Müharibə torpağa görə başlayan işğal niyyətidi, başqa dövlətin əraziləri hesabına öz ərazilərini genişləndirmək istəyidi.
Ötən əsrin əvvəllərində yaşanılmış erməni-müsəlman davası da Ermənistanın Azərbaycandan ərazi qoparmaq istəyinə görə başlamışdı. Ermənilik xisləti neçə-neçə faciə törətmişdi. Törədilən qırğınların neçəsi tarixdən gizlədilmişdi (2007-ci ildə Qubada, Qudyalçayın sağ sahilində aşkarlanan kütləvi məzarlıq, 2022-ci ildə Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıq), illər sonra üzə çıxmışdı...
Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində muxtar vilayət yaradılması da erməniliyin siyasi təhrikinin (və müəyyən vasitələrlə təzyiqinin) nəticəsi oldu. Statistika təsdiqləyir ki, Qarabağda (ermənilər yaşayan ərazilərdə!) iqtisadi vəziyyət sabiq SSRİ-də ən yüksək səviyyədə olub. Mərkəzin göstərişi, bəlkə də tələbi ilə!..
Erməniliyin gizlin niyyətləri Zori Balayanın "Ocaq" kitabı ilə, Silva Kaputikyanın çıxışları ilə, Abel Aqambekyanın müsahibəsi ilə ictimailəşmişdi. Xankəndidə mitinqlər başlayanda siyasi şüarların (ekstremist zəmində çağırışların) səslənməsinə görə Mərkəzin göstərişi ilə ciddi tədbirlər görülmədi. Ermənistan Topxananın ağaclarını qırıb Kanaker alüminium zavodunun fəhlələri üçün pansionat tikmək istəyəndə də Mərkəz özünü görməzliyə vurdu. Azərbaycanda etirazlar milli-azadlıq hərəkatına çevrildi (1920-ci ildən 1988-ci ilə kimi gizlin dərnəklər formatında yaşadılırdı). Mərkəz etiraz, hədə-qorxu tonunda onda dilləndi. Bu hərəkat həm azadlıq nəhri idi, həm də erməniliyə qarşı yönəldilmişdi. Ermənistanın Azərbaycandan ərazi iddiasının gizlin tərəfdarı olan Mərkəz Ermənistan Azərbaycana qarşı elan etmədən ədalətsiz müharibəyə başlayanda da İttifaq öhdəliklərini yerinə yetirmədi, Ermənistanın siyasi və hərbi yardımçısı oldu. Bu müharibə Birinci Qarabağ müharibəsi idi...
Ermənistan Azərbaycanın sərhəd kəndlərinə həmlələr, hücumlar edirdi, bu həmlələri, hücumları yerli müdafiə batalyonları, camaatın əli silah tutanları və polis işçiləri dəf edirdi. Mərkəz susurdu...
Ermənistanın silahlı qüvvələri Bağanıs-Ayrımda (Qazax, 1990), Malıbəylidə, Quşçularda (Ağdam, 1992), Ağdaban (Kəlbəcər, 1992), Ballıqaya (Goranboy, 1992), Meşəlidə (Ağdam, 1992), Qaradağlıda (Xocavənd, 1992), Başlıbeldə (Kəlbəcər, 1993) faciə törətdi. Qarakənd kəndi üzərində sərnişinləri dövlət məmurları, jurnalistlər, xarici ölkənin nazir müavini olan Azərbaycana məxsus helikopteri vurdu. Mərkəz susdu...
Müharibə genişlənirdi, Mərkəz daha insafsızcasına susurdu...
Müharibə genişlənirdi. Ermənistan havadarlarının siyasi və hərbi dəstəyindən bəhrələnməklə Azərbaycanın sərhəd rayonlarında hərbi vəziyyəti son dərəcədə gərginləşdirmişdi...
Aprelin 1-də Kəlbəcər işğal olundu. Bu işğal döyüşlər gedən rayonların əhalisinin, döyüşənlərin döyüş əzminə pərsəng ola bilməsə də, sızıltıya, giziltiyə döndü, tətik sıxan barmaqları üyüşdürə bilməsə də, yolları üyüşdürmüşdü...
Mayın 8-də Şuşa inanılmazcasına işğal olundu. Bu işğal döyüş şəraitində gərginliyi daha da artırdı, Azərbaycan Ordusu Xocalını, Kəlbəcəri, Şuşanı işğaldan azad etmək üçün döyüşürdü, Ermənistan ordusu - yeni ərazilər işğal etmək üçün.
Ehtiyatda olan polkovnik-leytenant Bəhram Ləzumov ağrılarla, acılarla, ovunmaz qəhərlə xatırlayır ki, Vəngi almışdıq, möhkəmlənə bilməmişdik, geri çəkilmişdik, qüvvələrimizi bərpa edib səhər hücuma keçəcəkdik. Geri çəkilmək əmri verildi. Müharibənin o vaxtında bizim istəyimiz, bizim timsalımızda ordumuzun istəyi düyün düşdü. Bu düyünü 30 ildən sonra Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun özü açdı...
