Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2023 13:13

Azərbaycançılıq işığı heç zaman zəifləməyəcək!

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü tariximizin fərəhli bir hissəsidir. Azərbaycançılıqla bağlı olduğuna görə, Azərbaycan üçün qeyd olunduğuna görə, bütün azərbaycanlılar qeyd etdiyinə görə, böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə azərbaycançılığı təşkilatlandırdığına görə...
Azərbaycan Ordusu Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdi, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş neçə-neçə kəndə, qəsəbəyə, şəhərə qayıdış başladı. Bu il həmin ərazilərdə də 31 dekabr könül xoşluğu ilə qeyd olunacaq.
Vətən müdafiəçiləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik etdilər.
Gizir Elvin Məmmədov:
- Çətin və şərəfli peşə sahibi olduğum üçün qürurluyam. Tabeliyimdə olan şəxsi heyətlə Vətənimizin müdafiəsində qətiyyətlə dayanmışıq. Torpaqlarımızı göz bəbəyi kimi qoruyuruq. İşğaldan azad olunmuş ərazilərdə xidmət aparmağın qürurunu biz də yaşayırıq. Qalib və rəşadətli ordunun hərbi qulluqçuları olduğumuz üçün isə ikiqat qürurlanırıq. Artıq 2023-cü ili geridə qoyuruq. Bu il bizim üçün yaddaqalan illərdən oldu. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi, sentyabrda ordumuzun uğurlu əməliyyatlar keçirərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etməsi, Xankəndidə möhtəşəm hərbi paradımız.... cari ilin tarixi hadisələri kimi yaddaşlara həkk olundu. Arzu edirəm ki, qarşıdan gələn 2024-cü il də dövlətimiz və xalqımız üçün xeyirli, düşərli olsun. Bütün sahələrdə yeni-yeni uğurlar qazanacağımız il olsun. Başda Prezident, Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, Müdafiə Nazirliyinin rəhbərliyini, ordumuzun bütün şəxsi heyətini və xalqımızı qarşıdan gələn bayramlar münasibətilə səmimi-qəlbdən təbrik edirəm.  
Əsgər İlkin Hümbətov:
- Vətən müharibəsi başlayanda orta məktəbdə oxuyurdum. Digər həmyaşıdlarım kimi, mən də döyüşlərin gedişini televiziyadan xəbərlərdən izləyirdim. Mən də özümü döyüşənlərin sırasında hiss edirdim.
Ordumuz tarixi Zəfər qazandı. Bu sevinc Azərbaycanın sərhədlərini aşdı, dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar bu Zəfəri azərbaycançılığın qələbəsi adlandırırdı. Onda bir daha anladım ki, dünya azərbaycanlılarının hamısı Azərbaycanın mənəvi əsgərləridir.
Asudə vaxtlarımızda əsgər yoldaşlarımızla söhbətləşəndə deyirdik ki, birlik böyük gücdür. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər həm də birliyin, həmrəyliyin, Vətənə sevginin zəfəri idi.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə təsis edilib. Mən də bir Azərbaycan gənci kimi Ulu Öndərin bir çox kəlamını əzbər bilirəm. O kəlamlardan biri də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqındadır: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli-azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır".
Mən qürurlanıram ki, bu il bu gözəl bayramı hərbi xidmətdə qeyd edirəm. Bu ovqat yaddaşımda həmişə qalacaq.
Ordumuzun bütün hərbi qulluqçularını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, hamısına xidməti uğurlar arzulayıram...
Əsgər Rəvan Məmmədli:
- Orta məktəbdə tarix fənnini yaxşı oxuyurdum. 1918-ci ilin 28 mayına görə də qürurlanmışam, 1991-ci ilin 18 oktyabrına görə də. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdi. Buna görə də qürurlanmışam. Hər il dekabrın 31-də ürəyim qüruruma darlıq edir.
