Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2023 13:08

MİK-də cari ilin yekunlarına dair toplantı keçirildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Mərkəzi İdman Klubunda (MİK) 2023-cü ilin yekunlarına həsr olunan toplantı keçirildi.
Toplantıda Mərkəzi İdman Klubunun və Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən MİK-in rəisi polkovnik-leytenant Ramiq Orucov bildirdi ki, bu il Mərkəzi İdman Klubu üçün uğurlu il olmuşdur. "Bütövlükdə il ərzində klubda görülmüş işlərə yüksək qiymət vermək olar. Belə ki, ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilmiş, klubun gündəlik həyatında dinamik inkişaf təmin olunmuşdur. Bunu idmançılarımızın respublika və beynəlxalq səviyyəli yarışlarda əldə etdikləri nailiyyətlər təsdiqləyir. Bütövlükdə son illərdə dövlət rəhbərliyi və yuxarı komandanlıq tərəfindən klubumuza göstərilən qayğı və diqqət bu gün öz nəticələrini verməkdədir.
Təsadüfi deyildir ki, işğaldan azad olunmuş ərazilərdə uzun illər sonra keçirilən və Azərbaycanın futbol tarixinə qızıl hərflərlə qeyd olunan ilk futbol yarışı məhz klubumuzun adı ilə bağlıdır. Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsinin Xankəndidə keçirilən oyununda 8 dəfə Azərbaycan çempionu, 6 dəfə ölkə kubokunun sahibi olmuş "Qarabağ" komandasıyla qarşılaşan futbolçularımız minimal hesabla məğlub olmalarına baxmayaraq, sona qədər yüksək əzmkarlıq göstərərək, ordumuzu layiqincə təmsil etdilər. Xankəndi stadionunda keçirilən oyunu canlı izləyən Müzəffər Ali Baş Komandan oyundan əvvəl çıxışında deyib: "Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda "Qarabağ" və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması, təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir".
Dünya və Avropa çempionatlarında da idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişdilər. İdmançılar beynəlxalq yarışlarda 19 medal qazanmışdılar, onlardan 7-si qızıl medaldır. Beynəlxalq yarışlar arasında xüsusilə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən güləş üzrə dünya çempionatını qeyd etmək istərdim. Bildiyiniz kimi, çempionatda 2 qızıl, 3 gümüş medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza ataraq, komanda hesabında dünya çempionu olmuşdur. Sevindirici haldır ki, bu yarışda qazanılmış medallardan ikisi məhz Mərkəzi İdman Klubunun idmançılarının payına düşür. Belə ki, idman kompleksinin TİR (atıcı silahların) təlimatçısı kapitan Rafiq Radik oğlu Hüseynov qızıl, idman bölüyünün idmançısı Həsrət Valeh oğlu Cəfərov isə gümüş medal qazandılar.
Mən əldə edilmiş bütün uğurlar münasibətilə idmançıları, onların məşqçilərini bir daha təbrik etmək istəyirəm. Bir daha sizə yeni qələbələr, yeni uğurlar arzulayıram".
Sonra növbəti ildə planlaşdırılan yarış və idman tədbirlərində ölkəmizi layiqincə təmsil etmək üçün aidiyyəti üzrə müvafiq şəxslərə tapşırıqlar verilib.
Cari ilin yekununa əsasən hərbi intizamın möhkəmləndirilməsində, eləcə də idman sahəsində yüksək göstəricilərin əldə edilməsində fərqlənənlər təltif olundular.
Sonda xatirə şəkli çəkdirildi.

Orxan HÜSEYNLİ, foto Namiq PƏNAHOVUNDUR "Azərbaycan Ordusu"