"N" hərbi hissəsində mayor Ramil Həsənov təcrübəli, Vətənə şərəfli xidməti ilə seçilən hərbçilər haqqında danışanda baş gizir Rauf İlyas oğlu Məmmədovun adını xüsusi qeyd etdi. Bildirdi ki, Rauf vətənpərvər, mətin və mərd Vətən müdafiəçilərindəndir. O, birincilər sırasında olmaqla, həmişə silahdaşlarını da buna sövq edir.
Öyrəndik ki, Rauf Məmmədov Qovlar şəhərində doğulub. Vətənə xidmət etməyi yeniyetməlik çağlarından qarşısına məqsəd qoyub. Çünki o, yeniyetməlik çağlarından yaşadıqları ərazilərin ermənilər tərəfindən atəşə tutulmasının dəfələrlə şahidi olub. Sərhəd boyu ərazilərdə düşmən təxribatları həmişə davam edib. Düşmən Tovuz rayonunun ərazisinə saysız-hesabsız mərmilər atıb. Bütün bunlar onun yaddaşında da həmişəlik qalıb.
Tovuz gəncləri könüllü olaraq Vətənin müdafiəsinə yollananda Rauf da onların sırasına qoşulmaq istəyib. Ancaq yeniyetmə olduğuna görə icazə verməyiblər. Həmin vaxtlardan hərbçi olacağını, mərdliklə Vətənə xidmət edəcəyini qarşısına məqsəd qoyub. 1998-ci ildə onu yaxınları həqiqi hərbi xidmətə yola salıblar. Xidmətə başladığı "N" hərbi hissəsində bacarıqlı və nümunəvi əsgər kimi tanınıb. Təlimlərdə, hazırlıq dərslərində, çöl məşğələlərində fəal iştirak edib.
İllər öncə arzuladığı həyata qovuşmaq üçün müddətli həqiqi hərbi xidmətdən sonra da xidmətini davam etdirmək qərarını verib. Yüksək hərbi intizamına, döyüş hazırlığında fərqləndiyinə görə komandanlıq tərəfindən ailələrinə təşəkkür məktubları ünvanlanıb.
Xidmətini başa vurduqdan sonra müvafiq kursu keçərək "N" hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Çox keçmir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Gizir hazlırlığı kursu”na göndərilir. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra tank komandiri təyin olunur. Onun komandirlik etdiyi heyət həmişə təlimlərdə, atışlarda fərqlənir. Göstərilən etimadı doğruldan gizir Rauf Məmmədov döyüş hazırlığının yüksəldilməsi üçün inamla çalışır. Komandanlığın rəğbətini qazanır. Fəxri fərmanlara, qiymətli hədiyyələrə layiq görülür. Ona baş gizir hərbi rütbəsi verilir. Bölmənin baş texniki vəzifəsinə təyin olunur. Rauf texnikanın saz saxlanmasına və döyüşə həmişə hazır vəziyyətdə olmasına xüsusi diqqət yetirir. Yaxşı bilir ki, tabeliyində olan döyüş maşınları verilə biləcək döyüş əmrini yerinə yetirməyə daim hazır olmalıdır.
Cəbhə bölgəsində yerləşən hərbi hissədə də o, təcrübəli, nümunəvi gizir kimi tanınır. 44 günlük Vətən müharibəsi başlayanda onun xidmət etdiyi bölmənin şəxsi heyəti də düşmənə qarşı döyüşlərə qatılıb. Murovdağ, Daşkəsən istiqamətlərində düşmən qüvvələrinin, texnikalarının məhv edilməsində yaxından iştirak edərək döyüş tapşırıqlarını icra ediblər.
Baş gizir Rauf Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.
Baş gizir Rauf Məmmədovla təlim mərkəzində həmsöhbət olduq. O dedi:
- Yeniyetməlik yaşlarımdan düşmənə qarşı həmişə böyük nifrətim olub. Yaşadığımız rayonun kəndləri, şəhərlərimiz düşmən tərəfindən həmişə atəşə tutulub. Dinc soydaşlarımız, körpələr, yaşlılar müharibə qurbanlarına çevriliblər. Yüzlərlə insan düşmən təxribatı zamanı şəhid olub. Bizim başlıca vəzifəmiz torpaqlarımızı işğaldan azad etməklə, soydaşlarımızın qisasını almaq olub. 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad edərək, soydaşlarımızın, şəhidlərimizin qisasını aldıq. Ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdik. Bununla da xalqımız dünyada qalib xalq kimi tanındı.
Baş gizir Rauf Məmmədovun xidmət etdiyi bölmənin şəxsi heyətinə müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, növbəti ixtisas hazırlığı məşğələsi keçirilirdi. Baş gizir burada da əsgərlərə ixtisasları üzrə dəyərli məsləhətlər verir, onların praktik biliklərinin, təcrübələrinin artırılmasına xüsusi diqqət yetirirdi.
Bu gün baş gizir Rauf Məmmədov silahdaşları ilə birgə xidmətlərini vətənsevərliklə, qürurla yerinə yetirir, döyüş hazırlıqlarını, təcrübələrini daha da təkmilləşdirirlər.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"