Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2024 17:00

Əsgəri xidmətin bünövrəsi sıradır

Müasir Azərbaycan Ordusunun qurucusu ulu öndər Heydər Əliyev demişdi: "Nizami ordunun döyüş qabiliyyəti günü-gündən yüksəlməlidir. Azərbaycanın nizami ordusu, milli ordusu respublikamızın ərazi bütövlüyünün, torpaqlarının müdafiəsinin və dövlətimizin müstəqilliyinin tam qarantı olmalıdır".
Azərbaycan xalqının Ümummilli Liderinin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatların nəticəsində müasir Azərbaycan Ordusu regionun ən güclü ordusu kimi formalaşıb. Dəmir intizama və vahid komandanlığa malik olan ordumuz artıq dünyanın ən güclü orduları siyahısındadır. Xalqımıza tarixi qələbə sevincləri yaşadan ordumuzun yüksək döyüş hazırlığının və qələbələrinin əsasında dəmir intizam dayanır. Hərbi intizam isə sıradan başlanır.
Bu gün Azərbaycan Ordusunun bütün bölmələrində şəxsi heyətin hərbi intizamına xüsusi diqqət ayrılır. Hərbi intizamın möhkəmləndirilməsində isə vacib şərtlərdən biri sıra hazırlığının yüksək göstəricisidir. Çünki hərbi xidmətə gələn gənclərin hərbi intizamla ilk tanışlıqları sıradan başlayır. Sıranın müqəddəsliyi hər bir hərbi qulluqçuya izah olunur. Bütün hərəkətlər sıra ilə həyata keçirilir, əmr və tapşırıqlar sırada çatdırılır.
Sıra hərbi qulluqçuların, bölmələrin və hissələrin piyada və maşınlarda birgə hərəkəti üçün Nizamnamə ilə müəyyən edilmiş düzülüşüdür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsində "sıra" sözünün tərifi bu cür verilir. Bu nizamnamə əsasında bölmələrdə hərbi qulluqçular ilə mütəmadi olaraq sıra hazırlığından məşğələlər keçirilir, hərbi intizam aşılanır, sıra üsullarının yerinə yetirilməsi mükəmməlləşdirilir. Sıra hazırlığı komandir heyətinin diqqətində olan əsas məsələlərdən biridir.
"N" hərbi hissəsində bir daha bunun şahidi oldum. Hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olduqdan sonra sıra meydanında bir qrup əsgər gördüm. Onlar məşğələ rəhbərinin nəzarəti altında plana uyğun olaraq sıra hazırlıqlarını təkmilləşdirir, hərbi intizama dərindən yiyələnirdilər. Hərbçilərimizi böyük maraqla izlədim. Məşğələ rəhbəri leytenant Elxan Abdullayevin "Düzül!" komandasından sonra hər kəs sırada təyin olunan yerini tutur. Növbəti komandalar ilə şəxsi heyət silahsız sıra hərəkətləri, əsgəri salamlaşma qaydalarını, sıradan çıxma və sıraya durma, yuxarı rəislərə yaxınlaşma və digər çalışmaları icra edirdilər. Daha sonra əsgərlər sıra addımları hərəkətlərini məşq edirdilər. Hərbi intizamın yüksək olmasının ordu quruculuğu üçün nə qədər önəmli olduğunu düşündüm. Sözsüz ki, nizami ordu olmazsa, döyüş hazırlığı, döyüş ruhu kimi anlayışlar mümkün olmaz. Məşğələ sona çatdı. Fürsətdən istifadə edərək hərbçilərimizlə həmsöhbət oldum.
İlk həmsöhbətim leytenant Hərcavan Ələkbərli oldu. Öyrəndim ki, Hərcavan 1999-cu ildə Saatlı rayonunda anadan olub. Əsgərliyini bitirdikdən sonra həyatını hərbi xidmətə bağlamaq fikrinə gələn gənc 2021-ci ildən leytenant kimi yenidən hərbi xidmətinə başladı.
Leytenant söhbət edərkən bildirdi: "Hərbi qulluqçu bilikli və bacarıqlı olmalıdır. Bunun üçün orduda istər əsgər, istərsə də zabit və gizirlər ilə mütəmadi olaraq dərslər keçirilir. Sıra hazırlığı da hərbi intizamın aşılanması istiqamətində keçirilən önəmli məşğələlərdəndir. Əsgərlərə Sıra Nizamnaməsini mənimsədir, sıra, cərgə və s. təriflərini başa salır, interval və distansiyaların qorunmasını öyrədirik. Praktiki olaraq silahsız və silahla sıra üsulları və hərəkətlərini məşq edirik. Ümumi desək, onlar "Düzül", "Düzlən", "Farağat", "Azad" və digər komandalarını, sıra və səfər addımlarını, yerində və hərəkətdə dönmələri inamla icra edir, sıra hazırlıqlarını yüksəldirlər. Digər fəaliyyətlərdə olduğu kimi, sıra hazırlığı məşğələsinin səmərəli təşkili üçün də şəraitimiz yüksəkdir. Asfalt çəkilmiş geniş sıra meydanımız var. Burada sıra elementlərinin yerinə yetirilməsi üçün düzbucaqlı fiqurlar da çəkilib. Sıra hazırlığında məşğələlər keçirtmək əsgərlərimizə xoş, bizə qürurvericidir, kənardan müşayiət edənlər üçün isə gözoxşayan mənzərədir".
Əsgərlər Vüqar Babazadə, Əhsən Bağırov, Səbuhi Həsənov, Yusif Hacıyev, Tehran Alıyev və digərləri də yüksək sıra hazırlığının vacibliyini qeyd etdilər. Hərbi xidmətə çağırıldıqları gündən digər biliklərlə yanaşı, hərbi intizamı da mənimsədiklərini bildirdilər. "Peşəkarlığa hədd, mükəmməlliyə sərhəd olmur. Azərbaycan əsgəri hər zaman öz üzərində çalışmalıdır. Rəşadətli qalib ordunun əsgəriyik. Bu ada layiq olduğumuzu hər gün sübut etmək üçün əlimizdən gələni edir, ruhumuzu Vətən eşqi ilə qidalandırırıq. Fəxr edirik ki, Azərbaycanlıyıq və Azərbaycan Ordusunun sıralarında xidmət edirik" - dedilər.
 
Elvin VƏTƏNDUST

"Azərbaycan Ordusu"