Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2024 17:00

“Bizim ana Vətənlə, Qoşa çəkilir adın”

Azərbaycan qadını hər zaman cəmiyyətdə işgüzarlığı, əməksevərliyi ilə seçilib. Qorxmazlığı, döyüşkənliyi ilə də hərb meydanlarında ad-san qazanıb. Azərbaycan qadınının qəhrəmanlığı tarixi filmlərin, bədii əsərlərin əsas süjet xəttini təşkil edib. Qəhrəman, igid qadınlarımızın keçdiyi şərəfli döyüş yolu bizə həmişə örnək olub. O örnəyi, mətinlik nümunəsini hər bir azərbaycanlı xanımı əməllərində qürurla yaşadır.
İkinci Dünya müharibəsi cəbhələrində Azərbaycan qadınları alman faşistlərinə qarşı qırıcı-təyyarəçi, snayper, topçu, həkim, tibb bacısı kimi igidliklə döyüşüblər. Erməni işğalçıları Azərbaycana qarşı ərazi iddiaları ilə xalqımıza qarşı müharibəyə başlayanda Vətənimizin qəhrəman qızları torpaqlarımızın müdafiəsinə qalxdılar. Ağır döyüşlərdə  şəhid oldular, yaralandılar.
Vətən müharibəsində də ana-bacılarımız istər ön xətdə, istərsə də arxa cəbhədə səfərbər oldular. Bütün bunlar Azərbaycan qadınının vətənpərvərliyindən, torpağına bağlılığından irəli gəlir.
Şərqdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququ verilmişdir. Azərbaycan qadını zəngin mədəniyyət tariximizdə - opera sənətində ilkə imza atmaqla Şərqdə bu sənətin əsası qoyulmuşdur. Azərbaycan qadını ölkəmizdə iqtisadiyyatın, mədəniyyətin, təhsilin, idmanın və digər sahələrin inkişafına böyük töhfələr verərək, fəaliyyətlərində uğur qazanmışlar.  
Bu gün Azərbaycan Ordusunda neçə-neçə hərbi qulluqçu və mülki işçi olan qadınlarımız əməksevərlikləri ilə fəaliyyətlərində uğur qazanıblar. Ana Vətənimizin keşiyində əzmlə dayanan oğullarımıza xidmət edən qadın mülki işçilərlə görüşüb, 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı ürək sözlərini dinləyib qələmə aldıq.
Ağca Mürşüdova (mülki işçi): "10 ildən artıqdır ki, "N" hərbi hissəsinin əsgər yeməkxanasında aşpaz köməkçisi işləyirəm. Əsgərlərimizə xidmət etməkdən qürur duyuram. Onların hər biri mənim övladımdır. Vətənimizin keşiyində dayanan, torpaqlarımızı qoruyan əsgərlərimizə qayğı göstərmək, onların ürəyincə və istəyincə olan xörəkləri bişirmək bizə zövq verir. Biz çalışırıq ki, əsgərlərimizə xalqımızın milli xörəklərini daha çox bişirək. Mən veteran, ağır cəbhələrdən keçən döyüşçü ailəsində böyümüşəm. Atam İkinçi Dünya müharibəsinin iştirakçısı olub. Müharibə, od-alov, ölüm-itim nə olduğunu atamdan, anamdan çox eşitmişəm. Sonra Vətənimiz mənfur ermənilərin hücumuna məruz qaldı. Birinci Qarabağ müharibəsində könüllü olaraq döyüşlərə gedən  qardaşım oğlu Cabir Tapdıqov 1993-cü ildə Murovdağ istiqamətində itkin düşüb.
