Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2024 14:15

Qalib Azərbaycan əsgəri adını qürurla daşıyırıq!

Qəhrəman Azərbaycan əsgəri döyüş əzmini, iradəsini 44 günlük Vətən müharibəsində bir daha təsdiqlədi. Hünəri ilə tarix yazan oğullar içdikləri Hərbi Andın hər cümləsinə sadiq qaldılar. Andına sadiq qalan Azərbaycan əsgəri torpaqlarımızın azadlığı uğrunda mərdliklə döyüşdü, ölümün gözünə dik baxdı.

Hərbi hissəyə ayaq basdıqları gündən komandirlərinin, yoldaşlarının hörmətini qazanan, nümunəvi xidmətləri ilə seçilən əsgərlərlə görüşüb həmsöhbət oldum, ürək sözlərini qələmə aldım.

Əsgər Rəşad Səlimov: "Ordu həyatına ayaq basdığımız ilk gündən hər birimiz xalqımıza, dövlətimizə sədaqətlə xidmət edəcəyimizə, Vətən uğrunda döyüşlərə həmişə hazır olacağımıza, bu yolda canımızı və qanımızı əsirgəməyəcəyimizə and içmişik. Qalib Azərbaycan əsgəri adını qürurla daşıyırıq. Komandirlərin tapşırıqlarını vaxtında yerinə yetirir, təlimlərdə döyüş hazırlığımızı daima artırırıq. Vəzifə borcumuzun öhdəsindən bacarıqla gəlirik. Nümunəvi xidmətimizlə valideynlərimizin başını uca etməyə çalışırıq. 

Biz Qalib Azərbaycan Ordusunun əsgərləriyik. Mübarizlərin, Poladların, Fəridlərin, Orxanların qəhrəmanlığı, əziz xatirəsi heç zaman unudulmayacaq, gələcək nəsillərin yaddaşında yaşayacaq. İçdikləri Hərbi Anda sadiq qalan şəhidlərimizin döyüş yolu hər birimiz üçün nümunədir. Mən vətənpərvər bir ailədə doğulub böyüdüm. Dünyagörüşümün formalaşmasında bu amillər böyük rol oynadı. Ölkəmizdə hər zaman sülh, əmin-amanlıq olsun. Gələcək nəsillər firavan, sülh şəraitində yaşasınlar. Ən böyük arzum bir daha xalqımız müharibə görməsin. Xalqımız dünyada ən sülhsevər, qonaqpərvər bir xalqdır.

Əsgər Fərid Namazov: "Neçə aydır ki, şərəfli əsgər andını qəbul edib, qalib ordumuzun sıralarına daxil olmuşam. Biz gənclər hərbi xidmətə çağırılana qədər oxuduğumuz təhsil ocaqlarında, çalışdığımız kollektivlərdə cəmiyyətin qayda-qanunları, mülki həyatın davranış formaları ilə yaşayırıq. Hərbi xidmətə çağırılandan sonra isə hərbi mundir geyinib Vətənimizin müdafiəsində dayanırıq. Qısa müddət ərzində hərbi xidmətin intizam qaydalarını mükəmməl mənimsəmişik. Biz gənclər üçün hərbi xidmət imtahan və sınaqdır. Ordu sıralarında qazandığımız təcrübə, keçdiyimiz xidmət yolu gələcək həyatımızda büdrəməyib çətinliklərdən mətanətlə çıxmağa kömək edəcək. Bilirik ki, ordu həyatı kişilik və mətinlik məktəbidir. Zaman keçdikcə ordu həyatında püxtələşib mətinləşəcəyik. Bu gün biz Azərbaycan əsgəri kimi şərəfli ad daşıyırıq.

Əslən Ağstafa rayonundanam. Azərbaycan Dövlət Aqrar Universitetinin məzunuyam. Yaxın qohumlarımdan, dostlarımdan hərbi xidmətlərini  başa vurub qayıdanlar çoxdu. Onlarla hərbi xidmət dövrü ilə bağlı daim söhbətlərimiz olurdu. Bu söhbətlərin ilkin hərbi vərdişlərə yiyələnməyimdə böyük rolu olub. Vətən müharibəsində - Füzuli, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən dostlarımın döyüş xatirələrini çox dinləmişəm. Hərbi xidmətlə bağlı dünyagörüşüm genişdir. Ona görə də heç bir çətinlik çəkmədən qısa müddətdə hərbi həyata uyğunlaşmışam. Bütün əsgər yoldaşlarıma hərbi xidmətlərini sağ-salamat  başa vurub doğmalarının yanına qayıtmalarını arzulayıram".

 

Lalə HÜSEYNOVA,

Fotolar

Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"