Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2023 13:16

Vətənə xidməti uca tutdu...

Vətən müharibəsi xalqla ordunun birliyini, möhtəşəmliyini, yenilməzliyini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qətiyyətlə bildirdi ki, "Biz bu qələbəmizi zabitlərimizin və əsgərlərimizin qəhrəmanlığı sayəsində əldə etmişik". Bu müdrik kəlam Azərbaycan Ordusunun yenilməzliyinə verilən yüksək qiymətdir.
Xalqımızın qəhrəmanlıq ənənələrini yaşadan, Vətən fədailərinin davamçısı olan əsgərlərin neçəsi Vətənin azadlığı, müstəqilliyi, suverenliyi uğrunda şəhidlik zirvəsinə ucaldı. Onlardan biri də Şəmkir rayonunun Qaralar kəndindən olan Vaqif Asəf oğlu Hüseynovdur. Onu bu ucalığa Vətənə hədsiz sevgisi yüksəltdi. 2000-ci ildə anadan olan Vaqif Hüseynov Birinci Qarabağ müharibəsi şəhidi Ayaz Bağırovun adını daşıyan orta məktəbdə təhsil alıb. İntizamlı, çalışqan şagirdlərdən olub. Məktəbdə keçirilən vətənpərvərlik tədbirlərində həmişə fəal iştirak edib. Müharibənin dəhşətlərini yeniyetməlik çağlarından duyub. Vətən torpaqlarında düşmənin törətdiyi təxribatları, düşmənə qarşı aparılan döyüş əməliyyatlarında şəhid olan oğulları heç vaxt unutmayıb. Vətən uğrunda döyüşən mərd oğulların davamçısı olmağı qərara alıb.
Ali təhsil almaq istəyinə qovuşmasa da, ruhdan düşməyib, "Hələ ki, vaxt var, müqəddəs Vətən borcunu yerinə yetirib, sonra ali təhsil alaram", - deyib.
2018-ci ilin yanvarında yaxınları, doğmaları onu hərbi xidmətə yola salıblar. Müsəlləh əsgər olacağına söz verib. İlk günlərdən nümunəvi əsgər kimi tanınıb. İctimai-siyasi hazırlıq dərslərində və təlimlərdə fəal iştirak edib. Xidmət müddətini başa vursa da, həmişə, Vətənin əmrində silahdaşları ilə birgə Vətən uğrunda döyüşlərə atılacağını bildirib.
2020-ci il sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin əks-hücum əmrindən az sonra qismən səfərbərlik elan edildi. Onda Vaqifin böyük qardaşı Qaçay da hərbi xidmətdə idi. Vətəndaşlıq borcunu fədakarlıqla yerinə yetirirdi. Vaqif yenidən Vətən çağırışına ilk səs verənlərdən oldu. Onlar təlim mərkəzinə göndərildilər. Qısamüddətli təlimdən sonra Murovdağ istiqamətində döyüşlərə cəlb olunan hərbi hissədə xidmət edirdilər. Döyüşçülərimiz cəsarətlə vuruşur, düşmənə sarsıdıcı zərbələr endirirdilər.
Vaqif Hüseynovun da daxil olduğu bölmə əlverişli mövqe tutaraq düşmən qüvvələrini sıradan çıxarırdı. Çox keçmədi ki, onları Füzuli bölgəsinə göndərdilər. Qaçay da həmin bölmənin tərkibindəydi. Qardaşlar düşmənə qarşı eyni istiqamətdə döyüşürdülər. Füzuli rayonunun kəndləri düşmən qüvvələrindən təmizlənirdi. Seyidəhmədli kəndini azad etmək üçün hücum əmri verilmişdi. Düşmən ordumuzun qüdrəti qarşısında duruş gətirə bilmirdi. Oktyabrın 26-da gərgin döyüşlərdə Vaqif Hüseynov şəhid oldu...
Vaqifin atası Asəf, anası Züleyxa oğullarını Vətənə, xalqa dəyərli bir övlad kimi böyütdüklərini bildirirdilər.
Atası Asəf kişi dedi:
- Bir məsəl var: "Oğul düşmən çəpəridir". Vətənə, torpağa hücum edirlərsə, oğulların borcudur ki, ana dediyimiz Vətəni yadellilərdən qorusunlar. Bu, müqəddəs borcumuzdu. Yüksək döyüş hazırlığı, peşəkarlıq, ilk növbədə, Vətənə, torpağa sevgi, əsgərlərimizin vətənpərvərliyi tarixi qələbənin əsası oldu. Qəhrəmanlar sırasında oğullarım - Qaçay da, Vaqif də Vətən borcunu şərəflə yerinə yetirdi. İndi Vaqif təkcə ailəsinin yox, Azərbaycan xalqının, Vətənin oğludur.
Anası Züleyxa xanım isə oğlunun qorxmazlığından, cəsarətindən danışdı:
- Vaqif cəsarətli, qorxmaz, qayğıkeş oğul idi. Onun yoxluğuna inana bilmirəm. Arzusu Türkiyədə təhsil almaq idi. Qəbul imtahanlarını vermişdi. Nəticəsi şəhidlik zirvəsinə ucaldıqdan sonra bilindi… Vətənə xidməti hər şeydən üstün tutdu...
Vaqif Asəf oğlu Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Təhsil aldığı məktəbin qarşısında xatirəsinə bulaq kompleksi tikilib. Hər gün şagirdlər, müəllimlər, kənd sakinləri onun xatirəsini hörmət və ehtiramla yad edirlər.

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"