Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qayğısı ilə daha da qüdrətlənən Azərbaycan Ordusunda peşəkarlıq, qətiyyət, vətənpərvərlik kimi üstün keyfiyyətləri özündə cəmləşdirən hərbi qulluqçular xidmət edirlər. Əlbəttə ki, qalib ordunun zabiti, giziri, çavuşu, əsgəri olmaq insana fəxarət hissi yaşadır. Tədris ilinin qış və yay tədris dövrlərində kurs, məşğələ və təlimlərdə, döyüş növbətçiliyində daha da peşəkarlaşan Azərbaycan hərbçisi regionda söz sahibi olan ölkədə xidmət etməyi şərəf işi hesab edir.
Hər keçən gün gücünə güc qatan Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi və geridə qoyduğumuz 2023-cü ildə həyata keçirdiyi əməliyyat tədbirləri ilə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi. Düşməni darmadağın edərək öz suveren ərazisində erməni separatizminə son qoyan Azərbaycan bir daha göstərdi ki, regionda əsl söz sahibidir və diktə edən tərəfdir. Azərbaycanın döyüş meydanında və siyasi arenada qazandığı zəfərlərə 2023-cü ildə yeniləri əlavə olundu və bütün dünya bir daha Azərbaycanın qüdrətinin şahidi oldu.
İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə keçirilən və Xankəndi stadionunda baş tutan futbol matçında Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanın qazandığı parlaq qələbədən danışaraq bildirdi ki, "İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın, Qarabağ! Yaşasın, şanlı Ordumuz! Qarabağ Azərbaycandır!"
Müzəffər Ali Baş Komandanın Xankəndi stadionunda "Qarabağ" və "MOİK" klublarının qarşılaşması zamanı səsləndirdiyi fikirlər həm də Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığına və fədakarlığına verilən ən yüksək dəyərdir. Çünki milli-mənəvi dəyərlərə və dövlətçiliyə sadiq vətənpərvər ruhda yetişən Azərbaycan hərbçisi 2023-cü ildə əməliyyat tədbirlərində elə bir peşəkarlıq və insanpərvərlik nümayiş etdirdi ki, uşaq qatili olan düşmənimiz utandı. Erməni separatizmini dəstəkləyən qüvvələr belə Azərbaycan Ordusunun peşəkarlığı və humanistliyi qarşısında aciz qaldılar. Keçirilən əməliyyat tədbirlərində bütün dünya gördü ki, uzun illər separatçıların girovuna çevrilmiş mülki ermənilərdən bir nəfərin də olsun burunu belə qanamadı. Bax, budur, Vətəninin və vətəndaşının azadlığı üçün döyüşən Azərbaycan hərbçisinin işğalçı Ermənistandan fərqi!
Dünyada və regionda baş verən proseslər fonunda Azərbaycan Ordusunun peşəkarlığının daha da artırılması, şəxsi heyətin hərtərəfli hazırlığının yüksəldilməsi və təminat məsələlərinin yüksək səviyyədə həlli dövlətimizin qüdrətindən, dövlət-xalq-ordu birliyinin möhkəm təməlindən xəbər verir. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, NATO və tərəfdaş ölkələrlə hərbi, hərbi-texniki, hərbi-təhsil, hərbi tibb sahəsində əməkdaşlığı daha da genişlənir. Ən əsası da terrorla mübarizə əməliyyatlarını yüksək peşəkarlıqla və qətiyyətlə aparan, müdafiə sənayesini hər keçən gün daha da inkişaf etdirən qardaş Türkiyə ilə müttəfiqlik Azərbaycanın hərbi gücünə güc qatır.
Əlbəttə ki, bu gün rəşadətli ordumuzun əsgərləri haqqında saatlarla danışsaq, yenə də azdır. Çünki qəhrəmanlığı ilə dastan yazan Azərbaycan hərbçisi Vətənimizin müdafiəsində cəsarətlə dayanır, döyüş növbətçiliyini uğurla təşkil edir və aparır.
Bir sözlə, Azərbaycan Respublikasının bütövləşdiyi 2023-cü ili şərəfli xidmətlə, ləyaqət və fəxarətlə başa vuran əsgərlərimiz 2024-cü ili də sevinc və qürurla qarşılayırlar. Azərbaycan zabitini, gizirini, çavuşunu və əsgərini hər bir vətəndaşımız ürəkdən təbrik edir. Bu soyuq, şaxtalı havalarda, çətin relyefli ərazilərdə, uca zirvələrdə xidmət edən Azərbaycan Ordusu mənsublarına isti-isti təbriklər çatdırmaq, əlbəttə ki, xalqımızın Vətən sevgisindən xəbər verir.
Yeni ildə də düşməni təşvişdə saxlayan əzmkarlığın, qətiyyətin, sayıqlığın və uğurların bol olsun, Azərbaycan əsgəri!
Nəriman NƏCƏFOV Naxçıvan Muxtar Respublikası