30 ilə yaxın torpaqlarımız düşmən işğalında qaldı. Ermənilər işğal etdikləri ərazilərimizi viran qoydular. Tarixi abidələrimizi, ata-babalarımızın məzarlarını vəhşicəsinə dağıtdılar. Şükürlər olsun, ordumuz gücləndi. Ali Baş Komandanımızın rəhbərliyi altında vətənpərvər, qəhrəman, igid hərbçilərimizin sayəsində şəhidlərimizin canı hesabına  torpaqlarımız düşmən əsarətindən xilas edildi. 44 günlük Vətən müharibəsində gecə-gündüz döyüşçülərimizə yeməklər bişirib göndərirdik. Sevinirik ki, işğaldan azad olunmuş torpaqlarımızda yeni hərbi hissələrimiz qurulur. Həmin ərazilərimizdə bərpa işləri aparılır. Köçkün həmvətənlərimiz doğma yurd yerlərinə dönürlər.
Mülayim Şükürova (mülki işçi): "Mən də 10 ildir ki, "N" hərbi hissəsi yarandığı gündən əsgər yeməkxanasında baş aşpaz işləyirəm. Vətənimizə övladlıq borcunu yerinə yetirən oğullara qayğı göstərmək, onları istədikləri təamlarla təmin etmək burada çalışan hər birimizə qürur hissi yaşadır. Atam Böyük Vətən müharibəsinin ağır döyüşlərindən keçib gəlmişdi. Döyüş yollarından bizə həmişə danışırdı. Müharibənin nə qədər ağrılı, acılı olduğunu bilirdik. Mənfur qonşularımız torpaqlarımıza göz dikib, xalqımıza qarşı müharibəyə başlayanda mərd oğullarımız, qardaşlarımız silaha sarılıb Vətənimizin müdafiəsinə qalxdılar. Azərbaycanımızın neçə-neçə qəhrəman oğlu torpaqlarımızın azadlığı uğrunda canından keçdi. Bu gün o oğulların davamçıları 44 günlük Vətən müharibəsində düşmən ordusunu darmadağın etdilər. Biz də səfərbər olaraq, döyüşən cəbhəyə güllə yağışı altında yorulmadan xörək hazırlayıb göndərirdik. Allah hərbçilərimizi qorusun. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qəhrəman, fədakar hərbi qulluqçuları xalqımıza qələbə xəbərlərini çatdırırdılar. Bu gün onların sayəsində üçrəngli qalibiyyət bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda qürurla dalğalanır. 8 Mart Beynəlxaq Qadınlar Günü münasibətilə bütün Azərbaycan analarını, xanımlarını, xüsusilə Böyük Zəfəri bizə yaşadan şəhidlərimizin analarını səmimi-qəlbdən təbrik edir, onlara cansağlığı, işlərində uğurlar arzulayıram.
Elza Həşimova: "Əslən Cəbrayıl rayonunun Qalacıq kəndindənəm. Beyləqan rayonunun Günəşli qəsəbəsində doğulub böyümüşəm. 6 ildir ki, hərbi hissənin yeməkxanasında mülki işçi kimi çalışıram. Burada hər bir əsgərə ana qayğısı ilə yanaşırıq. Çalışırıq ki, onlara xidmətimizdən razı qalsınlar. Əsgərlərimiz üçün tort, şirniyyat bişirilir. Fəsil yeməklərinə üstünlük veririk. Əriştə, düşbərə, qış aylarında onların ən çox sevdikləri yeməklərdi. Bizdən öncə çalışan təcrübəli işçilərdən öyrənirik. Əvvəllər növbəli olaraq əsgərlər yeməkxanalarda çalışırdılar. Artıq 10 ildir ki, əsgər yeməkxanalarında qadın mülki işçilər fəaliyyət göstərirlər. Şəxsi heyət xidməti ilə bağlı işlərlə məşğul olur. Əsgərlərimiz burada ana qayğısı ilə əhatə olunublar. Xalqımız öz ordusuna güvənir. Ordumuzda xidmət edənlər də xalqımızın övladlarıdır. Allah ordumuzu qorusun. Azərbaycanımızda həmişə sülh, əmin-amanlıq olsun!"
Bir daha əminliklə deyə bilərəm ki, xalqımızın milli-mənəvi dəyərləri Azərbaycan qadınının simasında hər zaman qorunub, bu gün də qorunmaqdadır.  

Lalə HÜSEYNOVA,

fotolar Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"