2023-cü ilin 21 dekabr tarixi hər bir azərbaycanlı, o cümlədən, ölkə idmanı üçün qürur təqviminin bir parçası oldu. Belə ki, futbol üzrə "Qarabağ" və “MOİK” klubları arasında Azərbaycan kubokunun səkkizdəbir final qarşılaşması məhz 2 ay əvvəl üçrəngli bayrağımızın ucaldıldığı Xankəndi şəhərində keçirildi. Məlumat üçün qeyd edək ki, tarixi ərazilərimiz işğal olunmamışdan əvvəl o yerlərdə keçirilən son oyun Ağdamın "İmarət" stadionunda “Qarabağ” və “Turan Tovuz” komandaları arasında olmuşdu. Bunun nəticəsi idi ki, 30 ilə yaxın həsrətdən sonra tarixi, əzəli və əbədi torpaqlarımızdan Xankəndidə keçirilən futbol oyununa maraq çox böyük idi. Belə ki, iki ay ərzində görülən təxirəsalınmaz işlər nəticəsində yenidən qurulmuş və abadlaşdırılmış Xankəndi stadionu tarixi hadisəyə ev sahibliyi etməyə hazır idi. Təsadüfi deyildi ki, "Qarabağ" və "MOİK" futbolçuları arasında keçirilən qarşılaşmanı idarə edən hakimlər briqadasından baş hakim Əli Əliyev, dördüncü hakim funksiyasını yerinə yetirən Kamal Umudlu və yan xətt hakimi Taleh Məmmədov 44 günlük haqq savaşımızın iştirakçıları olmuşdular. 44 günlük haqq savaşı zamanı pozulmuş ədaləti döyüş meydanında bərpa edən əsgərlərimiz həmin gün idman meydanında ədaləti təmin etmək üçün orada idilər. Möhtəşəm tarixi oyunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak edirdilər. Komandaların futbolçuları İkinci Qarabağ müharibəsi zamanı canından keçmiş şəhidlərimizin övladlarının əllərindən tutaraq meydana daxil oldular. Tarixi oyunda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin açılış nitqini səsləndirməsi, topa rəmzi məna daşıyan ilk zərbəni vurması və oyunu şəhid övladları ilə birgə izləməsi hər bir azərbaycanlının xatirəsində daim yaşayacaq anlar idi.
Oyuna gəldikdə qarşılıqlı mübarizə və dostluq şəraitində keçən görüşdə favorit olan “Qarabağ” komandası uzatma dəqiqələrinin son saniyələrində vurduğu qolla dörddəbir mərhələyə vəsiqə qazandı. Təbii ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin də qeyd etdiyi kimi, oyunun nəticəsindən asılı olmayaraq qalib bəlli idi. Qalib Azərbaycan xalqı, Azərbaycan dövləti oldu! Önəmli olan “Qarabağ” və “MOİK” komandaları arasında keçirilən görüşün tarixi əhəmiyyət daşıması idi ki, bu oyunda iştirak edən hər kəs bu tarixin tərkib hissəsi olmaqdan qürur duyacaq.
İşğaldan azad edilmiş ərazilərdə təşkil olunan ilk futbol matçının iştirakçıları olan “MOİK”-in baş məşqçisi və futbolçularının fikirlərini və təəssüratlarını qələmə aldıq. Əvvəlcə baş məşqçi Qəzənfər Abbasovla həmsöhbət olduq. "Bu gün Azərbaycanın həm dövlətçilik, həm də idman tarixində ən mötəbər günlərdəndir. İşğaldan azad edilmiş ərazilərdə keçirilən futbol matçının iştirakçısı olmaq qürurvericidir. Öyrənəndə ki, “Qarabağ” komandası ilə Azərbaycan kubokunun səkkizdəbir mərhələsində oyunumuz Xankəndidə keçiriləcək, hər birimiz qürurlandıq, fərəhləndik. Tarixi yurd yerimiz, ata-babalarımızın bizə miras qoyduğu torpaqlara qayıtmaq hər bir azərbaycanlının çoxdankı arzusu idi. Dekabrın 21-də Xankəndi stadionunda keçirilən oyun bizim xalq olaraq öz doğma torpaqlarımıza qayıdışımızın simvolu oldu. Müzəffər Ali Baş Komandanımızın çıxışı hər birimizin qürurunu artırdı. Oyun boyunca azərkeşlərin dəstəyi pik səviyyədə idi. Baxmayaraq ki, komandamız “MOİK” növbəti mərhələyə keçə bilmədi, Xankəndidə meydana çıxıb doğma soydaşlarımızın qarşısında 90 dəqiqə mübarizə aparmaq qələbəyə bərabər bir hissdir. Futbolda hər şey mümkündür. Və qarşımızdakı rəqib də ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edən “Qarabağ” komandası idi. Oyunçular sona qədər inamla mübarizə apardılar. Qarşılıqlı dostluq və mübarizə şəraitində keçən qarşılaşmada artırma dəqiqələrində buraxdığımız qol, növbəti mərhələyə adlamağımıza mane oldu. Hər bir halda, “Qarabağ” komandasına qarşıdakı oyunlarda uğurlar arzu edirik. Beynəlxalq arenalarda çətin qarşılaşmalarda qələbələr diləyirik. Liqa və kubok oyunlarında bir-birimizlə mübarizə aparsaq da, Avropa turnirində çıxış edən hər bir komandamızın uğuru ölkəmizin uğurudur. Sonda qeyd edim ki, Xankəndidən xoş təəssüratlarla ayrıldıq. Azərkeşlərə oyun boyunca bizi dəstəklədikləri üçün minnətdarıq. Və onu da qeyd etmək yerinə düşərdi, hər birimiz uzun illər yaddaşlarda yaşayacaq 21 dekabrın Xankəndi şəhər stadionunda keçirilən oyun tarixinin bir parçası olmaqdan qürur duyuruq. Bu günləri bizlərə yaşadan hər kəsə minnətdarıq, canı və qanı ilə bugünkü firavanlığımızı təmin edən oğullarımıza bir ömür borcluyuq".
