Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2024 12:46

Vətənpərvərlik döyüş ruhudur...

Hərb sənəti bütün dövrlərdə şərəfli, digər peşələrdən üstün sayılıb. Bu sənət sahibləri müqəddəs Vətən torpaqlarını müdafiə edərək düşmənlərdən qoruyurlar. Min illərdi bu meyarlar davam edir. Böyük tarixi şəxsiyyət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də Vətən müdafiəçilərinə yüksək qiymət verirdi: "Bu peşəni seçənlərə xalqımız həmişə minnətdar olacaq". Böyük tarixi şəxsiyyət azərbaycanlı gənclərin Vətənə və xalqa daha çox gərəkli olan hərb sənətinə yiyələnmələri üçün yüksək mühüm işlər görmüşdü. Hələ sovet dönəmində gənclərin başqa respublikaların hərbi məktəblərində təhsil almaları məsələsi də diqqətdən kənar qalmamışdı. Dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra Ulu Öndər ölkəmizdə hərbi təhsilin də əsasını formalaşdırmışdı.
Ulu Öndərin böyük diqqət və qayğısı gənclərdə hərbi peşələrə maraq hissini artırmışdı. Onlar peşə seçərkən hərbi sahəyə üstünlük verirdilər.
Nicat Abdulhüseynov zabit olmağı yeniyetməlik çağlarından qərara alıb. Qəhrəmanlar, sərkərdələr haqqında müxtəlif kitablar oxuyub, sənədli filmlərə baxıb.
Nicat Abdulhüseynov qədim Şamaxının Bağırlı kəndindəndir. 1991-ci ildə onun da yaxınları, doğmaları Vətən uğrunda döyüşlərdə iştirak ediblər. Bu da Nicatda hərbi sahəyə maraq yaradıb. Nicat Bağırlı kəndinin şəhidi Faiq Şıxəliyevin adını daşıyan orta məktəbdə təhsil alıb, əlaçı şagirdlərdən olub. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olunub. Təcrübəli zabitlərdən kursant kimi hərb sənətini öyrənib. Söhbətimiz zamanı Nicat, "Həyatımın ən unudulmaz, yaddaqalan günü "leytenant" hərbi rütbəsi aldığım gündür", - dedi. Nicat o vaxt ön xətdə yerləşən "N" hərbi hissəsində zabit kimi xidmətə başlayıb. Şəxsi heyətin döyüş, mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi üçün bilik və bacarığını əsirgəməyib. Çox keçməyib ki, komandiri olduğu taqımın əsgərləri döyüş hazırlığı üzrə təlim və məşqlərdə ön sıralarda olub. Komandanlıq gənc zabiti fəxri fərmanlara, qiymətli hədiyyələrə layiq görüb.
Gənc zabit mütəmadi olaraq şəxsi heyətlə Vətən uğrunda canından, qanından keçən qəhrəmanlar haqqında söhbətlər aparır, hər bir əsgəri onların layiqli davamçısı olmağa ruhlandırırdı. Məram, məqsəd heç vaxt dəyişmir. Necə olursa-olsun, Vətənin ərazi bütövlüyünü, suverenliyini təmin etmək əsgərlərin həmişə müqəddəs vəzifəsi sayılıb. Nicat Abdulhüseynov həmişə xidmətini bu istəklə davam etdirib. Ayrı-ayrı hərbi hissələrdə xidmət etsə də, ona göstərilən etimadı həmişə doğrultmaq üçün səylə çalışıb. Komandirlik etdiyi şəxsi heyət döyüş tapşırıqlarına müntəzəm əməl edib. Onu bölmə komandiri vəzifəsinə təyin ediblər. Düşmənlə təmas xəttində xidmət edən zabit şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi üçün daha çox səy göstərib.
Vətən müharibəsi başlayanda onun rəhbərlik etdiyi tabor Murovdağ istiqamətində döyüşlərə cəlb olunub. Tabor düşmənin xeyli sayda texnikasını, canlı qüvvəsini məhv edib, döyüş tapşırıqlarını yerinə yetirib. Sonra Cəbrayıl, Füzuli bölgələrində də döyüşlərdə fəal iştirak edib, torpaqlarımızın işğaldan azad edilməsində düşmən səngərlərini yararaq onlara sarsıdıcı zərbə vuranların sırasında olub. Göstərdiyi igidliyə görə Nicat Abdulhüseynov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Mayor Nicat Abdulhüseynovun xidmətini davam etdirdiyi "N" hərbi hissəsi lokal əməliyyat tədbirlərində də iştirak edib.

Mübariz MUSAYEV

"Azərbaycan Ordusu"