Vətən müharibəsindən sonra ordumuzun həyatında da yeni dövr başladı. Ordumuz müasir dövrün tələbləri səviyyəsində təkmilləşdirilir, modernləşdirilir.
Polkovnik-leytenant Ceyhun Məmmədov bildirdi ki, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsində hərbi hissənin şəxsi heyəti də iştirak edib. Hərbi qulluqçular bu qələbənin ordunun döyüş hazırlığı, ordu ilə xalqın birliyi və sərkərdəlik qüdrəti ilə qazanıldığını bilir və bunlarla qürurlanırlar.
Hərbi hissənin həyətində "Dəmir yumruq" abidəsi xalqımızın, dövlətimizin, Azərbaycan Ordusunun birliyini, yenilməzliyini əks etdirir. Əsgərlər abidə önündə qəhrəman Vətən oğullarının layiqli davamçıları kimi xidmət edəcəklərini qürur hissi ilə bildirirlər. Burada onlarla Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolu haqqında da geniş söhbətlər aparılır. Müasir Azərbaycan dövlətinin və ordusunun qurucusu olan böyük tarixi şəxsiyyət Heydər Əliyevin Vətənimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən, banisi olduğu azərbaycançılıq ideologiyasının böyük uğurlarından danışılır.
Şəxsi heyət Vətən torpaqlarının azadlığı uğrunda şəhid olanların xatirəsini də əziz tutur. Şəhid Təbriz Quliyevin, Elçin Mustafazadənin, Emin Əmrahovun, Natiq Məmmədovun, Şikar Hüseynovun, Elxan Novruzəlizadənin həyatı, keçdikləri döyüş yolu, şücaəti, igidliyi əsl örnəkdir.
Hərbi hissədə mənəvi-psixoloji hazırlığın yüksək səviyyədə saxlanılmasına xüsusi diqqət yetirilir. İctimai-siyasi hazırlıq dərslərində əsgərlər böyük maraqla iştirak edirlər. Onlar Vətənimizin qədim tarixinə, azadlıq, müstəqillik uğrunda apardığı mübarizəsinə böyük maraq göstərirlər.
Vətənə, xalqa nümunəvi xidmətləri ilə fərqlənən, Vətən müharibəsi iştirakçısı Asəf Qasımov 9 illdir xidmətdədir. 44 günlük Vətən müharibəsində tank komandiri kimi Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarında gedən döyüşlərdə iştirak edib. Düşmənin mövqelərinə, dayaq məntəqələrinə ağır zərbələr endirənlər sırasında o da olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub. Gizir Asəf Qasımov dedi:
- 2020-ci ilin iyulunda Tovuz döyüşlərində iştirak etmişəm. Bu döyüş bizim üçün də növbəti sınaq oldu. Düşmən qüvvələrinə layiqli cavab verildi. Qürur hissi keçirdirəm ki, mən də Vətənimizin suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasında iştirak etmişəm. Qələbə tarixi yazan Vətən müdafiəçiləri sırasında olmaq bizə böyük qürur hissi yaşadır. Biz böyük tarixi missiyanı Zəfər günü ilə başa çatdıranlar sırasındayıq. Bundan sonra da Vətənə xidmətimizi böyük ruhla, vətənsevərliklə davam etdirəcəyik.
Mexanik-sürücü Emin Budaqov da Vətən müharibəsində iştirak edib. Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli döyüşlərinin iştirakçısıdı. Düşmənin canlı qüvvəsinin, texnikasının məhv edilməsində şəxsi igidlik və rəşadət göstərib. Tuşlayıcı Əsgər Həsənov da silahdaşları kimi taleyini ordu həyatı ilə bağlayan məharətli igidlərdəndir. Göstərilən etimadı həmişə doğruldur. O, dedi:
- İllər keçsə də, xalqımıza bəxş etdiyimiz Zəfər gününün qüruru həmişə yaşanılacaq. Bu gün üçün yüzlərlə silahdaşımız şəhid oldu. Biz onların qisasını aldıq. Vətənimizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsində iştirak etməklə, həm hərbçi, həm də vətəndaşlıq borcumuzu yerinə yetirdik. Xidmətimizi bundan sonra da yüksək qələbə ovqatı ilə davam etdirəcəyik.
Zabitlər Cəlal Nəcəfov, Tofiq Mütəllimli, Elnur Ağayev və başqaları Vətən qarşısında xidmətlərindən qürur hissi keçirdiklərini iftixar hissi ilə qeyd etdilər. Bu gün də xidmətlərini yüksək vətənpərvərliklə davam etdirirlər.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"