Vətəndən uzaqda yaşayanların hamısının ürəyində bir həsrət olur. Buna Vətən həsrəti deyirlər. Azərbaycandan uzaqda bu həsrəti yaşamayanlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mahiyyətini dərk edə bilməzlər. Bu həsrətə həmrəyliyin həsrəti deyə bilərik. Atam deyirdi ki, Dünya Azərbaycanlılarının I qurultayında gürcüstanlı nümayəndənin dediklərini heç zaman unutmayacam: “Biz yaxın qəriblikdəyik, bu qədər həsrətliyik, uzaqlarda yaşayanların həsrətini ifadə etməyə söz tapmaq mümkün deyil”. Onda Sibirdə yaşayan nümayəndə təsəlli əvəzi böyük şair Səməd Vurğunun misralarını xatırladıb: “Gözüm gözünüzdən uzaq olsa da, Könüldən-könülə yollar görünür”. Hər ikisi foyedə Azərbaycan Bayrağına yaxınlaşıb...
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı və silahdaşlarımı təbrik edirəm. Əmin olun ki, biz əsgərlər vəzifə borclarımızı bundan sonra da məsuliyyətlə yerinə yetirəcəyik!..
Əsgər Mirkazım Abışov:
- Birlik bir olmaq deməkdir, yəni, bu birliyə daxil olanların hamısının fikirləri ya üst-üstə düşür, ya da uyğun gəlir. Bu uyğunluq da eyni fikirdə olmaq deməkdir. Bu fikirlər xalqla, millətlə, dövlətlə, dövlətçiliklə bağlıdırsa, daha həssas olur.
Ermənistan Azərbaycandan ərazi iddiasına düşəndə, Topxanada alüminium zavodu tikmək istəyəndə, ərazilərimizdə təxribatlar törədəndə xalqın birliyi, bu birliyi ümumiləşdirən milli-azadlıq hərəkatı Mərkəzi narahat etdi, Bakıya sovet qoşunları yeridildi. Mübarizənin həmrəyliyi silahsız müdafiənin də həmrəyliyi oldu. Bu həmrəylik imperiyanın asılılıq zəncirlərini parçaladı. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Bu da birliyin, həmfikir olmağın, həmrəyliyin təntənəsi idi.
Biz tələbə olanda professorumuz demişdi: Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi böyük tarixi şəxsiyyət Heydər Əliyevin ən böyük xidmətlərindən biridir. Həmrəylik Gününün mahiyyəti hər bir azərbaycanlının Azərbaycan naminə vəzifələrini müəyyənləşdirir. Hərbçilərin vəzifəsi daha gərəklidir: Vətəni qorumaq. Mən də bu ordunun əsgəri olmağımla qürurlanıram, əsgər yoldaşlarım da qürurlanırlar. Hərbi xidmətdən sonra da Vətənin hər çağırışına hazırıq...
Öz adımdan, xidmət yoldaşlarımın adından Ali Baş Komandanı, xalqımızı və Azərbaycan Ordusunun bütün hərbi qulluqçularını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm...
Əsgər Fərid Cavadov:
- Məktəbimizdə keçirilən tədbirlərdə rayonumuzda yaşayan Birinci Qarabağ müharibəsi veteranları da iştirak edirdilər. Bütün tədbir iştirakçıları onların dediklərini maraqla, diqqətlə dinləyirdilər. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirdə veteranlardan biri dedi: Dövlətin istəyi xalqın istəyidi. Xalq müstəqil olmaq üçün mübarizə apardı, dövlət müstəqilliyini bərpa etdi. Dövlət bu müstəqilliyi qorumaq üçün ordusunu möhkəmləndirir. Ordu dövləti qoruyur. Bunların hamısı məqsəd eyniliyinin, amal eyniliyinin, fikir eyniliyinin təzahürüdür. Ulu Öndər bu eyniliyin də milli-mənəvi dəyər kimi qorunmasını arzulayırdı və bu arzu əbədiliyin yol yoldaşı olacaq bir təşəbbüsü gerçəkləşdirdi: Ulu Öndərin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsis edildi. Hər il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Biz veteranlar da bu günü azərbaycançılıq məfkurəsi bilənlərin sırasındayıq. Hərbi xidmətdən tərxis edilsək də, son nəfəsimizə kimi azərbaycançılığın əsgəri olacağıq...