Komandanın kapitanı İsa Zeynallı bizimlə söhbəti əsnasında bildirdi ki, gərgin mübarizə şəraitində keçən qarşılaşmada növbəti mərhələyə yüksələ bilməsələr də, 30 ildən sonra əzəli və əbədi torpaqlarımızda 90 dəqiqə futbol oynamaq bizim üçün dünyanın aparıcı stadionlarında oynamaqdan daha qürurvericidir. "Məşqçilərimizin proqramına əsasən, bu oyuna ciddi hazırlaşırdıq. Hər zaman qələbə qazanmaq və yüksək nailiyyətlər əldə etmək üçün mübarizə aparmışıq. Səkkizdəbir mərhələdə qarşı-qarşıya gəldiyimiz “Qarabağ” komandası ölkənin son illərdə ən yüksək nəticələr göstərmiş komandasıdır. Ciddi hazırlığımızın nəticəsi idi ki, oyun minimal hesabla başa çatdı. Sonacan gərgin mübarizə getdi. İstərdik ki, növbəti mərhələyə çıxaq, amma futbol 90 dəqiqə ərzində aparılan komanda mübarizəsi oyunudur. Cənab Prezidentin də söylədiyi kimi, oyunun nəticələrindən asılı olmayaraq, qalib bəlli idi. Qalib hər birimiz idik. Işğaldan azad olunan tarixi Xankəndi şəhərinə gəlmək və buranın stadionunda doğma azərkeşlər önündə futbol oynamaq mənim üçün dünya səviyyəli stadionlarda oynamaqdan daha çox qürurludur. Çünki hər birimiz bu günü çoxdan gözləyirdik. Ümid edirəm ki, azərkeşlərimiz də oyundan razı qaldılar. İnanıram ki, gələcəkdə Xankəndi stadionunda daha böyükmiqyaslı oyunlar keçiriləcək və böyük qələbələr qazanılacaq".
Növbəti müsahibim oyun müddətində “Qarabağ” komandasının hücumlarının qarşısını uğurla dəf etmiş qapıçı Zeynal Əhmədzadə oldu. O dedi: "Hər birimiz qalib olmaq istəyi və əzmi ilə mübarizə apardıq. Məqsədimiz sonacan layiqli oyun sərgiləyib, azərkeşlərə xoş təəssüratlar aşılamaq idi. “Qarabağ” komandası uzun illərdir həm doğma meydanlarda, həm də ölkə hüdudlarından kənarda mübariz oyun sərgiləyir. Ümumi nəticə olaraq pis oynamadığımızı düşünürəm. Uzatma dəqiqələrində vurulan qol bizi növbəti mərhələdən kənarlaşdırdı. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr göstərib, daha böyük uğurlar əldə edəcəyimizə inanırıq. Doğma Xankəndi şəhər stadionunda Ali Baş Komandanımızın və həmvətənlərimizin önündə çıxış etmək mənim karyeramdakı ən unudulmaz və fərəh dolu anlar idi. İllər keçsə də, bu tarix daim yaşayacaq. Meydanda qələbə qazana bilməsək də, ümid edirik ki, azərkeşlərimiz oyunumuzdan razı qaldılar. Gələcəkdə bu meydanda daha böyükmiqyaslı oyunlarda qələbələr qazanacağımıza inanırıq. Və inanırıq ki, Xankəndi şəhər stadionu gələcəkdə daha böyük komandaları qəbul edəcək və gələn komandalar buradan xoş təəssüratlarla ayrılacaqlar".
