Goranboy şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda rayon İcra Hakimiyyətinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, "N" hərbi hissəsinin birgə təşkilatçılığı ilə "Zəfərə aparan yol" adlı hərbi vətənpərvərlik tədbiri keçirildi. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, şəhid ailələri, müharibə iştirakçıları, "N" hərbi hissəsinin əsgər və zabitləri iştirak etdilər.
Böyük tarixi şəxsiyyət, müasir Azərbaycan dövlətinin və ordusunun qurucusu Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda döyüşlərdə şəhid olanların xatirəsi böyük ehtiramla yad olundu.
Layihənin müəllifi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin bölmə rəisi Sevda Zülfüqarlı layihə haqqında məlumat verərək bildirdi ki, son illər Müdafiə Nazirliyinin və dövlət təşkilatlarının birgə təşəbbüsü ilə mədəni-kütləvi tədbirlərin keçirilməsi ənənə halını alıb. Müstəqil Azərbaycan dövlətinin gələcək qurucularının əsil vətənpərvəlik ruhunda formalaşdırılması üçün təşkil olunan tədbirlərdə gənclər böyük həvəslə iştirak edirlər. Ordumuzun şəxsi heyətinin əsasını da gənclər təşkil edirlər. Tariximizə qızıl hərflərlə yazılan 8 Noyabr - Zəfər Günü xalqımızın, dövlətimizin, Müzəffər Ali Baş Komandanın bir yumruq kimi birləşməsinin bəhrəsi oldu. Müzəffər Ali Baş Komandan xalqın böyük dəstəyi ilə dövlət rəhbəri seçiləndə qətiyyətlə bildirmişdi: "İşğal altında olan torpaqlarımızı düşmənlərdən azad edəcəyik və ərazilərimizdə ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik". Belə də oldu, ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev qeyd etdi ki, Novruz bayramı öz tarixi qiymətini Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aldı. Uzun illərdir ki, Novruz bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.
Ulu Öndər tərəfindən həyata keçirilən inkişaf strategiyası ölkəmizdə bütün sahələri əhatə etmişdi. Əldə etdiyimiz tarixi uğurların əsası Azərbaycan xalqının Ümummilli Lideri tərəfindən qoyulub. Ulu Öndərin başladığı böyük quruculuq yolu xalqımız, dövlətimiz və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tarixi qələbənin qazanılmasında da Heydər Əliyev ideyalarına sadiqlik əsas oldu.
Ordumuzun döyüş qabiliyyətinin təkmilləşdirilməsinə, müasir tələblər səviyyəsində təminatına, elmi əsaslarla inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
Tədbir çərçivəsində müxtəlif idman yarışlarında iştirak etmiş gənclər öz məharətlərini göstərdilər. Məktəblilər və gənclər hərbçilərlə birlikdə keçirilən kross yarışında da böyük həvəslə iştirak etdilər. Bu birgə yürüş Novruz bayramının adət və ənənələrini yaşadan kəndirbazların oyunları ilə tamamlandı.
Novruz bayramının ümumdünya irs siyahısına salınmasını qeyd edən mədəniyyət işçisi tarixi adət və ənənələrimiz haqqında da ətraflı məlumat verdi. Milli mətbəximizi əks etdirən nümunələr də xoş təəsürat yaratdı.
Tədbir iştirakçılarına mərkəz tərəfindən həyata keçirilən "Əsgərə məktub" layihəsi haqqında da məlumat verildi. Layihə çərçivəsində müxtəlif bölgələrdə xidmət edən əsgərlərə bayram ovqatlı məktublar ünvanlandı. Təqdim olunan məktublar onlara könül xoşluğu bəxş etdi. Yarışlarda fərqlənən gənclərə, əsgərlərə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olundu.
İncəsənət ustalarının konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Mübariz MUSAYEV "Azərbaycan Ordusu"