Veteranın dedikləri bizim də düşüncələrimizə hopdu. Mən də, sinif yoldaşlarım da Vətənə əsgər olmağın mahiyyətini onda daha əhatəli dərk etdik: Harada olursansa ol, hansı sahədə işləyirsənsə işlə, özünü Vətənin əsgəri bilməlisən. Bilmirsənsə, Vətən sənə oğul deməyəcək...
Müəllimimiz deyirdi ki, eyni fikirlə, eyni amalla, eyni əqidə ilə yaşayanları Vətənə sevgi birləşdirir. Vətən sevgisi bu birliyin uvertürasıdır. Hərbi qulluqçular dünyəvi, bəşəri mahiyyətə malik olan bir qurumda birləşirlər. Bu qurum Ordudur. Hərbi qulluqçuların xidməti Vətənə sevgidir. Vətən müharibəsini tarixi Zəfərlə bu sevgi tamamladı. Torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz tam bərpa olundu. Mən belə bir ordunun əsgəri olmağımla qürurlanıram və bütün hərbi qulluqçuları, onların ailə üzvlərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm.
Əsgər Taleh Rzayev:
- Dislokasiya yeri işğaldan azad edilmiş ərazi olan hərbi hissədə xidmət edirəm. Mən də özümü yaşımın azlığına görə iştirak edə bilmədiyim Vətən müharibəsində qələbə qazanmış əsəgərlərin davamçısı hesab edirəm. Onlar tarixi Zəfər qazandı. Komandirimiz deyir ki, bu qələbə xalqın qələbəsi oldu, azərbaycançılığın qələbəsi oldu. Bu tarixi Zəfər təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif dövlətlərində də böyük coşqu ilə qarşılandı. Bütün azərbaycanlılar bu Zəfəri Azərbaycan dövlətinin qüdrəti bildi. Bu Zəfəri müqəddəs Zəfər bilənləri bir amal birləşdirir: Azərbaycançılıq...
2020-ci il dekabrın 31-ni qələbə ruhu ilə qarşıladıq. Həmin gün sinif yoldaşlarımla qonşuluqda yaşayan müharibə əlilinini təbrikə getdik. O, hospitaldan təzə qayıtmışdı. Onun təklifi ilə sabah şəhidlərin ziyarətinə getməyi vədələşdirdik. Veteran, "Şəhid oldular, ruhları bizimlə həmrəydi...", - dedi...
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü biz də böyük ruh yüksəkliyi ilə qeyd edəcəyik. Bayramlar işğaldan azad edilmiş bütün ərazilərimizdə qeyd olunacaq, Azərbaycanın hər yerində "Biz azərbaycanlıyıq!" coşqusu yaşanılacaq. Mən də Azərbaycan Ordusunun bütün hərbi qulluqçularını bu əziz gün münasibətilə səmimi-qəlbdən təbrik edirəm...
Əsgərlər Azər Mayılzadə, Mirraqif Hüseynov:
- İşğaldan azad olunmuş ərazilərdə torpaqlarımızın keşiyində dayanmaqdan biz də qürurluyuq. Azərbaycanlı olmaqdan biz də fərəhlənirik. Uca dağ zirvələrində, çətin relyefli ərazilərdə Vətənimizin inamlı müdafiəsini təşkil edirik. Bu şərəfli və müqəddəs vəzifənin öhdəsindən uğurla gəlib, Vətənə övladlıq borcunu layiqincə yerinə yetirmək tək amalımızdır. Bu amal uğrundan canlarından keçərək şəhid olan qardaşlarımızın əziz xatirəsini heç zaman unutmuruq. Onların əmanətlərini göz bəbəyimiz kimi qoruyuruq. Onların döyüş yolu, Vətən sevgiləri hər birimizə örnəkdir. Hər iki bayram münasibətilə şəhidlərimizin ailə üzvlərini, torpaqlarımızın azadlığı uğrunda sağlamlıqlarını itirən vətəndaşlarımızı və xalqımızı təbrik edirik. Fəxr edirik ki, azərbaycanlıyıq, qalib ordunun əsgərləriyik.

Hazırladı: Mahmud MÖHBALIYEV, Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"