Müharibədə hər şəhidlik bir ucalıqdı, hər şəhidlik təkrarsız qəhrəmanlıqdı. Onları birləşdirən, ümumiləşdirən Vətən sevgisidi. O ucalıqlar Vətən sevgisinin işığından o qədər doğmalıqla görünür ki!..
Müharibədə şəhidliyin Etibar zirvəsi də var:
Etibar İsmayılov kəşfiyyatçılarla birlikdə idi. Ağcabədi yerli müdafiə taborunun tərkibində döyüşürdü. Naxçıvanik, Şelli kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdi...
1994-cü il yanvarın 4-də Xocavənd yaxınlığında düşmənin arxasına keçməli, əməliyyatdan əvvəl gərəkli kəşfiyyat məlumatları gətirməliydi. Düşmənin postlarına yaxınlaşmışdılar. Bir qədər də irəliləyib müşahidələr aparacaqdılar. Bu an düşmənlərlə üzləşdilər. Atışdılar. Bu atışma da kəşfiyyat məlumatı olacaqdı. Atışa-atışa hiss etdilər ki, mühasirəyə düşüblər. Onlara tərəf bir tank yaxınlaşıb. Etibar bir anlığa döyüşçü yoldaşlarına baxıb, sonra tanka, sonra göy üzünə. Və tank əleyhinə qumbara götürüb, yoldaşlarına döyüşə-döyüşə geri çəkilməyi tapşırıb, özü tanka tərəf gedib.
Qumbara ilə tankın altına atılıb. Tank alışıb...
Müharibədə şəhidliyin Mübariz zirvəsi də var:
Mübariz İbrahimovun 22 yaşı vardı. Yoldaşlarına "Mən yolumu seçmişəm" deyirdi. Onun seçdiyi (və keçdiyi!) yol min illərin o üzündən boy göstərən tariximizin yolu idi, tarixi yol idi, azərbaycançılıq yolu idi, qəhrəmanlıq yolu idi. Tərtərin Çaylı kəndi yaxınlığında döyüş növbəsindən gecə, təkcə düşmənin mövqeyinə getdi. Düşmənlə tək döyüşəcəkdi. Bu qeyrət döyüşü heyrət döyüşü oldu; Mübariz düşmənin mövqeyində düşmənlə Vətənin adından döyüşdü. O gecə Mübariz Ağakərim oğlu düşmənə qətliam ağrıları yaşatdı. Şəhid oldu Mübariz. Ermənilər bu qətliamın acılarına görə üç günlük matəm elan etdi...
Müharibədə şəhidliyin Çingiz zirvəsi də var:
Tovuzda xidmət edirdi. Döyüş növbətçiliyində hiss etdi ki, onların mövqeyinə tərəf beş-altı düşmən əsgəri yaxınlaşır. Kəsə yolla onların qarşısına getdi. Nazik sulu xırda dərəni keçdi. Ağaclıqların arasından çıxan erməni əsgərlərini gördü. Barmağı avtomatın tətiyini isindirdi. Dörd erməni əsgəri öldü. Çingiz də yaralandı. Bir anlığa nəfəs dərdi. Qarşıda dizi üstə dayanmış düşməni nişan aldı...
Müharibədə şəhidliyin Kərəm zirvəsi də var:
Xocavənd istiqamətində döyüşürdülər. Döyüşə-döyüşə düşməni sıxışdırırdılar. Düşmən döyüşə-döyüşə geri çəkilirdi. Yaralanan yarasına əhəmiyyət vermirdi - döyüşürdü. Döyüş döyüşçülərimizə mövqe qələbəsi vəd edirdi. Döyüşçülərin Qara Kərəm adlandırdığı əsgər Kərəm Qurbanov da, Dadaş Kərəm adlandırdığı Kərəm Həsənov da sağ cinahda döyüşürdülər. Döyüşə-döyüşə gözaltı bir-birinə baxırdılar...
Qələbə üçün döyüşürdülər. Döyüş bitincə dünən qolundan yaralanmış dostlarının yanına can atacaqdılar, üç döyüşçünün nəfəsi bir-birinin bürüncəyi olacaqdı.
Qara Kərəmin ürək nahiyyəsinə güllə dəyəndə onun yıxıldığını Dadaş Kərəm görübmüş. Özünü ona yetirdi, qanını dayandıra bilmirdi. Qara Kərəmin rəngi avazıyırdı. Qarşıdan bir düşmənin azca dikəlməsi Dadaş Kərəmin diqqətini çəkdi. Sonra biri də göründü, sonra biri də. Görünənlər onlara sarı irəliləyirdilər. Dadaş Kərəmin barmağı avtomatın tətiyini sıxdı. Düşmənlərin ikisi yerə sərildi, yerini dəyişmək istəyəndə sinəsinə güllə dəydi. Sinəsi döyüşçü dostunun sinəsinə əyildi...