Müdafiəçi Nicat Əsgərov bu günləri bizlərə yaşadan şəhidlərimizi anmaqla söhbətə başladı. "Bizlərə bu gün tarixi doğma torpaqlarımızda firavan həyat sürməmizə səbəbkar olanlara sonsuz minnətdarıq. Tarixi zəfəri öz qanı və canı ilə yazan şəhidlərimizin ruhları qarşısında baş əyirik. Azərbaycan əsgəri əsl qəhrəmanlıq simvolu olduğunu öz əməli ilə təsdiq etmiş oldu. Oyuna başlamazdan əvvəl Ali Baş Komandanımızın çıxışı hər birimizə bu günün mahiyyətini və önəmini dərk etdirdi. Həqiqətən də, millət olaraq tarixi günlərimizi yaşayırıq. Həmin gün minlərlə həmvətənimiz stadiondan oyunu izlədisə, mavi ekranlardan daha çox insan bu tarixi anların şahidi oldu. Həmin tarixi hadisənin iştirakçısı olmaq hər birimiz üçün böyük xoşbəxtlik idi. Bunun üçün də mən və komanda yoldaşlarım üzərimizdəki məsuliyyəti dərindən hiss edirdik. Təbii ki, bu oyunda qələbəyə köklənmişdik, lakin futbolda hər şey mümkündür. "Qarabağ" komandası son saniyələrdə vurduğu qolla növbəti mərhələyə yüksəldi. Onlara qarşıdakı oyunlarda uğurlar arzu edirəm. Bizi dəstəkləyən azərkeşlərə minnətdarıq. Sağ olsunlar ki, oyunun əvvəlindən sonuna qədər fəallıq nümayiş etdirdilər. Bu tarixin bir parçası olmaq mənim karyeramda ən böyük nailiyyətlərdəndir".
“MOİK” futbol klubunun yarımmüdafiəçisi Ramil Orucov işğaldan azad edilmiş tarixi torpaqlarımızda oynanan tarixi futbol matçının iştirakçısı olmanın verdiyi qürurdan danışdı. "Xankəndi şəhəri 30 ildən çox idi ki, doğma sakinlərini qəbul edə bilmirdi. Oktyabr ayında Müzəffər Ali Baş Komandanın üçrəngli bayrağımızı dalğalandırmasından iki ay vaxt keçdikdən sonra Xankəndi stadionunda tarixi futbol oyunumuz keçirildi. Tarixdə analoqu olmayan mötəbər hadisədir. Oyun başlamazdan əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bizimlə görüşməsi, xatirə fotosu çəkdirməsi və oyunun rəmzi sayılan meydanın mərkəzindən topu oyuna daxil etməsi tarixin səhifələrinə əbədi həkk olundu. Gələcək nəsil bizim bu tariximizlə qürur duyacaq. Ali Baş Komandanımızın, hərbi qulluqçularımızın və qədirbilən xalqımızın vəhdəti sayəsində silinməz tarix yazılıb. Futbol oyununa ölkəmizin hər yerindən qonaqlar gəlmişdilər. Qonaqların ən mötəbər olanları, təbii ki, cənab Ali Baş Komandan və onun əhatəsində olan şəhid övladları idilər. Dövlət başçımızın onlarla birlikdə oyunu izləməsi, şəkil çəkdirməsi onun xalqına və millətinə olan sevgisinin bariz nümunəsidir".
Sonuncu müsahibim hücumçu Sabir Allahquluyevdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq" deməsi hər bir azərbaycanlının qürurunu artıran sözlər olduğunu qeyd edən müsahibim bu tarixin onun və bütün xalqımızın qəlbində əbədi yaşayacağını bildirdi. "Vətənpərvərliyin və futbolsevərliyin mühüm məna kəsb etdiyi həmin tarixi gündə iştirak etdiyimiz üçün hər birimiz sevinirdik. Çünki Xankəndi stadionunda uzun illik fasilədən sonra, o yerlərin həqiqi sakinləri arasında keçirilən futbol qarşılaşmasında iştirak etmək hər kəsə nəsib olmur. Meydana şəhid övladları ilə birgə çıxdıq. Onların hər biri bu xalqın gələcəyidir. Onların hər biri bizə qəhrəmanlarımızın qoyub getdiyi əmanətdir. Tribunalarda oturanların dəstəyi, onların gurultulu alqışları bizlər üçün çox önəmli idi. Onların "Qarabağ Azərbaycandır!", "Yaşasın Azərbaycan!", "Eşq olsun Azərbaycan Ordusuna!" şüarları milyonlarla həmvətənimizin qəlbindəki sözlər idi. Sonda qalib gələn, Prezidentimizin də söylədiyi kimi, Azərbaycan dövləti və Azərbaycan xalqı oldu. Hər birimiz bu tarixlə qürur duyuruq və bundan sonra da qürur duyacağıq. Uzun illərdən sonra Xankəndi şəhər stadionunda yaşanan bayram əhval-ruhiyyəsini və sevinc duyğusunu digər tarixi torpaqlarımızda da tezliklə yaşayacağımıza inanırıq".
Xankəndi şəhər stadionunda baş tutan “Qarabağ” və “MOİK” komandaları arasındakı futbol oyunu dünyaya Azərbaycanın verdiyi mesaj idi. Doğma torpaqlarımızda qarşılaşan - biri bizi dünya arenalarında təmsil edən "Qarabağ", digəri Müdafiə Nazirliyini təmsil edən “MOİK” futbol komandamız bir-biriylə dostluq və yoldaşlıq ab-havasında keçirdiyi oyun dövlət tariximizin səhifələrinə qızıl hərflərlə həkk olundu. Bu tarix Ali Baş Komandan-ordu-xalq birliyi ilə yazılıb.
Fuad CƏFƏROV "Azərbaycan Ordusu"