Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Mart 2024 18:28

Tankçı olmaq hər birimiz üçün böyük şərəfdir

Hərb sahəsində yüksək bilik və bacarığı, həmçinin misilsiz Vətən sevgisi ilə fərqlənməyi bacarmış oğullarımız olmuşdur ki, gənc nəsil onları özlərinə nümunə bilir, peşə seçərkən də məhz onlardan ilhamlanırlar. Vətənin mənafeyini, suverenliyini, bir sözlə, onun varlığını hər şeydən üstün tutan həmvətənlərimizin hər birinin həyat yolu hamımız üçün örnəkdir. Məhz igid oğullarımızın ruhundan qidalanan gənclərimiz milli mənlik şüurunun aliliyini və vətənpərvərlik hissinin müqəddəsliyini Vətənin dar günündə öz əməli ilə təsdiq etməyi bacarıblar. Vətənə məhəbbət, xalqa xidmət, o cümlədən milli adət-ənənələrinə sədaqət ruhunda böyüyən gənclərimiz sadalanan vəzifələrin aliliyini məhz hərb sahəsində daha dərindən anlayırlar. Bu gün ordu sıralarımızda Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Həzi Aslanov, Mehdi Hüseynzadə, Albert Aqarunov, Mübariz İbrahimov, Polad Həşimov, Zaur Nudirəliyev, Anar Əliyev, Amid Heydərov və adını sadalamadığımız minlərlə qəhrəman oğulun hərb yolunu özü üçün müqayisəolunmaz nümunə bilən Vətənimizin mərd övladı xidmət edir.
"N" hərbi hissəsində tankçılarımız öz komandirlərinin rəhbərliyi altında burada yerləşən və iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş İkinci Dünya müharibəsində tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun büstünü ziyarət edirdilər. Zabit Kənan Rzayev şəxsi heyətə general-mayor Həzi Aslanovla bağlı ətraflı məlumat verdi. "Hər birimizə məlumdur ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini də Lənkəran şəhər 1 saylı orta məktəbdə alıb. İlk hərbi təhsilini Zaqafqaziya Hərbi Hazırlıq Məktəbində alıb, daha sonra Leninqradda təhsilini davam etdirib. 1931-ci ildən ordu sıralarında zabit olaraq xidmətə başlayan qəhrəman soydaşımız Həzi Aslanov 1941-ci il Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərin iştirakçısı olub", - zabit Kənan Rzayev fikrini tamamladı və kiçik çavuş Kamran Yolçuyevə üzünü tutaraq, qəhrəman Həzi Aslanovun keçdiyi döyüş yolu ilə bağlı bildiklərini danışmağı xahiş etdi.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Kamran Yolçuyev tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun Böyük Vətən müharibəsi zamanı göstərdiyi şücaətlərdən bəhs edərək bildirdi: "Tank alayı komandiri Həzi Aslanov 1941-ci ildə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə düşməni geri oturtmağı bacardı. Donbas ətrafında dəfələrlə düşmənin şiddətli hücumlarının qarşısını almağı bacaran təcrübəli komandir Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə də rəhbərlik etdiyi tank briqadası ilə düşmənə ağır zərbələr endirməyi bacardı və bu döyüşlərdə qarşı tərəfin xeyli canlı qüvvəsi və texnikası sıradan çıxarıldı. Kotelnikovo yaxınlığında gedən döyüşlərdə göstərdiyi misilsiz şücaətə görə podpolkovnik (polkovnik-leytenant) Həzi Aslanov "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görüldü. Zirehli Tank Qoşunları Akademiyasını müvəffəqiyyətlə bitirdikdən sonra yenidən cəbhəyə qayıdan qəhrəman tankçımız komandiri olduğu briqada ilə birlikdə Belarusiya, Pribaltika, Vilnüs, Yelqava cəbhələrində düşmənə sarsıdıcı zərbələr vurdu. 1944-cü ildə tank qoşunları qvardiya general-mayoru rutbəsinə layiq görülən Həzi Aslanov öz təcrübəli sərkərdə, qayğıkeş komandir keyfiyyətləri ilə fərqlənmişdi".
Qəhrəman sərkərdə haqqında danışan Kamranın fikrini xidmət yoldaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Yasər Allahverdiyev davam etdirdi. "Stalinqraddan Baltik sahillərinə qədər misilsiz şücaət göstərmiş, öz qəhrəmanlığı ilə bizlərə və gələcək nəsillərə irs qoymuş Həzi Aslanov 1945-ci il yanvarın 24-də Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olmuşdu. General-mayor Həzi Aslanovun adı ikinci dəfə yüksək ada (Sovet İttifaqı Qəhrəmanı) təqdim olunsa da, o zamankı SSRİ hərbi rəhbərliyindəki erməni generalı Baqramyan bu işə mane olub və Həzi Aslanov bu ada 47 il sonra layiq görülüb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun qəbri və abidəsi Bakıda Şəhidlər xiyabanındadır".