Şuşanın yaxınlığındaydılar.
Müharibədə şəhidliyin naməlum döyüşçü zirvəsi də var:
Dağın hər çıxıntısı döyüşçülərin nərdivanına dönürdü. Daşların sərtini kəməndə döndərib çıxırdılar. Yaralıları da özləriylə aparırdılar, şəhidləri də. Az qalmışdı, bir azdan dağa çıxacaq, Şuşanı görəcəkdilər. Görüncə hamısının dizləri torpağa əyiləcəkdi...
Qəflətən köksünə güllə dəyən döyüşçü dağa çıxan, bir əli dağın sonuncu daşından yapışan döyüşçülərə baxdı. Son nəfəsində qanıyla daşa "Qarabağ bizimdir..." yazdı. Dönüb qoltuğundan yapışan döyüşçüyə nəsə demək istədi, nəfəsi çatmadı...
Şəhidlərimizin sayı qədər şəhidlik zirvəsi var:
İmanla Bəhram da döyüşürdü. İki qardaş həm də döyüşçü yoldaşlarıydı.
İmanın 22 yaşı vardı, Bəhramın 20. Lerikdə anadan olmuşdular, Binə qəsəbəsində orta təhsil, Rusiyada ali təhsil aldıqdan sonra hərbi xidmətə getmək üçün Azərbaycana qayıtmışdılar. İyulun 29-da hərbi xidmətə getmişdilər. Qardaşlar eyni hərbi hissədə xidmət edirdilər. Bir-birinə həyan ola-ola Vətənə həyan olurdular.
İkinci Qarabağ müharibəsi başlayanda onların xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb olundu - Füzuli istiqamətində döyüşürdülər. Qaraxanbəyli, Qərvənd, Aşağı Əbdürrəhmanlı kəndləri, Füzuli şəhəri uğrunda gedən döyüşlərdə iştirak etmişdilər - Qələbə üçün döyüşürdülər, Vətən üçün döyüşürdülər...
Döyüş əmrini yerinə yetirməklə bir-birini gözdən qoymamağa çalışırdılar...
Noyabrın 2-də İman ağır yaralandı. Son nəfəsində yarasını sarıyan döyüşçüyə, "Bəhram bilməsin..." dedi. Nə İman, nə də onun yarasını sarıyan döyüşçü bilmədi ki, Bəhram bir az əvvəl şəhid olub...
Şəhidliyin əkiz qardaşlar zirvəsi də var:
Nazirlə Tacir Ağdamın Çullu kəndindən idilər. 2001-ci il aprelin 20-də anadan olmuşdular. Eyni gündə məktəbə getmişdilər, eyni sinifdə oxumuşdular, eyni gündə hərbi xidmətə çağırılmışdılar, eyni hərbi hissədə xidmət edirdilər. Üç gündən sonra tərxis ediləcəkdilər. Onlar da, onların xidmət yoldaşları da bu üç günə görə şükranlıqla göy üzünə baxmışdılar. "Əsgər idik, döyüşçü oluruq!" sevincini bir-birinin köksünə sığınıb yaşamışdılar...
Eyni gündə döyüşlərin ilk mərmilərini atdılar. Xocavənd, sonra Füzuli uğrunda döyüşlərdə iştirak etdilər. Oktyabrın 24-də Füzulidə yaxınlıqlarına top mərmisi düşdü...
Nazirlə Tacirin son nəfəsləri də əkiz oldu...
Müharibə başlayanda məmləkət boyunca yollarda ruhlar necə kəlmələşərsə, baxışlar da eləcə kəlmələşirdi:
- Yolçu, yolun hayanadı?
- Döyüşüm səsləyən yerə.
- Döyüşün hara səsləyir?
- Ruhumuzun işığında
Nəfəsimiz deyən yerə!
Vətən müharibəsi bitincə nəfəsimiz deyən yerdə də Zəfər bayrağı dalğalandı. Gözəlim bayrağımızı, qürurumuz bayrağımızı Azərbaycan əsgəri dalğalandırdı...
Azərbaycan Ordusu müharibəni tarixi Zəfərlə sonlandırdı!..
Türk şairi Tofiq Fikrətin "Millət şərqisi"ni xatırlayıram. Yüz ildi vətənsevərlərin mübarizə şeiridi, mübarizənin sabahlarına inamın şeiridi. Torpaqlarını işğaldan azad edən millətə sevgini ifadə edən şeirdi - bizim də şərqimizdi:
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol!..
Müharibədən sonra necə də gözəl səslənir!..
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"