya sübut etdi ki, heç kəs torpaqlarımıza əl uzada bilməz. Əks təqdirdə bunun cəzası ağır olacaqdır.

Hərb tariximizə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsini əbədiləşdirmək və gənc nəslə bu zəfərin şərəfini və qürurunu aşılamaq üçün "N" hərbi hissəsində müxtəlif eksponatlarla təchiz olunmuş muzey tipli otaqla tanış olduq. Burada döyüş səhnələrini əks etdirən fotoşəkillər, düşmənin bölmələrimizə endirdiyi mərmilərin qalıqları, qəlpələr və müxtəlif eksponatlar öz əksini tapmışdı. Şəxsi heyətə haqq savaşımızdan danışan baş leytenant Rahib Heydərli bildirdi ki, bu qalibiyyət dövlətimizin, xalqımızın və ordumuzun həmrəyliyi, birliyi, şücaəti sayəsində başa gəlib. Azərbaycan siyasi və diplomatik sahələrdə bir sıra dost, qardaş ölkələrin dəstəyini alsa da, hərb meydanında tək başına olub, öz gücü ilə bu qələbəyə imza atıb. Qeyrətli, vətənpərvər oğullarımız qanını, canını Vətənimizin bütövlüyü və azadlığı uğrunda fəda edərək, qorxmadan düşmən üzərinə şığıdılar. Bununla da bir daha xalqımızın mübariz və qorxmaz olduğunu sübut etdilər. 2022-ci ildə Şuşada Zəfər Günü münasibətilə keçirilən tədbirdə Müzəffər Ali Baş Komandan qələbəmizlə bağlı demişdir: "Biz 44 gün ərzində yalnız irəli gedirdik. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Faktiki olaraq, müharibənin ilk günlərindən Ermənistan təşviş içində idi, bəzi hallarda panikaya düşürdü, isterikaya qapılırdı. Məhz buna görə də Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur, bunu onların özləri etiraf edirdilər. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verirdi. Hərbçilərimiz "Öldü var, döndü yoxdur" şüarı ilə döyüşlərə gedirdilər. Bu, xalqımızın qəhrəmanlığıdır və bu, onu göstərir ki, elə gözəl gənc nəsil yetişdi ki, onların bir çoxu Qarabağı, Zəngəzuru heç vaxt görməmişdilər, televiziyalarda, fotoşəkillərdə, valideynlərinin, böyüklərin söhbətlərində bu müqəddəs torpağa yaxınlaşırdılar. Ancaq onlar gəldilər və xalqımızın tarixi missiyasını şərəflə yerinə yetirdilər".

Qeyd edək ki, baş leytenant Rahib Heydərli tarixi torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.

Şəxsi heyət də zabitin söylədiklərini diqqətlə dinləyir, eksponatları maraqla seyr edirdi. Seyr edərək düşüncələrə dalırdılar. "Bu mərmi bizim igidlərimizi yaralayıbmı, bu güllə məğrur döyüşçülərimizə tuş gəlibmi, fotoşəkildə olan silahdaşlarımızın hamısı salamat ailəsinin yanına geri qayıdıbmı, düşmən tərəfindən vurulan texnikalarımızın heyəti sağ qala biliblərmi?.."

Əsgər Əlizadə Məhəmmədəli dedi ki, rəşadətli ordumuz düşmən təxribatlarının qarşısını almaq məqsədilə "Dəmir Yumruq" əməliyyatına başladı. "Bununla da xalqımızın illərdir gözlədiyi Vətən müharibəsi başladı. Döyüşlər zamanı Müzəffər Ali Baş Komandanın xalqa müraciətini xatırlayıram: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!". Dövlət başçısının dediyi kimi bu belə də oldu. Qısa müddət ərzində ordumuz düşmənin mövqelərini, texnikalarını, bölmələrini və şəxsi heyətini darmadağın etdi. Ən önəmlisi isə uzun müddət xain erməni əsarətində qalan yurdlarımız azad edildi və şəhidlərimizin qisası alındı. Torpaqlarımızı gerçək sahibinə qaytaran, soydaşlarımızın canına susayan mənfur düşmənə həddini bildirən orduda xidmət etdiyim üçün qürur duyuram. Mən də üzərimə düşən vəzifəni ləyaqətlə yerinə yetirəcəyəm və Vətənimizin müdafiəsində mətin dayanacağam".

Əsgər Aqil Qasımov əlavə etdi ki, Vətən torpaqlarını işğaldan azad edən rəşadətli ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın silahlı qüvvələri darmadağın edildi. "Canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilmək məcburiyyətində qaldılar. Döyüş meydanında silahdaşlarımızla baş edə bilmədiklərinə görə çıxış yolunu şəhər və rayonları müxtəlif iri çaplı silahlardan, artilleriya qurğularından və qadağan olunmuş raketlərdən atəşə tutdular. Düşündülər ki, bununla xalqımız arasında təşviş yaradacaqlar. Lakin tam əksinə, xalqımız hər zaman olduğu kimi, bu dəfə də son anadək ordumuzun yanında oldu və güvənini, dəstəyini, etimadını əsirgəmədi. Bununla da xalq-ordu birliyimiz bütün dünyaya açıq şəkildə nümayiş olundu. Hər kəs də bizim dövlət-xalq-ordu birliyimizin şahidi oldu".

Əsgərlər Məhəmməd Mikayılov, Neman Əliheydərli, Biləndər Hüseynov və digərləri Vətən müharibəsinin qürurundan, cəsur oğullarımızın xalqımızın qisasını almalarından, torpaqlarımızın işğaldan azad edilməsindən, həmçinin hərb həyatından, keçirdikləri xoş günlərdən, onlar üçün yaradılan yüksək səviyyəli sosial-məişət şəraitlərindən söhbət etdilər.

 

Orxan HÜSEYNLİ

"Azərbaycan Ordusu"