Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2024 17:00

Əbədiyaşar Ümummilli Lider

Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşağında Azərbaycan öz müstəqilliyini, milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoydu. Ulu Öndərin zəkası bütün sədləri yararaq və qarşıya çıxan çətinlikləri dəf edərək, Azərbaycanımızı olduqca mürəkkəb bir zamanın fırtınalı dalğalarının arasından salamat çıxararaq, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı. Ulu Öndər olduqca mürəkkəb bir dövrdə Azərbaycan dövlətçiliyini parçalanma, məhvolma təhlükəsindən xilas etdi. Müasir dünyamızın ən aktual çağırışlarına yüksək siyasi məharətlə cavab  vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimi kimi tanındı. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan dahi rəhbər həyatı boyu  xalqını, Vətənini düşündü. Dahi şəxsiyyətin ürəyi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpındı. Bir dövlət rəhbəri kimi ölkənin ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərdi.
Xalqımızın dövlətçilik tarixinə görkəmli və uzaqgörən siyasi xadim kimi daxil olan Heydər Əliyev özünü həm də təcrübəli sərkərdə, demokratik dövlət xadimi kimi tanıtdı. Dahi rəhbərin müdrik daxili və xarici siyasəti Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyən etdi. Azərbaycan dövlətçiliyinin gələcəyinə yönəlmiş bu fəaliyyət konsepsiyasına gənclərin hərbi vətənpərvərlik tərbiyəsi də daxil idi. Bu konsepsiyanın əsas müddəaları Ulu Öndərin müxtəlif nitq və çıxışlarında öz əksini tapıb. Azərbaycanda müstəqil dövlət quruculuğu kimi taleyüklü bir məsələnin həyata keçirildiyi ən çətin və ən şərəfli dönəmdə xalqın iradəsini vahid məqsədə yönəltmək zərurətini də ilk dəfə Ulu Öndər gördü və buna nail oldu.
Hər bir müstəqil dövlətin varlığında onun ordusu mühüm rol oynayır. Bu gün hər bir azərbaycanlı qürurludur ki, onun yenilməz ordusu var. Bu yenilməz ordunu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev formalaşdırıb. Müasir Azərbaycan Ordusu müstəqilliyimizin polad sipəri, xalqımızın yenilməz dayağıdır. Ulu Öndər deyirdi: "Azərbaycan dövlətinin əsas sütunu onun Silahlı Qüvvələridir. Ona daxil olan bütün hərbi strukturlardır. Bunların içərisində birinci yerdə Milli Ordumuzdur. Azərbaycanın dövlət müstəqilliyinin ən dəyərli nəticələrindən biri Milli Ordumuzun yaranması, təşkil olunması, onun müasir tələblərə uyğun hazırlanmasıdır. Hər hansı bir dövlət öz dövlətçiliyini qüdrətli etmək istəyirsə, onun güclü ordusu olmalıdır. Biz bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, tarixi baxımdan çox qısa bir zamanda Azərbaycanda güclü Milli Ordu yarandı".
Bu gün ordumuzun şəxsi heyətinin qarşısında dövlətimizin ərazi bütövlüyünün, təhlükəsizliyinin təminatçısı kimi mühüm vəzifə dayanır. Bu vəzifəni vaxtında və qüsursuz yerinə yetirmək üçün hərbi qulluqçulardan yüksək vətənpərvərlik və dövlətçilik ruhu, mənəvi-psixoloji hazırlıq, döyüş hazırlığı, ciddi intizam kimi ali keyfiyyətlər  tələb olunur. İstər müstəqilliyimizin qorunmasında, istərsə də dövlətçiliyimizin möhkəmləndirilməsində Azərbaycan Ordusunun uğurları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik və sərkərdəlik qüdrəti ilə bağlıdır.
1993-cü ilin noyabrında Ulu Öndərin Prezident və Ali Baş Komandan kimi xalqa müraciətindən sonra ordu quruculuğunda mühüm dönüş yarandı. Əslində, həmin müraciət Azərbaycan Ordusunun yenidən təşkilinin yeni prinsiplərini müəyyən etmişdi. Həmin vaxtlarda düşmən güclü texnika ilə irimiqyaslı hücuma keçmişdi. Azərbaycan xalqının Ümummilli Liderinin çağırışı xalqı ayağa qaldırdı. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!", "Ordu və xalq yekdildir!" şüarları sözdən əsl həqiqətə çevrildi. Düşmən Azərbaycan Ordusunun gücünü gördü. O dönəmdə Azərbaycan Ordusu düşmənə ağır zərbələr endirərək onu hərbi əməliyyatları dayandırıb danışıqlar masasına oturmağa məcbur etdi.
Azərbaycan Ordusunda hərbi vətənpərvərlik tərbiyəsi işinin ardıcıl, dönmədən və məqsədəuyğun şəkildə həyata keçirilməsini təmin edən konsepsiya layihəsində respublikamızın suverenliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi, dövlətə və dövlətçiliyə, Prezidentə sədaqət, Vətənə və torpağa yüksək məhəbbət, düşmənə nifrət hissinin gücləndirilməsi, hərbi və tarixi ənənələrə sadiqlik, onların öyrənilməsinə güclü maraq və s. kimi prinsiplər böyük əhəmiyyət kəsb edir. Ulu Öndər müstəqilliyi qoruyub inkişaf etdirmək kimi tarixi missiyanı həyata keçirən Azərbaycan Ordusunun möhkəmləndirilməsini və onun cəmiyyətin daim diqqət mərkəzində saxlanmasını xüsusi qeyd edirdi: "Ordu mövzusu, ordumuzun yaranması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik".
Ulu Öndər,  tariximizi, Ana dilimizi, milli dəyərlərimizi, müqəddəs İslam dinimizi, milli adət və ənənələrimizi qoruyub saxlamağı, onları mənəvi əsasa çevirməyi tövsiyə edirdi: "Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur, vətənpərvərlik".
Çağdaş Azərbaycanımızın inkişafı naminə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəaliyyəti, zəngin siyasi irsi tarixin hər dönəmində dərindən öyrənilməlidir. Dahi rəhbərin əbədiyyət qazanan ömrü Azərbaycan xalqının parlaq gələcəyinə nur saçan sönməyən Günəşdir. Onun ürəyi xalqımızın yolunda məşəltək yandı.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordumuzun daha güclü, qüdrətli olması üçün ardıcıl, səmərəli iş aparır. Bu gərgin zəhmətin bəhrəsi göz qabağındadır. Ataların yolu oğulların yoludur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev ona olan bütün ümidləri layiqincə doğruldur və Ulu Öndər Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. 20 ildir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail olub, qüdrətli ölkəyə, Cənubi Qafqazın lider dövləti olaraq, regionda sülhün, sabitliyin təminatçısına çevrilib. Dövlətimizin başçısı çıxışlarının birində fəxrlə bildirirdi: "Mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum".
Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın düşmən işğalında qalmış torpaqlarımızı azad etdi. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin olundu. Ata vəsiyyətini yerinə yetirən dövlətimizin rəhbəri cənab İlham Əliyev 8 Noyabr - Zəfər Günündə Xankəndi şəhərində keçirilən tarixi Zəfər Paradı ilə özünü dünyaya Müzəffər Ali Baş Komandan və Qalib Sərkərdə kimi təqdim etdi.

"Azərbaycan Ordusu"