Elmin Budaqov qəhrəman tankçılarımızdan Birinci Qarabağ müharibəsi iştirakçısı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Həzi Aslanov yolunun layiqli davamçısı olduğunu vurğuladı. Bu qəhrəmanların xidmət və həyat yolunun onlar üçün əvəzolunmaz ensiklopediya olduğunu bildirdi: "Milli Qəhrəman Albert Aqarunovun timsalında Azərbaycan Ordusunun bütün qəhrəman tankçılarının keçdiyi hərb yolu hər bir gənc üçün misilsiz örnəkdir və onların xatirəsi qədirbilən xalqımızın ürəyində əbədi yaşayacaqdır. Albert 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Albert Aqarunov 1992-ci ilin aprel-may aylarında Şuşa uğrunda gedən döyüşlərdə düşmənə xeyli sayda itki verməyi bacarmışdı. Onun Şuşada vurduğu düşmənə məxsus 442 nömrəli tank ermənilər tərəfindən uzun illər Xankəndi-Şuşa yolunun üstündə "simvol" olaraq saxlanılmışdı. Lakin indi mənfur düşmənin tankı Hərbi Qənimətlər Parkında, qəhrəman Aqarunovun idarə etdiyi 533 nömrəli tank isə Həzi Aslanovun 17 nömrəli tankı ilə birlikdə Azərbaycan Hərb Tarixi Muzeyinin açıq səma altındakı ekspozisiyasında yanaşı dayanıb. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Albert Aqarunoviç Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı yüksək fəxri adına layiq görülmüşdü. Milli Qəhrəmanımız Bakıda Şəhidlər xiyabanında dəfn olunub".
Sonuncu müsahibimiz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağəli Fərəcov öz növbəsində İkinci Qarabağ müharibəsi şəhidi Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovu xatırladı. "İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov irsinin layiqli davamçısı kimi tankçı ixtisasının incəliklərinə yiyələnən zabitimiz Amid Rəbbil oğlu Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. 2016-cı ildə Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi uğrunda düşmənə sarsıdıcı zərbələr vuraraq, işğalda olan torpaqlarımızın azad olunmasında şücaət göstərib. 44 günlük Vətən müharibəsi zamanı məhz Lələtəpə istiqamətindən irəliləyən qəhrəman tankçımız Cəbrayılın bir neçə kəndinin işğaldan azad edilməsində iştirak edib, düşmənə xeyli itki verməyi bacarıb. Qarşıya qoyulan tapşırıqları cəsarətlə yerinə yetirən komandir Amid Heydərov Cəbrayılın azad olunması zamanı şəhadətə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.
Zabit Kənan Rzayev dövlətimizin və xalqımızın qəhrəman oğullarına verdiyi yüksək dəyəri çıxışında belə ifadə etdi: "Vətənimizin yetişdirdiyi qəhrəman oğullarımız ən yüksək ehtirama layiqdirlər, qədirbilən xalqımız onların hər birinin xatirəsini daim qürur hissi ilə yad edir. Dövlətimiz və millətimiz onların adını əbədiləşdirmək üçün böyük işlər həyata keçirir. Onların anım mərasimləri yüksək səviyyədə təşkil olunur, adları məktəblərə, küçələrə verilməklə ölümsüzləşdirilir. Görülən işlər dövlətimizin öz qəhrəmanına ehtiramıdır, verdiyi dəyərdir. Qəhrəman oğullarımızın hər biri bizim başımızın tacıdır. Keçirilən silsilə tədbirlər ordumuzda da yüksək səviyyədə təşkil olunur. Şəhidlərimizin, qəhrəmanlarımızın şərəfinə keçirilən tədbirlər, mərasimlər gənc əsgərlərimizin döyüş ruhuna və vətənpərvərlik hissinə müsbət təsir edən amillərdir".
Tankçıların vətənpərvərlik hissinin bu qədər yüksək olması, ixtisaslarına bu qədər bağlılıqları, seçdiyi peşənin qəhrəmanlarını bu qədər yaxından tanımaları tutduğu peşəyə sevginin, vətənpərvərliyin bariz nümunəsidir. Onların hər birinin sonda "Tankçı olmaq şərəfdir" sözünü hamılıqla səsləndirməsi tankçılarımızın Vətən və peşə sevgisinin mahiyyətini dərindən dərk etdiyinin göstəricisi oldu. Bu günümüzə qədər Vətən torpağının bütövlüyü, dövlətimizin müstəqilliyi uğrunda minlərlə övladımız öz canını fəda etmişdir, şəhidlik zirvəsinə ucalmışdır. Məhz həmin övladların adını yaşatmaq və onları gələcək nəsillərə layiqincə tanıtmaq üçün hər birimiz əlimizdən gələni etməyə borcluyuq. Çünki biz bu gün məhz onların fədakarlığı, qəhrəmanlığı sayəsində firavan həyatımızı davam etdiririk. İgid tankçılarımıza gələcək xidməti və gündəlik fəaliyyətlərində uğurlar arzulayıb, şəxsi heyətdən xoş təəssüratlarla ayrılırıq.

Fuad CƏFƏROV,

foto Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"