Vətən müdafiəçilərinin hərtərəfli mənalı istirahəti üçün alverişli şərait yaratmaq, onların psixoloji gərginliyini yüngülləşdirmək, hərbi xidmətdən azad vaxtlarda maraqlı mövzularda söhbətlər aparmaq, viktorinalar, sual-cavab axşamları, veteranlarla görüşlər keçirmək və şəxsi heyət arasında qarşılıqlı əlaqə yaratmaq məqsədilə hərbi hissələrin bölmələrində ideoloji otaqlar yaradılır. İdeoloji otaqların fəaliyyətinin təşkili üçün bölmələrdə ən fəallardan ibarət ideoloji otağın şura üzvləri seçilir. Onlar da hərbi qulluqçuları maraqlandıran tədbirlər keçirirlər. Beləliklə, "N" hərbi hissəsində olduğumuz zaman ideoloji otaqda əsgərlərimizin asudə vaxtlarının səmərəli təşkilinin gedişatı ilə yaxından tanış olduq. İdeoloji otağın şurasının sədri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şahin Hüseynovun nəzarəti ilə əsgərlər stolüstü oyunlar oynayır, bədii kitab, jurnal və "Azərbaycan Ordusu" qəzetini oxuyurdular.
Kiçik çavuş Ş.Hüseynov şəxsi heyətin asudə vaxtının, istirahət və bayram günlərinin məqsədyönlü təşkilinin əhəmiyyətindən danışdı. "Müəyyən olunmuş saatlarda asudə vaxtın təşkilinə cavabdeh şəxslər bölmənin hərbi qulluqçuları ilə birlikdə disputlar, viktorinalar keçirir, müxtəlif idman oyunları və başqa tədbirlər təşkil edirlər. Şənbə günləri əsgərlər yerli radio dinləyir, hərbi vətənpərvərliyi tərənnüm edən musiqilərə qulaq asırlar. Bayramqabağı günlərdə nahar yeməyinə qədər yerli musiqi səsləndirmək, konsert proqramı təşkil etmək, xidmətdə fərqlənən əsgərlərimizi musiqi ilə təbrik etmək, tematik axşamlar, viktorinalar, mədəni yürüşlər, idman yarışları keçirmək çox faydalıdır. Həmçinin nahardan sonrakı dəqiqələrdə asudə vaxtı daha maraqlı keçirmək lazımdır. Çünki bu müddətə qədər şəxsi heyət bir neçə tədbirdə iştirak etmişdir və onun diqqətini ancaq yeni bir maraqlı tədbirlə cəlb etmək olar. Ona görə də miqyaslı və musiqili anlar, veteranlar, artistlər, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlər, istirahət axşamları, bədii özfəaliyyət konsertləri, məşqlər və s. tədbirlər bu vaxt təşkil oluna bilər. Eyni zamanda, şəxsi heyətə məktub yazmaq, mütaliə etmək, şahmat, dama oynamaq imkanı verilməsini də nəzərə almaq lazımdır".
Əsgər Ceyhun Əhmədov bildirdi ki, hər zaman əsgər olmaq və rəşadətli Azərbaycan Ordusunda şərəflə xidmət etmək istəyirdi. "Məktəb illərində "Çağırışaqədərki hazırlıq" fənnini maraqla dinləyir və hərbi mövzuda verilişlərə baxaraq sıra addımlarına, hərbi salamlaşmalara, məruzələrə və hərbin digər sirlərinə artıq yiyələnmişdim. Gənc əsgər dövrümdə isə heç bir çətinlik çəkmədən bütün hərəkətləri edirdim. Hər zaman da çalışmışam ki, xidmətimlə digər əsgər yoldaşlarımdan seçilim. Buna isə komandirlərimizin köməkliyi ilə nail oldum. Onu da qeyd edim ki, biz Azərbaycan əsgəri olaraq bu formanı daşıyarkən dövlətimizin mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacağımıza, hər an Vətənimizin müdafiəsinə qalxmağa hazır olacağımıza dair and içmişik. Andımızı isə xidmətimizin deyil, ömrümüzün sonunadək tutacağıq".
Əsgər Vüsal Alışov xidmətdən söz açdı. Dedi ki, hərbi xidmət məni qorxmaz, mərd, cəsur döyüşçü kimi yetişdirib. "Peşəkar komandirlərimizin rəhbərliyi ilə keçirilən dərs, məşğələ və təlimlərlə güc, qüvvət, döyüş və atəş hazırlığımızı, ictimai-siyasi dərslərin sayəsində isə tarixi biliklərimizi artırırıq. Yuxarı komandanlığın bizə göstərdiyi diqqət və qayğı nəticəsində isə sosial-məişət şəraitimiz yüksək səviyyəyə çatdırılıb. Məhz buna görə də xidmətimizi uğurla davam etdirib qarşıya qoyulan istənilən tapşırıqların öhdəsindən gəlməyə qadirik. Bu gün mən də hər bir Azərbaycan gənci kimi fəxr edirəm ki, regionun ən güclüsü və qalib Azərbaycan Ordusunun əsgəriyəm. Bu qüruru yaşadığım üçün sevinirəm. Xidmətimi Azərbaycan əsgərinə layiq olan şəkildə başa vurduqdan sonra ailəmin yanına başıuca qayıdacağam".
Əsgər Bəxtiyar Həsənov asudə vaxtlarını səmərəli keçirtmək üçün hərbi hissədə yaradılan şəraitdən söz açdı. "Bizim üçün yaradılan şəraitdən çox razıyıq. Komandirlərimiz bizə həm hərbi biliklər öyrədir, həm də qayğı ilə yanaşırlar. Buna görə də hər birimiz üzərimizə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir, verilən bütün əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetiririk. Xidmətimizin sonuna kimi Vətənimiz Azərbaycana şərəflə xidmət edəcək, onun ərazi bütövlüyü uğrunda istənilən an canımızdan belə keçəcəyik".
- Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayan və cəmi 44 gün davam edən haqq savaşımızla rəşadətli Azərbaycan Ordusu güc və qüvvətini bütün dünyaya nümayiş etdirdi. Döyüşlər zamanı mənfur düşmənə göz açmağa imkan verməyən məğrur hərbçilərimiz isə vətənpərvərliyi və şücaəti ilə doğma torpaqlarımızı azad etdilər. Onların azad etdiyi bu torpaqları isə nəyin bahasına olursa-olsun, qorumaq hər birimizin həm övladlıq, həm də vətəndaşlıq borcumuzdur, - deyə əsgər Bəxtiyar Həsənov dedi.
Orxan HÜSEYNLİ, foto Namiq PƏNAHOVUNDUR "Azərbaycan Ordusu"